Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın açılışında iştirak edib
   
   “Bu evdə mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlər görüləcək”
   
   İyulun 22-də, Milli Mətbuat Günündə Azərbaycan jurnalistikası tarixində bir ilk yaşanıb. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncama əsasən jurnalistlər üçün inşa edilmiş yaşayış binasının açılışı keçirilib, yeni mənzillərin açarları sahiblərinə paylanıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
   
   Bu əlamətdar hadisə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş mətbuata dövlət qayğısının yüksək səviyyədə davam etdirildiyinin bariz göstəricisidir. Son illər Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında silsilə və kompleks tədbirlər həyata keçirilir. Üç il əvvəl ölkə başçısı tərəfindən mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamın imzalanması da bu tədbirlərin tərkib hissəsidir. Sərəncama əsasən, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrılıb və jurnalistlər üçün 156 mənzildən ibarət bina inşa olunub.
   Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısına məlumat verib ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17600 kvadratmetrdir. Binanın həyətində abadlıq işləri görülüb. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı var.
   Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edən dövlət başçısı bayram günündə jurnalistlər üçün tikilmiş evin istifadəyə verilməsini dünya praktikasında bir ilk olduğunu nəzərə çatdırıb: “Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir”.
   Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, binada mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar var: “Bu bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Azərbaycanda yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir. İnternet jurnalistikası çox sürətlə inkişaf edir. Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır”.
   
   Demokratik cəmiyyət quruculuğunda jurnalistikanın böyük rolu var
   
   Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın böyük rol oynadığını deyən Prezident, eyni zamanda, jurnalistlərin məsuliyyətinin müzakirə mövzusu olduğunu bildirib: “Xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Mən şadam ki, son illər ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər. Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da, partiya maraqları, korporativ maraqlar ön plana çıxır. Buna əlbəttə ki, yol vermək olmaz. Xüsusilə gənc müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü olmalıdır. Bu, sadəcə olaraq bir şüar, bir söz deyil, bu, zərurətdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu vardır”.
   Prezident daha sonra deyib: “Ölkənin strateji xətti - istər xarici siyasətlə, yaxud da ki, iqtisadi islahatlar ilə bağlı fikir ayrılığı demək olar ki, yoxdur. Belə olan halda əlbəttə ki, daxili problemlər daxildə müzakirə edilməlidir. Çünki müstəqilliyin əsas üstünlüyü məhz bundan ibarətdir. Çünki taleyimiz öz əlimizdədir, Azərbaycan xalqının əlindədir. Ona görə vətənpərvərlik mövzuları, hesab edirəm ki, bizim mətbuatda daha da geniş yer almalıdır. Müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verməliyik. Bu mövzu daim gündəlikdə olmalıdır. Biz müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır”.
   
   Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması
   
   Dövlət başçısı vurğulayıb ki, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməlidir. Daxildə bu problem kifayət qədər işıqlandırılır. Ancaq əsas məqsəd odur ki, biz bu mövzunu xarici mətbuata çıxaraq: “Biz bu mövzunu daha da geniş şəkildə işıqlandırmalıyıq. Dövlət öz dəstəyini verməyə hazırdır. Hesab edirəm ki, biz müxtəlif layihələr, qrantlar əsasında bu istiqamətdə öz fəaliyyətimizi daha da geniş şəkildə aparmalıyıq. Xocalı soyqırımı ilə bağlı olan məlumatların xarici mətbuata çatdırılması böyük əhəmiyyətə malikdir. Son bir neçə il ərzində bir neçə ölkə artıq Xocalı soyqırımını soyqırımı kimi tanıyıbdır. Nəyin hesabına?! Ona görə ki, həm dövlət, həm ictimai qurumlar, ümumiyyətlə, cəmiyyət bu mövzunu daim diqqətdə saxlayır və bu, dünyada reallıqları əks etdirir. Ona görə biz çalışmalıyıq ki, Azərbaycan reallıqlarını dolğun şəkildə xarici mətbuata çatdıraq. Bu gün bizim əlimizdə internet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik.
   Əlbəttə ki, ölkədə həllini gözləyən problemlər, çatışmayan məsələlər vardır. Biz bunu bilirik və jurnalistlər də bu problemlərin aşkarlanmasında hökumətə dəstək olurlar. Ancaq bununla bərabər, nailiyyətlər də kifayət qədər çoxdur. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan qısa müddət ərzində müstəqil dövlət kimi formalaşdı, gücləndi. Bu gün güclü potensiala malikdir, öz taleyini özü həll edir. Beynəlxalq aləmdə böyük nüfuza malikdir. İnkişaf etmiş ölkələrin meyarlarının bir çoxu artıq Azərbaycanda tətbiq edilibdir, xüsusilə iqtisadi sahədə. Yəni, deməyə sözümüz çoxdur. Sadəcə olaraq biz bu işləri daha çox əlaqəli şəkildə aparmalıyıq”.
   
   Dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik

   
   Prezident bildirib ki, ölkə daxilində müxtəlif baxışların, müxtəlif siyasi meyllərin olması təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır: “Ancaq biz dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik. Çünki müstəqillik, bir daha demək istəyirəm ki, ən böyük sərvətdir, ən böyük dəyərdir. Biz bundan sonra da müstəqilliyi qorumalıyıq. Bundan sonra da çalışmalıyıq ki, müstəqillik, dövlətçilik, azadlıq prinsipləri Azərbaycanda tam şəkildə təmin edilsin. Çünki bəzi hallarda biz görürük ki, hələ də qul psixologiyası ilə yaşayanlar vardır. Hələ də əfsuslar olsun ki, xaricdə özünə dayaq axtaranlar vardır. Yəni, bizim maraqlarımızı bizdən çox güdən ola bilərmi? Əlbəttə ki, yox. Ona görə hesab edirəm ki, bax biz gələcəkdə bu məsələlər ətrafında daha da ciddi fikirləşməliyik. Dövlət isə öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini əsirgəməyəcək, Azərbaycanda azad mətbuatın davam etməsinə öz səylərini göstərəcək”.
   Prezident qeyd edib ki, yeni binada 150-dən çox jurnalistlər mənzil alsa da, dövlət tərəfindən mükafata layiq olan jurnalist hələ də var: “Bunu nəzərə alaraq, yenə jurnalist ictimaiyyətindən təşəbbüs, yəni təklif irəli sürüldü ki, bu layihə davam etdirilsin. Mən də buna müsbət baxıram. Bu evdə mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlər görüləcəkdir. İstisna etmirəm ki, gələcəkdə bu yerə “Jurnalistlər şəhərciyi” deyəcəklər”.
   
   * * *
   Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin bölmə müdiri Bətul Ayvazlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək jurnalistlərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
   Sonra binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsən dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilib. Binada 84 ikiotaqlı, 68 üçotaqlı, 4 dördotaqlı mənzil var. Mənzillərin hamısı sürətli internet, fərdi isitmə sistemləri ilə təchiz olunub. Qeyd edək ki, jurnalistlərin binasında mənzil alanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı Tahir Abbaslı da var.
   Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak edib. Bu bina 17 mərtəbəli və 3 bloklu olacaq.
   Sonda xatirə şəkli çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar