Yubileylə bağlı təşkilatın Parisdəki qərargahında mərasim keçirilib
   
   Azərbaycanın UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə iyulun 18-də Parisdə qurumun baş qərargahında mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib.
   
   Əvvəlcə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə təşkilatın baş direktoru İrina Bokovanın görüşü olub. Görüşdə Azərbaycan ilə UNESCO arasında 20 il ərzində çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılıb, bu münasibətlərin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.
   Görüşdə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin bu il dekabrın 2-dən 8-dək Bakıda keçiriləcək iclası barədə müzakirələr aparılıb.
   
   Yeni saziş gələcək əməkdaşlığın çərçivəsini müəyyən edir
   
   Görüşdən sonra Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Azərbaycan tərəfdən sənədi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO tərəfdən baş direktor İrina Bokova imzalayıblar.
   İrina Bokova rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında olan çoxillik əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, birinci xanım Mehriban Əliyevanın mədəni irsin qorunmasına göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Qeyd olunub ki, imzalanan saziş təhsil, mədəniyyət, ətraf mühitin qorunması sahələrində Azərbaycan və UNESCO-nun birgə səylərini dəstəkləyən fondun yaradılması istiqamətində mühüm addımdır.
   Nazir Əbülfəs Qarayev Prezident İlham Əliyev və Azərbaycan hökuməti adından ölkəmizlə UNESCO arasında humanitar əməkdaşlıq, təhsil, səhiyyə, sosial məsələlər, mədəni proseslər sahələrində əməkdaşlığın inkişafından dərin məmnunluğunu ifadə edib.
   
   Tarixi irsimizi əks etdirən heykəllər UNESCO-ya hədiyyə olunub
   
   Sonra ölkəmizin təşkilata üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinin UNESCO-ya təqdim olunması mərasimi keçirilib. İştirakçılar ölkəmizin ərazisində tapılan daş abidələrin fotostendi ilə tanış olublar.
   UNESCO-nun baş qərargahının həyətində qoyulan heykəllər burada daimi olaraq sərgilənəcək. XII-XIII əsrlərə aid olan heykəllər Tovuz rayonunun Aşağı Eyyublu kəndindən tapılıb. Məlumdur ki, daş at və daş qoç fiqurları ənənəvi xalq sənətimizin, milli daş plastikası sənətinin geniş yayılmış növlərindən biridir. Mərasimdə çıxış edən baş direktor İrina Bokova təqdim olunan heykəlləri Azərbaycanla qurum arasında əməkdaşlıq və dostluğun rəmzi kimi qiymətləndirib. Bu ilin mayında Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” mövzusunda II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini xatırladan baş katib bu ilin dekabrında Azərbaycan paytaxtında daha bir mötəbər tədbirin - UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclasının keçiriləcəyini deyib: “Bütün bunlar əməkdaşlığımızın miqyasını və Azərbaycan rəhbərliyinin UNESCO ideallarının təbliğinə yüksək diqqətini göstərir. Bu ölkənin zənginliyi UNESCO-nun mədəniyyətlər arasında davamlı dialoqdan bəhs edən Mərkəzi Asiya sivilizasiyalarının tarixində əksini tapıb. Bu, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qədim İçərişəhərin divarlarında öz əksini tapıb. Lakin biz bunun, həmçinin Azərbaycanın təkrarolunmaz qeyri-maddi irsində də şahidi oluruq. UNESCO-nun Azərbaycan ilə əməkdaşlığı zəngin və genişmiqyaslıdır. Bu gün biz bu əməkdaşlığı daha da gücləndirdik.
   Bu gün açılışını etdiyimiz heykəllərdə ölkənizin ruhunun tərənnüm olunduğunu görürəm. Onlar orta əsrlərdə yaranan, şifahi şəkildə nəsildən-nəslə ötürülən sənət formasını, xalqları və dinləri, həyatla ölüm arasında körpülərlə sərhədləri bir araya gətirən kosmoqrafiyanı ifadə edir. Bu ianəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm”.
   Baş direktor may ayında UNESCO-da böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinin də qeyd olunmasını əlamətdar hadisə kimi yada saldı: “Məhsəti Gəncəvi insan ruhunun məziyyəti haqqında şeirlər yazırdı. Düşünürəm ki, onun şeirlərinin fəlsəfəsi sülh naminə dialoqun məğzi və həmçinin UNESCO-nun ruhudur”.
   
   Mədəni irsin qorunması Azərbaycan hökuməti üçün prioritet istiqamətdir
   
   Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə çıxış edərək ölkəmizin ənənəvi daş sənətinin iki gözəl nümunəsinin UNESCO-ya hədiyyə edilməsindən məmnunluğunu bildirib: “Azərbaycanda memorial abidələr yaratmaq ənənəsi qədim dövrlərə təsadüf edir və bu abidələrin əksəriyyətinin həm tarixi, həm də bədii dəyəri vardır. Əlbəttə ki, onların hamısı bizim qədim və zəngin mədəni irsimizin bir parçasıdır. Bu iki gözəl heykəlin burada, UNESCO-nun qərargahında yerləşdirilməsinə görə baş direktora və UNESCO-nun katibliyinə dərin minnətdarlığımı bildirmək istərdim”.
   Mehriban xanım Əliyeva ötən 20 ildə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb: “Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir. Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Mədəni irsimizin qorunması Azərbaycan hökuməti üçün prioritet istiqamətdir. Biz fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, xalça sənəti, tar ifası, Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.
   UNESCO bizim bütün təşəbbüslərimizi dəstəkləyir. UNESCO qərargahında biz Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin yubileylərini qeyd etmişik və bu fürsətə görə UNESCO-ya minnətdarıq. Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq kimi mühüm bir sahədə yaxından əməkdaşlıq edir. Bu gün beynəlxalq ictimaiyyət bizim ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dialoqun mərkəzi kimi tanıyır. Əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşayıblar. Ölkəmiz UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə Bakı Forumunun rəsmi tərəfdaşı olması faktını yüksək qiymətləndirir.
   Bu gün biz UNESCO ilə Azərbaycan hökuməti arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair Çərçivə Sazişi imzaladıq. Bu da əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaqdır. Mən inanıram ki, bu saziş beynəlxalq səviyyədə başlanmış prioritet proqramlara və təşəbbüslərə dəstək verməklə UNESCO-nun ideallarının və prinsiplərinin dünyada təbliğinə töhfə verəcəkdir”.
   Qeyd edək ki, ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə quruma qədim abidə nümunələrimizin hədiyyə edilməsi tariximizin təbliği baxımından da əhəmiyyətlidir. Tədbir iştirakçılarına Azərbaycanda tapılan daş heykəllərin tarixini əks etdirən kitablar paylanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar