İyulun 11-də Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilib. Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra iştirakçılar Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyaraq xatirəsini anıblar.
   Qurultay Azərbaycan Respublikasının dövlət himni ilə açılıb. İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
   Tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq qurultayın sədarətinin, katibliyinin, say və mandat komissiyalarının yaradılması barədə təklif irəli sürüb və müvafiq komissiyaların üzvləri müəyyənləşdirilib.
   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkə başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbriklərini çatdırıb.
   Prezidentin təbrik məktubunda siyasi plüralizmin təmin edilməsinin, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şərait yaradılmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanır, Mətbuat Şurasının media-dövlət və media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rolu qeyd olunur: “Bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır”.
   Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, qurultay jurnalistlərin peşəkarlığının artırılması, mənfi proseslərin jurnalistikamızdan tədricən sıxışdırılıb çıxarılması və mətbuatın demokratik prinsiplər əsasında inkişafı dövrünə təsadüf edir: “Qurultayda səslənən fikirlər, təkliflər, aparılan müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə, mətbuat-dövlət münasibətlərinin sivil qaydada tənzimlənməsinə rəvac verəcəkdir”.
   Mətbuat Şurasının sədri V qurultaydan ötən dövrdə görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.
   Qurultayda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na və “Azərbaycan Mətbuat Şurasının Nizamnaməsi”nə dəyişiklik edilib. Nizamnaməyə edilən dəyişikliyə əsasən qurumun 17 üzvdən ibarət yeni idarə heyəti seçilib. Üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil edir. İdarə heyətinin üzvlüyünə mətbu nəşrlərdən Mətbuat Şurasının sədri Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Mirzəyev, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Tapdıq Abbas, Aydın Quliyev və Rauf Arifoğlu, ictimaiyyəti təmsil edənlərdən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları Aqil Abbas, Cavanşir Feyziyev, Musa Qasımlı, Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli, BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, internet portallardan “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, Rasim Əliquliyev, Azər Həsrət seçilib.
   Qurultayda Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
   “Mətbuat Şurasının Nizamnaməsi”nə edilən dəyişikliklərə əsasən, əgər qurum indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, bundan sonra internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məqamları da nəzərdən keçirəcək.
   Qurultay iştirakçıları adından Prezident İlham Əliyevə təşəkkür məktubu qəbul olunub. Məktubda Prezident İlham Əliyevə Azərbaycan jurnalistlərinin VI qurultayına ünvanladığı təbrik məktubunda qeyd olunan fikirlərin jurnalistlərə böyük etimad nümunəsi olduğu vurğulanır: “Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərin dəstəklənməsinə, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına yönələn tədbirlər etibarlı media mühitinə sahib olduğumuzu təsdiqləyir”.
   Məktubda həmçinin jurnalist Nicat Dağların müalicəsi ilə bağlı göstəriş verdiyi üçün qurultay iştirakçıları adından dövlət başçısına təşəkkür ifadə olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar