Azərbaycan Prezidenti İlham Əliyevin 4 iyul 2013-cü il tarixli sərəncamı ilə məşhur müğənni, SSRİ Xalq artisti, dahi Azərbaycan musiqiçisi Müslüm Maqomayevin ömür-gün yoldaşı Tamara Sinyavskaya “Dostluq” ordeni ilə təltif edilib. Sənətkar dövlətimizin bu yüksək mükafatına “Azərbaycan mədəniyyətinin təbliğində xidmətlərinə görə” layiq görülüb.
   
    Moskvada görkəmli musiqiçi və pedaqoq Tamara Sinyavskayaya “Dostluq” ordeninin təqdim olunmasına həsr edilmiş mərasim keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tədbiri açaraq dövlət başçısı İlham Əliyevin sənətkara təbrik məktubunu və “Dostluq” ordeni ilə təltif edilməsi haqqında” sərəncamını oxuyub.
   Məktubda deyilir: “Sizin opera səhnəsinə ilk gəlişinizdən başlayaraq sənətşünaslar səsinizin bənzərsiz tembrini, böyük fitri istedadınızı və şəxsiyyətinizin heyrətamiz cazibəsini qeyd etmişlər. Nüfuzlu beynəlxalq müsabiqələrdə qazandığınız mükafatlar nadir istedadınızın və yüksək peşəkarlığınızın təsdiqidir. Böyük metso-sopranoların ənənələrinin davamçısı kimi Siz məxsusi ifaçılıq tərzinizi formalaşdırmağa, opera teatrı salnaməsində həmişəlik yaşayacaq parlaq səhnə obrazları yaratmağa nail olmusunuz. Bu gün Sizin zəngin təcrübənizin gənc müğənnilərə çatdırılmasına yönəlmiş pedaqoji fəaliyyətiniz, heç şübhəsiz, yeni mədəni elitanın formalaşmasına şərait yaradır”.
   Məktubda məşhur müğənninin Azərbaycanın böyük dostu kimi musiqi mədəniyyətimizdə xidmətləri də qeyd olunur: “Siz Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına və genişlənməsinə töhfə vermisiniz. Əminəm ki, bundan sonra da belə olacaqdır”.
   Sonra Fatma Abdullazadə “Dostluq” ordenini görkəmli sənətkara təqdim edib. Tamara Sinyavskaya layiq görüldüyü şərəfə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Müslüm Maqomayevin vəfatından sonra ad gününü qeyd etmədiyini bildirən T.Sinyavskaya deyib: “Hələlik yalnız emosiyalardır, çünki hər şey bu qədər gözlənilməz oldu. Müslüm sağ olanda mənim ad günlərimi təşkil edirdi. Onun vəfatından təxminən 5 il keçir. Bu müddətdə mən bir dəfə də olsa, ad günümü qeyd etməmişəm. Bu gün isə bütün dostlarım toplaşmışlar və bu, mənə çox xoşdur”.
   Mərasimdə Rusiya Dövlət Duması sədrinin müavini Lyudmila Şvetsova, məşhur həkim və ictimai xadim, tibb elmləri doktoru, professor Leonid Roşal və başqaları çıxış ediblər. Onlar Tamara Sinyavskayanın Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmasını yüksək qiymətləndirib, müğənnini bu təltif münasibətilə təbrik edərək, əmin olduqlarını bildiriblər ki, Azərbaycan-Rusiya münasibətləri, o cümlədən mədəniyyət sahəsində əlaqələr bundan sonra da inkişaf edəcək.
   SSRİ Xalq artisti Yelena Obraztsova deyib: “Mən çox şadam ki, Azərbaycan Prezidenti Tamara Sinyavskayanın yaradıcılığını bu cür yüksək qiymətləndirib”.
   Tədbirdə Rusiyanın tanınmış mədəniyyət xadimləri, Moskvadakı Azərbaycan diasporunun nümayəndələri iştirak edib. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar