Fransanın Kann şəhərində mədəni irsimizin möhtəşəm təqdimatı
   
   Xəbər verildiyi kimi, iyulun 4-dən 7-dək Heydər Əliyev Fondunun “Qafqazın mirvarisi - Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində “Azərbaycan Kannda” mədəniyyət günləri keçirilib. Ötən ilin oktyabrından gerçəkləşən layihə ölkəmizin zəngin mədəni irsini Fransanın regionlarında təqdim edir.
   Heydər Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Kann şəhərində təşkil olunan mədəniyyət günləri möhtəşəmliyi ilə yadda qalıb. Tədbirlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
   
   Lacivərd sahildə “Qız qalası” sərgisi

   
   Fransanın şərqində ən böyük kurort və mədəniyyət mərkəzlərindən olan Kann şəhərində hər il beynəlxalq kinofestivalla yanaşı, Avropanın ən böyük sərgi və konfransları təşkil olunur. Bənzərsiz koloriti, Şərq-Qərb ənənələrini özündə birləşdirməsi bu şəhəri turistlər üçün ilin bütün fəsillərində maraqlı edir. Bu dəfə şəhər ictimaiyyətinin və turistlərin diqqəti onları gözləyən füsunkar mədəniyyət hadisəsinə yönəlmişdi.
   İlk tədbir - 4-cü beynəlxalq “Qız qalası” sərgisinin açılışı ilə Kannın lacivərd sahilinin ən qaynar məkanı La Kruazetdə baş tutub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Kann şəhərinin meri Bernar Broşan, BMT baş katibinin müavini, UNİTAD-ın rəhbəri Filip Dust-Blazi sərginin açılışında iştirak ediblər.
   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq 2010-cu ildə Bakıda, İçərişəhərdə əsası qoyulmuş “Qız qalası” beynəlxalq sərgisi barədə məlumat verib. “Qız qalası” maketinin üzərində rəsmlərini çəkmək üçün dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam bu sərgidə iştirak edib. İlk dəfə Azərbaycandan kənarda keçirilən “Qız qalası” sərgi-festivalının əsas meyarı tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Ona görə də sərginin konseptual xəyal sərhədləri olduqca geniş və əhatəlidir: “Siz burada ceyran maketlərini də görürsünüz. Bu, İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının fəaliyyət istiqamətlərindən biridir. Onun məqsədi ceyran kimi nəsli kəsilmək təhlükəsində olan canlı növlərinə diqqəti yönəltməkdir”.
   Ümumilikdə sərgidə 26 rəssamın Qız qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.
   
   Qafqazın mirvarisinin mədəni dəyərləri
   
   Günün ikinci yarısında Kannın Festivallar sarayında “Qafqazın mirvarisi - Azərbaycanın mədəni dəyərləri” sərgisi açılıb. Ekspozisiyada Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunub. Milli geyimlərimiz məişətimizin zənginliyi barədə dolğun təsəvvür yaradıb. Milli musiqi alətlərimiz də tamaşaçılar tərəfindən son dərəcə maraqla qarşılanıb.
   Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılışında çıxış edərək ölkələrimiz arasında mədəni-humanitar əlaqələrdən söz açıb. Qeyd olunub ki, Fransa universitetlərində Azərbaycan dili, ədəbiyyatı və tarixi tədris olunur, yüzlərlə azərbaycanlı tələbə bu ölkədə ali təhsil alır. Ötən ildən Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə ölkəmizi tanıdan müxtəlif tədbirlər, konsertlər, sərgilər təşkil olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın müxtəlif regionlarında və şəhərlərində Azərbaycan mədəniyyət günləri keçirilir. Artıq 16 şəhərdə belə günlər keçirilib: “Mədəniyyət sərhəd tanımır, mədəniyyət insanları və xalqların biri-birini daha dərindən tanıması, daha doğru anlaması üçün universal və əvəzsiz bir vasitədir. Biz azərbaycanlılar qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik”.
   Kann şəhərinin meri Bernar Broşan sərginin Fransanın mədəni dairələrində yaxşı tanınan ölkəmizin zəngin irsinin daha bir nümayişi olduğunu vurğulayıb.
   Axşam Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı münasibətilə ziyafət verilib və şəhərdə ənənəvi olaraq keçirilən beynəlxalq pirotexnika festivalının rəsmi açılışı olub. Budəfəki festivalın rəsmi açılışını Azərbaycan edib.
   
   Azərbaycanın foto və musiqi təqdimatı
   
   İyulun 5-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva şəhərin meri Bernar Broşan ilə görüşüb. Mer Mehriban xanım Əliyevaya Kann şəhərinin fəxri sakini diplomunu təqdim edib.
   Həmin gün axşam Kannda Azərbaycanı tərənnüm edən fotosərgi açılıb. Şərq ilə Qərbin qovuşuğunda yerləşən ölkəmizdə əsrlərin dili ilə danışan abidələrimiz, Bakının rəmzinə çevrilən Qız qalası, Şirvanşahlar sarayı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu bu gün ölkəmizin tarixini, onun mədəniyyətini əks etdirib.
   Azərbaycan paytaxtını yeni memarlıq nümunələri - Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” böyük maraqla qarşılanıb.
   Mədəniyyət günləri çərçivəsində incəsənət ustalarımızın iştirakı ilə caz konserti də keçirilib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək ölkəmizdə caz musiqisinin də böyük ənənələri olduğunu diqqətə çatdırıb. Konsertdə gənc cazmenlər Şahin Növrəsli, İsfar Sarabski və istedadlı müğənni Səbinə Babayevanın çıxışları alqışlar doğurub.
   İyulun 6-da tədbir iştirakçıları Kann şəhərinin Festivallar sarayında Azərbaycana həsr edilən fotosərgi ilə tanış olublar. Sonra Əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Caz konsertindən sonra Kannda təqdim olunan klassik musiqimiz Azərbaycanın zəngin musiqi xəzinəsinə malik olduğunu bir daha nümayiş etdirib. Konsertdən alınan təəssüratlar yerli tamaşaçılarda unudulmaz xatirəyə çevrilib. Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.
   
   “Arşın mal alan”ın misilsiz şöhrəti
   
   Kann şəhərində mədəniyyətimizin rəngarəng təqdimatının sonuncu günü (7 iyul) milli kinomuzun şedevri - 1945-ci ildə istehsal olunan “Arşın mal alan” filminin nümayişi ilə başlanıb. Dahi Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti gətirib. Film indiyə qədər 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub. Budəfəki nümayişin bir özəlliyi də Kann tamaşaçılarına filmin fransız dilində alt yazısı ilə çatdırılması idi.
   Sonra Kannın La Kruazet bulvarında “Natiq” ritm qrupu və Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olub. Azərbaycanın milli musiqi aləti, xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın səsini Kann şəhərinə çatdıran “Natiq” ritm qrupu sözün əsl mənasında dinləyiciləri valeh edib. Qrup üzvləri konsertdə ən məşhur kompozisiyalarını səsləndirib və sürəkli alqışlar qazanıblar. Rəqs ansamblının çıxışı da axşama xüsusi ovqat qatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar