Böyük mütəfəkkirin irsinin təbliği ilə bağlı mədəni irs turizm marşrutunun təşkili gündəmə gəlib
   
   Xəbər verdiyimiz kimi, iyulun 2-3-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun təşkilatçılığı ilə məşhur azərbaycanlı şair, alim, mütəfəkkir, xəlvətilik fəlsəfəsinin böyük təmsilçisi Seyyid Yəhya Bakuvinin (Şirvani) vəfatının 550 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
   
   Konfransda elmi məruzələr çərçivəsində xəlvətiliyin təşəkkül tarixi, Bakuvi irsinin və onun yaradıcısı olduğu sosial, dini-mədəni cərəyanın müasir mədəniyyət tarixinin konseptual problemləri kontekstində tədqiqinə dair nəzəri-praktik məsələlər, təriqətin dünya mədəniyyətinin fenomeni kimi Şərq və Qərbdə populyarlaşması və sair məsələlər müzakirə olunub.
   Müzakirələrdə azərbaycanlı alimlərlə yanaşı, Fransa, Türkiyə, İordaniya, Belçika, Əlcəzair, Rumıniya, İtaliya və digər ölkələrdən tədqiqatçılar iştirak edib, məruzələri dinlənilib.
   Elmi müzakirələrdən sonra iştirakçılar Seyyid Yəhya Bakuvinin İçərişəhərdə yerləşən türbəsini ziyarət ediblər.
   Konfransın ikinci günü Seyyid Yəhyanın anadan olduğu Şamaxıya səfər təşkil olunub. Qonaqları Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qəbul edib. Görüşdə vurğulanıb ki, Bakuvi irsi, yaradıcılığı bu gün də yüzlərlə insanın, o cümlədən alimin, tədqiqatçının diqqətini cəlb edir. Xəlvətiliyin türk və İslam dünyasında yayılması Seyyid Yəhyanın müridləri vasitəsilə mümkün olub. Xəlvətiyyədə ən çox xəlifə yetişdirən mürşidin Seyyid Yəhya olduğu qəbul edilir.
   Görüşdə rayon ərazisində Bakuvinin xatirəsini əbədiləşdirmək, bununla bağlı yeni turizm marşrutunun təşkili məsələləri müzakirə olunub.
   Daha sonra iştirakçılar Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində, əsaslı təmir və bərpa edilmiş Cümə məscidində və Avaxıl kəndində sufizmlə bağlı ziyarətgahda olublar.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar