Ölkəmiz Türkiyənin Bayburt şəhərində mədəniyyət festivalında təmsil olunur
   
   İyulun 3-də Türkiyənin Bayburt şəhərində XIX Beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət festivalı başlanıb. Sənət bayramında Azərbaycandan böyük heyət iştirak edir. Heyətdə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi də təmsil olunur.
   
   Birlik tədbirlərə Türk Dünyası Parkında bayburtlu rəssam və fotoqraf Zeynel Abidin Öztürkün “Azərbaycan izlənimləri” və “Gənc Azərbaycan rəssamlarının əsərləri” sərgilərinin açılışı ilə başlayıb. Sərgidə “Miras” rəssamlıq simpoziumunda çəkilmiş rəsm və heykəllər nümayiş olunub. Aydın Əsgərov, Fərid Mirzəyev, Anar Hüseynzadə, Bəxtiyar Yusubov, Anar Qənbərli, Fəxri Abbasov, Məmməd Rəşidov və Vüqar Qurbanovun əsərləri maraqla qarşılanıb.
   Sərginin açılışından sonra festival iştirakçıları Bayburtun Masat kəndində Dədə Qorqud türbəsini ziyarət ediblər. Türbənin yaxınlığında təşkil olunmuş tədbirdə “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli, Azərbaycan Müəllimlər İnstitutunun dosenti Nazilə Abdullazadə, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat çıxış edərək Dədə Qorqud festivalının əhəmiyyəti, “Kitabi-Dədə Qorqud”da insanlığa dəyər verən mühüm məqamlardan bəhs ediblər.
   Tədbirdə Türkiyə, Azərbaycan və Makedoniyanın xalq rəqslərindən ibarət konsert proqramı təqdim olunub. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yeniyetmələrdən ibarət rəqs qrupu yaddaqalan rəqs parçalarını təqdim edib.
   Festivalın rəsmi açılış mərasimi Dədə Qorqudun Bayburt şəhər mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlanıb. Sonra Türkiyə, Azərbaycan, İndoneziya, Makedoniya, Qırğızıstan və Gürcüstanın rəqs qrupları və nümayəndələri Hökumət meydanına qədər yürüş ediblər.
   Açılış mərasimində Türkiyə Yazarlar Birliyinin fəxri sədri Mehmet Doğan, Bayburt bələdiyyəsinin sədri Hacı Ali Polat, Türkiyə Böyük Millət Məclisinin deputatları Bünyamin Özbek, Feramuz Üstün, Bayburt valisi Həsən İpək çıxış ediblər.
   Sonra iştirakçı ölkələrin çıxışları, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyası rəqs qrupunun ifasında milli rəqslərimiz təqdim edilib. Festival iyulun 7-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar