Görkəmli teatr və kino aktyoru, Xalq artisti Siyavuş Aslan Milli Dram Teatrının səhnəsindən son mənzilə yola salındı
İyunun 27-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, “Şərəf” və “Şöhrət” ordenli Siyavuş Aslanla vida mərasimi keçirildi. Mərasimdə dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri, sənətkarın çoxsaylı pərəstişkarları iştirak edirdilər.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açdı: “1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində əmək fəaliyyətinə başlayan Siyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə Azərbaycan Akademik Milli Dram Teatrında çalışmışdır. 1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilmişdir. 1996-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıtmış və ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlamışdır. Bu gün Azərbaycan televiziyasının ən parlaq tamaşaları olan, dəfələrlə baxıb seyr etdiyimiz, Azərbaycan xalqının yaddaşına hopmuş çox möhtəşəm ekran əsərlərində rol almış, nəhəng teatr aktyorları ilə birlikdə böyük bir obrazlar qalereyası yaratmışdır.
Hamı onu komik obrazlar ifaçısı kimi tanıyırdı. Onun yaradıcılığının ilk dövründə oynadığı rollar bunu deməyə əsas verirdi. Lakin 1984-cü ildə müqtədir sənətkarımız Məlik Dadaşovun quruluş verdiyi “Nişanlı qız” tamaşasında Mindilli obrazı ilə ilk dəfə bu teatra qədəm qoyan Siyavuş Aslan özünü dramatik aktyor kimi təsdiq etdi. Milli Dram Teatrında son dərəcə məhsuldar yaradıcılıq dövrü başladı. C.Cabbarlıdan Şekspirə qədər və çağdaş dramaturqlarımızın əsərlərində, xüsusilə son illərdə Xalq yazıçısı Elçinin demək olar ki, bütün əsərlərində əsas rolların ifaçısına çevrildi. O, həqiqətən də Azərbaycan teatrının yükünü çiynində aparan və böyük tamaşalara imza atan aktyor idi. Onunla bu sənət ocağında bir yerdə çalışmışıq və bu gün onun sənət yolu mənim gözümün önündən kinolent kimi keçir”.
Görkəmli sənətkarla 1990-cı illərin əvvəlində ilk dəfə Türkiyəyə qastrol səfərini xatırlayan nazir müavini dost ölkədə aktyorun sənətinə yüksək qiymət verildiyini bildirdi: “Siyavuş dost və insan kimi də əvəzsiz idi. Hər kəsə hər zaman kömək əlini uzatmağa hazır idi. Səhhətində problemlərin olmasına baxmayaraq nikbin insan idi. O, Həcc ziyarətinə gedəndən sonra tamam dəyişdi. Biz daxilən dəyişmiş yeni bir Siyavuş Aslan şəxsiyyətini gördük. Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilmişdir. O, Xalq artisti adına, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şərəf” və “Şöhrət” ordenlərinə və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna, Prezident təqaüdünə layiq görülmüşdür. O, milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr vermişdir. Sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnmişdir. Böyük sənətkarların millət, dövlətin yaşı qədər yaşamaq imkanları olur. Onlar yaddaşlarda xalqla gələcəyə doğru addımlayırlar. Siyavuş Aslan da Azərbaycan xalqının yaddaşında gələcəyə doğru addımlayaraq xatirələrdə yaşayacaq. Allah rəhmət etsin”.
Vida mərasimində çıxış edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artistləri Rafiq Əzimov, Bəsti Cəfərova, Nurəddin Mehdixanlı Siyavuş Aslanın teatr və kino sahəsində fəaliyyətindən söz açdılar. Bildirildi ki, sənətkarın kinoda yaratdığı obrazlar öz dəst-xətti ilə seçilirdi. O, kinematoqrafiya sənətinin çərçivəsindən kənara çıxan obrazlar yaratmağa qadir bir aktyor idi. Bu obrazlar tamaşaçıya hərtərəfli təsir göstərə bilirdi. Kino yaşayan sənətdir, Siyavuş Aslan isə bu sənəti əbədi yaşadan aktyorlarımızdan biri kimi tarixə köçdü. O, uzun və mənalı bir ömür yaşadığı kimi, eləcə də sənətdə mənalı və dərin iz qoya bildi.
Mərasimin sonunda sənətkarın oğlu Çingiz Aslan çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. Xalq artisti II Fəxri xiyabanda torpağa tapşırıldı.