Moskvada keçirilən beynəlxalq incəsənət festivalında Azərbaycan rəssamları da iştirak edir
   
   İyunun 26-da Moskvadakı Mərkəzi Rəssamlar Evində “Ənənələr və müasirlik” mövzusunda VII Beynəlxalq incəsənət festivalının açılışı münasibətilə mətbuat konfransı keçirilib.
   
   Mətbuat konfransında festivalın münsiflər heyətinin sədri, Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahov, Mədəniyyətə və Müasir İncəsənətin İnkişafına Yardım üzrə Moskva İctimai Fondunun prezidenti, festivalın kuratoru və təşkilatçısı Vera Kiselyova, Rusiyanın Xalq artisti Vladimir Vasilyev və başqaları iştirak ediblər.
   Layihə barədə məlumat verən Vera Kiselyova bildirib ki, UNESCO-nun himayəsi ilə keçirilən “Ənənələr və müasirlik” festivalı müxtəlif ölkələrin və xalqların incəsənətini yaxınlaşdırmağa, milli koloriti və ənənələri əks etdirən əsərlərin təbliğinə kömək edir. Art-layihə mövcud olduğu yeddi il ərzində 40 ölkədən iki mindən çox rəssamın diqqətini cəlb edib və təxminən 150 min tamaşaçı toplayıb. Onun sözlərinə görə, festival mədəni irsin qorunub saxlanılması, ölkələr arasında mədəni dialoqun inkişaf etdirilməsi və xalqlar dostluğunun möhkəmlənməsi üçün böyük əhəmiyyətə malikdir.
   Qeyd olunub ki, festivalın münsiflər heyətinin sədri, dünya şöhrətli fırça ustası Tahir Salahov Rusiya Prezidentinin 2013-cü il 7 iyun tarixli fərmanı ilə ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülüb: “Festivalımızın münsiflər heyətinə görkəmli rəssam Tahir Salahovun başçılıq etməsinə görə böyük qürur hissi keçirirəm”.
   Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov çıxışında deyib ki, festival 7 il ərzində sənət sərhədlərini xeyli genişləndirib. Burada müxtəlif ölkələrin rəssamları görüşür, ideya və təcrübə mübadiləsi aparırlar: “Builki festivalda 21 ölkədən 300-dən çox rəssam öz əsərlərini təqdim edir. Münsiflər heyəti hər bir iştirakçının yaradıcı əməyini obyektiv qiymətləndirəcək”.
   Mətbuat konfransında bildirilib ki, baxışın yekunlarına görə, ən yaxşı fırça ustalarına yaradıcılığa inam, məhəbbət və müvəffəqiyyət rəmzi olan “Vera” adlı tunc heykəlcik təqdim olunacaq. Bundan əlavə, müasir mədəniyyətin inkişafına və dəstəklənməsinə töhfə vermiş sponsor və mesenatları xüsusi mükafatlar gözləyir.
    Festivalın açılışında Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu iştirak edib. Səfir çıxışında incəsənət festivalını sənət, dostluq, rəsm bayramı adlandırıb.
   Festivalın beynəlxalq münsiflər heyətinin sədri Tahir Salahov iştirakçıları salamlayaraq deyib ki, bu meydanda müxtəlif ölkələrin və nəsillərin nümayəndələri olan rəssamlar görüşür, yaradıcılıq fikirlərini mübadilə edir, humanizm və əməkdaşlıq ideyalarını dünyaya çatdırırlar. Tahir Salahov gənc Azərbaycan rəssamı Məryəm Ələkbərlinin işlərini xüsusi vurğulayıb. Qeyd edib ki, gənc rəssam “Ənənələr və müasirlik” festivalında artıq ikinci ildir ki, iştirak edir. Bu il onun “Rənglərin rəqsi” adlı gözəl əsərləri üçün böyük bir zal ayrılıb.
   Təntənəli açılışdan sonra iştirakçılar rəssamların əsərləri ilə tanış olublar. Gənc istedadlardan başqa tanınmış sənətkarlar da festivala öz yeni əsərlərini təqdim ediblər. Sərginin qonaqları Tahir Salahovun, Vasili Nesterenkonun və Vladimir Vasilyevin rəsmlərinə, Vladimir Naumovun qrafika əsərlərinə, Zurab Seretelinin və Vladimir Surovtsevin yaratdığı heykəltəraşlıq nümunələrinə və digər sənətkarların akvarellərinə tamaşa ediblər.
   Sərgidə Azərbaycanı tanınmış rəssam Namiq Məmmədov və istedadlı rəssam Məryəm Ələkbərli təmsil edirlər.
   Namiq Məmmədov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. Onun Bakıda, Osloda, Kopenhagendə fərdi sərgiləri keçirilib, əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Müasir İncəsənət Muzeyində, habelə Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Norveç və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır. Sərgiyə rəssamın “Günəbaxanlar arasında”, “Rəqs edən səyyah”, “Əlində günəbaxanlar tutmuş qız” və s. əsərləri təqdim olunub.
   Məryəm Ələkbərlinin ilk sərgisi Bakıda keçirilib. Onun rəsmləri Berlində, Parisdə, İstanbulda təşkil olunmuş fərdi sərgilərində nümayiş etdirilib. 2012-ci ildə “Ənənələr və müasirlik” festivalında Məryəm “Bahar yurdu” əsərinə görə “İnam” festivalının mükafatına layiq görülüb. Sərgidə Məryəmin “Rənglərin rəqsi” seriyasından olan “Kalla”, “Bakı gecəsi”, “Qış buketi”, “Avtoportret” əsərləri tamaşaçılarda xüsusi maraq doğurub.
   Qeyd edək ki, "Ənənə və müasirlik" festivalında 2009-cu ildə Əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə Əməkdar rəssam Sakit Məmmədov, 2012-ci ildə isə Rəşad Mehdiyev və Məryəm Ələkbərli ölkəmizi layiqincə təmsil edərək müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər.
   Builki festivalın təntənəli mükafatlandırma mərasimi iyulun 1-də “Et Cetera” teatrında keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar