Ölkəmizin mədəniyyətini, təbiətini və etnoqrafiyasını əks etdirən fotolar Avropa Parlamentində sərgilənir
   
   İyunun 24-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Brüsseldə, Avropa Parlamentinin “Yehudi Menuhin” zalında “Azərbaycan obyektivdə” adlı fotosərgi açılıb.
   
   Sərgi Avropa İttifaqı rəsmilərinin, Avropa Parlamenti deputatlarının, siyasətçilərin, ictimai xadimlərin və diplomatların böyük marağına səbəb olub. Ekspozisiyada müasir Azərbaycanın mədəniyyəti, təbiəti, etnoqrafiyası və memarlığını əks etdirən fotolar nümayiş olunur.
   Əvvəllər London, Paris və Berlində təşkil edilən sərgilərdə nümayiş olunan bu nümunələr Avropa Azərbaycan Cəmiyyətinin keçirdiyi eyniadlı müsabiqəyə Azərbaycan və dünya ölkələrindən fotoqrafların təqdim etdiyi 750 fotoşəkil arasından seçilib.
   Avropa Parlamentinin Slovakiyadan olan deputatı Katarina Nevedalova tədbirin açılışında bildirib ki, bu, gözəl və ecazkar bir ölkə haqqında maraq doğuran bir sərgidir: “Bu yaxınlarda mən Azərbaycanda səfərdə oldum. Bu ölkənin rəng və çalarlarını duymağa macal tapdım. Azərbaycan füsunkar bir ölkədir. Sərgini dostluq və həmrəylik tədbiri kimi qiymətləndirirəm”.
   Azərbaycanın Belçikadakı səfiri və ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərov çıxışında bildirib ki, bu mədəniyyət tədbiri bizim ortaq dəyərlərimizi nümayiş etdirir: “Müxtəlif çalarlara, etnik azlıqlara və dinlərə malik bir ölkəni təmsil etməkdən məmnunam. Bizimlə birgə siz də Azərbaycanın çalarlarından zövq alın”.
   AAC-nin direktoru Lionel Zetter isə qeyd edib ki, “Azərbaycan obyektivdə” sərgisi təkcə öz ambisiyasına görə deyil, həm də nəticələrinə görə özünəməxsus bir layihədir: “Bu fotoşəkillər Azərbaycanın iqliminin və mədəniyyətinin genişliyini sübut edir. Bununla belə, ən çox xiffət hissləri bəxş edən nümunə birinci yerin qalibi olan “Qoca kişilər” fotoşəklidir. Bu şəkil 1985-ci ildə Kəlbəcərdə lentə alınıb. Həmin şəkil bu gün çəkilə bilməzdi, çünki Azərbaycanın bu ərazisi indi Ermənistanın işğalı altındadır”.
   AAC-nin Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna bildirib ki, Azərbaycan cəmiyyətinin səmimi və tolerant xarakterli olması, təbiətinin gözəlliyi və xalqının qonaqpərvərliyi bu ölkənin Avropa İttifaqının mükəmməl tərəfdaşı olmasına yetər. Onun sözlərinə görə, fotosərginin Avropa Parlamentində nümayiş olunması sayəsində Azərbaycanın dostlarının sayı artacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar