İyunun 25-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatının 2013-cü il üzrə qaliblərə təqdim olunması mərasimi keçirildi. Artıq 6-cı ildir ki, nazirlik musiqi, teatr, təsviri sənət və kino sahələrini əhatə edən 7 nominasiya üzrə “Zirvə” mükafatını təqdim edir.
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, “Zirvə” mükafatının builki təqdimatı mədəniyyət tariximizdə əlamətdar hadisə - Azərbaycan teatrının 140 illik yubiley təntənəsi ilə eyni günə təsadüf edir: “Bu təqvim günü Azərbaycanın sənət aləmində bir bayrama çevrildi. Prezident İlham Əliyevin sərəncamı ilə teatr xadimləri fəxri adlar, orden və medallarla təltif olundular. Bu yüksək diqqətə görə möhtərəm Prezidentə öz təşəkkürümü bildirirəm. Belə bir gündə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatını sənət adamlarımıza təqdim edirik. Mədəniyyət və Turizm Nazirliyi bu mükafatı il ərzində uğur qazanan, fərqlənən sənət adamlarını təltif etmək məqsədilə təsis edib və artıq 6-cı ildir ki, mükafatın təqdimatı keçirilir. Mükafat gənclərlə yanaşı, tanınmış simalara və sənətdə sözünü deyən incəsənət xadimlərinə təqdim olunur. Ötən illərdə bir sıra görkəmli sənətkarlarımız bu mükafata layiq görülüblər.
   İnanıram ki, “Zirvə”nin builki təqdimatı bir tarixə çevriləcək. Bütün laureatları təbrik edirəm”.
   Sonra nazir mükafatları nominasiyalar üzrə sahiblərinə təqdim etdi.
   Azərbaycan təsviri sənətinin təbliğindəki xidmətlərinə və teatr sahəsindəki uzunillik səmərəli fəaliyyətinə görə Xalq rəssamları Nazim Bəykişiyev və Tair Tairov təsviri sənət nominasiyası üzrə mükafatla təltif edildilər.
   Teatr sahəsi üzrə “Zirvə” mükafatına 140 illik yaradıcılıq yoluna və son dövrdəki sənət axtarışlarına görə Akademik Milli Dram Teatrı (mükafat teatrın direktoru İsrafil İsrafilova təqdim olundu) layiq görüldü.
   Musiqi sahəsi üzrə mükafat M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə “Molla İbrahimxəlil kimyagər” tamaşasına yazdığı musiqiyə görə Xalq artisti Siyavuş Kərimiyə təqdim edildi.
   Kino sahəsi üzrə “Dolu” filminin yaradıcı heyəti - ssenari müəllifi Aqil Abbas, rejissor Elxan Cəfərov, bəstəkar Polad Bülbüloğlu “Zirvə” mükafatına layiq görüldü.
   “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyası üzrə Xalq artisti Afaq Bəşirqızı (Azərbaycan teatr və kino sənəti sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinə görə), “Milli sərvət” nominasiyası üzrə Xalq artisti Azər Paşa Nemətov (Azərbaycan teatr sənətinin inkişafında müstəsna xidmətlərinə və yaradıcılıq uğurlarına görə) təltif olundular.
   “Debut” bölməsi üzrə mükafata gənc rejissor Mikayıl Mikayılov (beynəlxalq mədəni əməkdaşlıq çərçivəsində TÜRKSOY təşkilatının dəstəyi ilə Saken Seyfullin adına Karaqanda Vilayəti Qazax Dram Teatrında M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin uğurlu səhnə həllinə görə) layiq görüldü.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar