Romada dahi şairə həsr olunmuş beynəlxalq elmi konfrans
   
   Romanın “Fontana Di Trevi” Konqres Mərkəzində İtaliyanın şərqşünaslıq üzrə aparıcı elm-tədqiqat qurumları olan C.A.Nallino adına Şərqşünaslıq İnstitutunun və Neapol Şərqşünaslıq Universitetinin təşkilatçılığı ilə “Ədəbiyyat əlaqələri üzrə Avropa-Azərbaycan görüşləri” silsiləsindən ilk tədbir - dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
   Konfransdan əvvəl Azərbaycan, İtaliya, Almaniya və Fransa alimləri, ölkəmizin Romadakı səfirliyinin nümayəndələri Nizami Gəncəvinin “Villa Borqeze” parkında ucaldılmış abidəsini ziyarət ediblər.
   Konfransı C.A.Nallino adına Şərqşünaslıq İnstitutunun vitse-prezidenti, professor Massimo Papa açıb. Neapol Şərqşünaslıq Universitetinin Azərbaycan ədəbiyyatı üzrə tanınmış eksperti, professor Mikele Bernardini çıxış edərək universitetin rektoru xanım Lida Viqanoninin adından konfransın iştirakçılarını salamlayıb.
   Sonra AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, AMEA Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, professor Fərid Ələkbərli, Strasburq Milli Kitabxanasının direktor müavini Kristof Didye, Venesiyadakı Ka Foskari Universitetinin professoru Campyero Bellinceri, Romadakı Sapienza Universitetinin professoru Ancelo Mikele Pyemonteze və Berlin Humboldt Universitetinin Azərbaycan tarixi departamentinin rəhbəri, professor Eva-Maria Aux məruzələrlə çıxış ediblər.
   Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş konfransda Nizami Gəncəvinin həyat və yaradıcılığı, əsərlərinin bir çox müasir Avropa şərqşünaslarının yaradıcılıq fəaliyyətinə müsbət təsiri, dünya ölkələrinin muzeylərində, kitabxanalarında qorunub saxlanılan əlyazmaları və digər yaradıcılıq nümunələri haqqında fikir mübadiləsi aparılıb, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar