Son illər Azərbaycanda mədəniyyətin inkişafına göstərilən dövlət qayğısı daha da artmış, bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Mədəniyyətin və incəsənətin, o cümlədən turizmin inkişafına diqqət yeni mədəniyyət ocaqlarının, turizm obyektlərinin inşasında da özünü büruzə verir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət almışdır. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturu yaradılmış, çoxlu sayda mədəniyyət obyektləri, turizm və istirahət kompleksləri, hotellər tikilib istifadəyə verilmişdir.


Qəbələdə daha bir hotel kompleksi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgələrə səfəri çərçivəsində avqustun 14-də Qəbələdə “Qafqaz Karvansaray” hotel kompleksinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı hotelin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, təkcə Qəbələ rayonu deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı ən müasir standartlara uyğundur. Hotel 5 hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir.
Bildirildi ki, avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Hoteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır. Dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bundan başqa, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilən respublikamızda turizmin inkişafı da sürətlənir. Bu və digər reallıqlar ölkəmizdə hotel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. “Qafqaz Karvansaray” hotel kompleksi də həmin istiqamətdə atılan əsaslı addımlardan biridir. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Hotelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır. “Qafqaz Karvansaray” hotel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Hoteldə, həmçinin, qapalı üzgüçülük hovuzu, bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və masaj otağı vardır. Kompleksdə 150 nəfərlik restoran, iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. Hotel kompleksinin ərazisi tam abadlaşdırılmış, yaşıllıq sahəsi salınmışdır.
“Qafqaz Karvansaray”da 120 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur. Mükəmməl infrastruktura malik kompleks ən müasir avadanlıqla təchiz edilmişdir. Gözəl dizayn və interyeri ilə seçilən otaqlarda son dövrdə böyük turist axını müşahidə edilən Qəbələnin qonaqlarına yüksək səviyyəli xidmət göstəriləcək. Bildirildi ki, “Qafqaz Karvansaray” hotelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcək.

“Şəki Xanlarının evi”nin açılışı

Prezident İlham Əliyev avqustun 14-də Şəkiyə səfəri çərçivəsində “Şəki Xanlarının evi”nin açılışında da iştirak etmişdir.
Ölkəmizdə digər sahələr kimi mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva regionlara səfərləri zamanı mədəniyyət obyektləri ilə yaxından tanış olurlar. Dövlətimizin başçısı lazım gəldikdə onların yenidən qurulması ilə bağlı tapşırıqlarını verir. Xatırladaq ki, Prezident İlham Əliyevin 2006-cı il aprelin 13-də Şəkiyə səfəri zamanı yararsız vəziyyətə düşmüş “Şəki Xanlarının evi”nin təmir edilməsi barədə tapşırığına əsasən bu tarixi tikili yenidən qurulmuşdur.
Dövlətimizin başçısı binanın, o cümlədən Heydər Əliyev və M.F.Axundzadə prospektlərinin bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.
Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “Şəki Xanlarının evi”nin bərpası işlərinə 2012-ci ilin noyabrında başlanılmışdır. Altı otaqdan, dörd dəhlizdən və iki eyvandan ibarət bina çiy kərpicdən tikilmiş, pəncərələri şəbəkə üsulu ilə düzəldilmişdir. Ərazisi 700 kvadratmetr olan binanın yenidən qurulması Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılmışdır. Otaqlardan biri xüsusi rəsmlərlə bəzədilmiş və qonaq otağı kimi nəzərdə tutulmuşdur.
Diqqətə çatdırıldı ki, XVIII əsrə aid tarixi abidə olan “Şəki Xanlarının evi” ilk dəfədir təmir edilir. Bərpa işləri həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılmışdır. İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri əks olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən, “Şəki Xanlarının evi” abidə-muzey kimi fəaliyyət göstərəcək, abidənin hər bir otağı öz təyinatına uyğun olaraq eksponatlarla təmin ediləcək. Qeyd edək ki, ümumilikdə, Şəkidə 84 dünya və yerli əhəmiyyətli memarlıq abidəsi vardır. “Şəki Xanlarının evi” isə Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində fəaliyyət göstərir. Həmin qoruqda “Şəki Xanlarının evi” ilə yanaşı, qeydiyyatdan keçən 25 abidə mövcuddur.

Şəki Dram Teatrında əsaslı təmir və yenidənqurma işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
Son illərdə milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Şəki Dövlət Dram Teatrının binası da əsaslı təmir edilən mədəniyyət müəssisələri sırasındadır.
Dövlət başçısı əvvəlcə teatrın həyətində Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Şəkinin gündən-günə gözəlləşdiyini, abadlaşdığını söyləyən Prezident İlham Əliyev belə dinamik inkişafın çox sevindirici hal olduğunu vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Şəkinin mədəni həyatının daha da dolğun şəkildə təmin edilməsi üçün əlbəttə ki teatra yeni həyat verilməli idi: “Şəki teatrının çox böyük ənənələri vardır, siz bu ənənələri qoruyursunuz. Teatrın binasının təmiri, hesab edirəm ki, çox vacib məsələdir. Şəki teatrı üçün gözəl bina olmalıdır. 2013-cü ilin sonunadək istifadəyə veriləcək bu bina indi, bundan sonra əlli il, bəlkə ondan da çox xidmət göstərəcək.
Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyərdim ki, dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada təbiət və memarlıq, qədim və tarixi binalar, şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı”.
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili çıxış edərək Prezident İlham Əliyevə rayon ictimaiyyətinin minnətdarlığını çatdırdılar.
Daha sonra görülən işlərlə tanış olan Azərbaycan Prezidentinə məlumat verildi ki, qədim Şəkinin Azərbaycanda teatrın təşəkkül tapmasında və inkişafında özünəməxsus payı vardır. Şəkidə peşəkar teatr 130 və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı isə 30 illik yaradıcılıq yolu keçmişdir. 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlayan bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrı kollektivinin ixtiyarına verilmişdir. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə də təsirsiz ötüşməmişdi. Azərbaycan Prezidentinin 2011-ci ilin sentyabrında imzaladığı sərəncama uyğun olaraq yenidən qurulan teatr binası müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır. Üçmərtəbəli binanın əsaslı təmirinə 2012-ci ilin martında başlanılmışdır.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, əsaslı təmirdən sonra binanın tamaşa zalı 299 yerlik olacaqdır. Tamaşalarda istifadə ediləcək dekorasiyaların quraşdırılmasının sürətləndirilməsi məqsədilə səhnə fırlanan şəkildə düzəldiləcək. Binanın sahəsi 4000 kvadratmetrdən 5000 kvadratmetrədək artırılmışdır. Təmirdən əvvəl teatr binasında 78 xidməti otaq var idisə, hazırda onların sayı 86-dır. Binada aktyorların məşqi üçün kiçik səhnə və qrim otaqları vardır. Dörd korpusdan ibarət Şəki Dövlət Dram Teatrı binasının həyətyanı sahəsində də geniş abadlıq işləri görülmüşdür.
Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Qaxda Heydər Əliyev Mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Qaxa səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Ölkəmizin hər yerində olduğu kimi, qaxlılar da ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə məlumat verildi ki, milli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilən Mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanmışdır. Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Foyedə ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi və məlumat-informasiya köşkü vardır. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zal dörd hissəyə bölünmüşdür. Lakin hərəkət edən arakəsmələr zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülmüş, xüsusi ekranlar və tablolarda ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fraqmentlər işıqlandırılmışdır. Zalın bir hissəsi 8 qatlı xüsusi elektron pərdə ilə kəsilərək kinozala çevrilmişdir. Burada Azərbaycanın müasir tarixini, iqtisadi və sosial inkişafını əks etdirən filmlər nümayiş olunur.
Mərkəzdə xoreoqrafiya, milli və bal rəqsləri, sənət dərnəkləri fəaliyyət göstərəcək. Burada, həmçinin ingilis, yapon və rus dilləri sinfi vardır. Mərkəzdə internet kafe, elektron kitabxana, virtual otaqlar da yüksək standartlara cavab verir.
Dövlətimizin başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Qaxda “El Resort” hotelində yeni Konfrans Mərkəzi

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda “El Resort” hotelinin Konfrans Mərkəzinin açılışında iştirak etmişdir.
Son illərdə respublikamızda turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm obyektlərinin inşası geniş vüsət almışdır. Qax rayonunda da turizm potensialının inkişafı diqqət mərkəzində saxlanılır. Bu baxımdan 2011-ci il noyabrın 16-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “El Resort” hotel kompleksi də mühüm əhəmiyyət daşıyır.
Məlumat verildi ki, Konfrans Mərkəzinin tikintisinə 2011-ci ildə başlanmışdır. Müasir layihə əsasında tikilən mərkəzin ərazisi 3000 kvadratmetrdən çoxdur. Sahəsi 1080 kvadratmetr olan birinci mərtəbədəki sütunsuz böyük zalda 900 nəfərə xidmət göstərilə bilər. Zalda dörd böyük ekran və bunlara uyğun proyektorlar quraşdırılmışdır. Böyük zal, həmçinin ən müasir avadanlıqla təchiz edilmişdir.
Mərkəzin ikinci mərtəbəsindəki zallarda da yüksək səviyyəli xidmətin göstərilməsi mümkündür.
Zallar ən müasir mobil audio-video avadanlığı ilə təchiz edilmişdir. Mərkəzin ərazisində 100 avtomobillik dayanacaq inşa olunmuşdur. Konfrans Mərkəzində bütün infrastruktur ən müasir səviyyədə qurulmuşdur.
Prezident İlham Əliyev Konfrans Mərkəzi ilə tanışlıqdan sonra “El Resort” hotelinin tikintisi davam etdirilən “Şimal” blokunun sxemlərinə və fotostendlərinə baxdı.
Məlumat verildi ki, beşmərtəbəli binanın tikintisinə 2012-ci ilin noyabr ayında başlanmışdır və işlərin 2013-cü ilin sonunda yekunlaşdırılması planlaşdırılır. Kompleksin ümumi ərazisi 2,7 hektar, tikinti sahəsi isə 2000 kvadratmetrdir. “Şimal” blokunun birinci mərtəbəsində boulinq mərkəzi, bar, 120 yerlik kafe, 240 yerlik restoran fəaliyyət göstərəcək. Binada 82 nömrə olacaq. Yeni kompleksdə 60 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
Tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Zaqatala şəhərinin tarixi mərkəzi yenidənqurma və bərpadan sonra

Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində şəhərin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, tarixi mərkəz adlanan ərazi 1850-ci illərdə salınan hazırkı Dədə Qorqud meydanını, Qala düzü pilləkənlərini, o cümlədən, Heydər Əliyev prospekti və “28 May” küçəsinin bir hissəsi də daxil olmaqla, təxminən 6,2 hektar ərazini əhatə edir.
Azərbaycan Prezidenti şəhərin tarixi mərkəzində aparılan yenidənqurma və bərpa işlərini, eləcə də Zaqatala qalasını əks etdirən stendlərə baxdı.
Dövlətimizin başçısı Dədə Qorqud meydanını gəzdi. Bildirildi ki, burada yenidənqurma işlərinə 2012-ci ilin aprelində başlanmışdır. Meydanda Dədə Qorqudun 2,5 metrlik heykəli ucaldılaraq memorial kompleks tikilmişdir. Burada 6 bürc, fəvvarəli 4 hovuz, 6 giriş-çıxış qapısı quraşdırılmışdır. Meydanda mindən çox dekorativ ağac və gül kolu əkilmiş, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Tarixi mərkəzdə 50-dən çox fərdi evin, ictimai binanın və sahibkarlıq obyektinin dam örtüklərində və fasadlarında yenidənqurma işləri aparılmışdır. Heydər Əliyev prospekti əsaslı surətdə təmir olunmuşdur. Bundan başqa, səkilərə və meydana 5 min kvadratmetrə qədər tamet piltə döşənmiş, 400 kvadratmetr sahədə isə yaşıllıq zolağı salınmışdır. Hazırda Heydər Əliyev prospektində, Dədə Qorqud meydanının ətrafında olan yaşayış və ictimai binaların fasadlarının tarixi görkəminin bərpası işləri davam etdirilir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

Balakəndə Mədəniyyət Mərkəzi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən Rayon Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin tikintisinə 2012-ci ilin iyulunda başlanmışdır. İnşaat işləri yüksək səviyyədə aparılmışdır. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Bunun nəticəsində mərkəzin binası rayonun gözəlliyini daha da artırmışdır.
Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətin inkişafına diqqət və qayğılarını əks etdirən fotostend yaradılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 3244 kvadratmetrdir. Mərkəzin 260 yerlik tamaşa zalında müxtəlif mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə yeməkxana, texniki və xidməti otaqlar vardır. Binanın ikinci mərtəbəsində isə müxtəlif dərnəklər fəaliyyət göstərəcək. Burada rəsm zalı, heykəltəraşlıq, əmək, rəqs, musiqi dərnəkləri və müəllimlər otaqları vardır.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar