Mədəniyyət və turizm naziri Qobustan şəhərində vətəndaşları qəbul etdi
   
   Avqustun 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qobustan şəhərindəki Olimpiya İdman Kompleksində Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul etdi. 40-a yaxın vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin də iştirak etdikləri görüşdə vətəndaşların qaldırdığı məsələlər müzakirə olundu, fikir və təklifləri dinlənildi.
   
   Müraciətlər, təkliflər...
   
   Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə tarix-mədəniyyət abidələrinin bərpa və təmirinə, mədəniyyət evlərinin tikintisinə köməklik göstərilməsi, uşaq musiqi və incəsənət məktəblərinin yeni filiallarının açılması, folklor kollektivlərinin fəaliyyətinin genişləndirilməsi, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təminat, sosial problemlərin həlli, kitabxanalara ixtisaslı kadrların cəlb olunması və digər məsələlərlə bağlı idi.
   Görüşdən öncə kompleksin foyesində qəbula yazılmış vətəndaşlarla həmsöhbət olduq. Göyçaydan gəlmiş Məcid Mahmudov bildirdi ki, müraciəti yaşadığı rayonda tarixi abidənin bərpası ilə bağlıdır: “Rayonumuzda XIX əsrin əvvəllərinə aid edilən “Yeraltı hamam” var. Şəhərin görkəmli yerindədir, ancaq vəziyyəti ürəkaçan deyil. İstəyirəm ki, bu tarixi məkan bərpa olunsun, tədqiqat işləri aparılsın”. Göyçay sakininin digər müraciəti isə musiqi məktəbi üçün yeni binanın tikilməsi ilə bağlı idi: “Özüm təqaüdə çıxmış mədəniyyət işçisiyəm. 55 il fortepiano müəllimi işləmişəm. Şəhərimizdə bir musiqi məktəbi var. Dörd dəfə yeri dəyişdirilib. İstərdim ki, məktəbin müasir standartlara cavab verən öz binası olsun”.
   Qobustan rayon sakini Daşqın Rəhimov dövlət mühafizəsinə götürülmüş “Diri baba” türbəsi və karvansaranın, Şamaxı sakini Yasin Nuriyev isə rayon ərazisində olan memarlıq abidələrinin bərpası ilə bağlı müraciət edəcəklərini bildirdilər.
   Növbəti müsahibim qəbuldan çıxmış Qəbələ rayonu Bum qəsəbə yaradıcılıq evinin direktoru Zahir Aslanov oldu. Onun müraciəti yaradıcılıq evinin “Zopu-Zopu” etnoqrafik-folklor rəqs kollektivinin professional xoreoqrafa olan ehtiyacı barədə idi: “1979-cu ildən universiteti qurtarıb mədəniyyət sahəsində işləmişəm, folklor kollektivini yaratmışam. Həmin illərdə Bakıdan xoreoqraf dəvət etdik. Onun quruluş verdiyi rəqslərlə Moskvada müsabiqəyə qatıldıq, uğurla çıxış edərək diploma layiq görüldük. 1988-ci ildə Türkiyəyə, 1989-cu ildə Fransaya dəvət aldıq. Bir çox ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etdik. İndi də dövlət tədbirlərində iştirak edirik, ancaq fəaliyyətimiz məni qane etmir. Əvvəlki uğurları təkrarlamaq istəyirik. Kollektivimizin professional xoreoqrafa olan ehtiyacı barədə cənab naziri məlumatlandırdıq. Müraciətimiz müsbət həllini tapdı”.
   Oğuz rayonunun Dəymədərə kənd sakini Əşrəf Salahov da qəbuldan məmnun çıxmışdı: “Müraciətim “Oğuz” ailə ansamblının avadanlıqla təmin edilməsi barədə idi. Müxtəlif festival və müsabiqələrin qalibi olmuşuq. Ansamblımız müntəzəm olaraq tədbirlərdə iştirak edir, əsgərlərimizin qarşısında çıxışlarımız olur. Texniki avadanlıqlara, səsgücləndiricilərə ehtiyacımız var. Hörmətli nazirin Qobustanda vətəndaşları qəbul edəcəyini eşidib müraciət etdim. Kollektivimiz inanırdı ki, müraciətim müsbət həllini tapacaq. Hər şey gözlədiyimiz kimi oldu”.
   Kürdəmir rayonundan gəlmiş təhsil işçisi Elmira Süleymanova tarix-diyarşünaslıq muzeyinin bədii tərtibatına köməklik göstərilməsini xahiş etdi. Ağsu şəhərindən kitabxanaçı Zeynəb Məmmədova ixtisaslı kadrlara tələbatın olduğunu diqqətə çatdırdı. Müraciətlərdə eyni zamanda Basqal və Lahıc Tarix-Mədəniyyət qoruqlarının fəaliyyətinə dair təkliflər də səsləndirildi.
   
   Mədəniyyət işçiləri dövlətin siyasətini dəstəkləyirlər
   
   Qəbula yazılmış vətəndaşların hər birini diqqətlə dinləyən nazir səslənən bütün xahiş və təkliflərin nəzərdən keçiriləcəyini bildirdi. Əbülfəs Qarayev mətbuata açıqlamasında vurğuladı ki, müraciətlərin müsbət həlli istiqamətində lazımi tədbirlər görüləcək: “Növbəti dəfə regionlar üzrə vətəndaşlarla görüş keçirdik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin öyrənilərək həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. İndiyədək təşkil olunan görüşlərdə bir sıra məsələlər müsbət həllini tapıb. Regionlarda yaşayan mədəniyyət işçiləri dövlətin apardığı siyasəti dəstəkləyirlər. Müraciət edənlər bir çox hallarda vətəndaşlıq mövqeyi nümayiş etdirərək ayrı-ayrı məsələlərə xüsusi diqqət göstərilməsini xahiş edirlər. Bəzi müraciətlər yaşayış şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma ilə bağlı idi. Bir çox hallarda vətəndaşlar yaşadığı rayon, kənd və qəsəbənin mədəni mühitini inkişaf etdirən məsələləri önə çəkirlər. Çalışacağıq ki, bütün müraciətlər müsbət həll olunsun”.
   Görüşdən sonra Əbülfəs Qarayev Qobustan şəhərinin müxtəlif mədəniyyət müəssisələrinə baş çəkdi, mövcud şəraitlə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi.
   Qeyd edək ki, mədəniyyət və turizm nazirinin vətəndaşlarla görüşləri davam edəcək. Növbəti qəbul sentyabrın 6-da Cəlilabad şəhərində keçiriləcək.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar