Beynəlxalq sərgi-yarmarka çərçivəsində Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi qeyd olunacaq
   
   23-25 sentyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Beynəlxalq tədbirə hazırlıqla bağlı sentyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. İclasda həmçinin sərgi-yarmarka günlərində Bakıda gerçəkləşəcək Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasına hazırlıq məsələləri də müzakirə olunub.
   
   İclası giriş sözü ilə açan nazir Əbülfəs Qarayev son illər ölkənin mədəni həyatında baş verən yeniliklərdən danışıb, Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladıb. Qeyd olunub ki, ölkəmizdə ənənəvi olaraq gerçəkləşən beynəlxalq layihələr eyni zamanda Azərbaycana olan inamın göstəricisidir. Nazir Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının da ənənəyə çevrilməsindən məmnunluğunu ifadə edərək budəfəki sərginin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğunu vurğulayıb.
   Qeyd olunub ki, beynəlxalq tədbirdə Azərbaycandan 100-dən çox nəşriyyat və təşkilatın, həmçinin 20-dən artıq ölkədən poliqrafiya birliyi, nəşr evi və kitabxanaların iştirakı nəzərdə tutulub. Sərgi-yarmarkanın proqramı zənginliyi ilə seçilir. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyi məkana gəlincə isə, budəfəki sərgi ilk dəfə açıq havada təşkil olunacaq. Tədbirin pavilyon və stendləri Gənc Tamaşaçılar Teatrı ilə Opera və Balet Teatrının arasındakı məkanda (Rəşid Behbudov küçəsindən Bülbül prospektinə qədər) qurulacaq. Kitab satışı və nümayişi üçün sahələr və bütün stend avadanlıqları iştirakçılara ödənişsiz veriləcək. Sərgi-yarmarkada milli və beynəlxalq nəşriyyat evlərinə, kitab nəşri və yayımı ilə əlaqədar təşkilatlara, poliqrafiya müəssisələrinə, müəllif hüquqları qurumlarına müvafiq şərait yaradılacaq.
   Nazir Azərbaycan Milli Kitabxanasının 90 illiyi ilə bağlı tədbirlərin, eləcə də Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclasının və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasının sərgi-yarmarka günlərinə təsadüf etdiyini xatırladıb, bu tədbirlərə hazırlıqla bağlı tapşırıq və tövsiyələrini bildirib: “İstərdim ki, tədbirlərə dəvət olunmuş qonaqlar III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirak etsinlər, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olsunlar. Sentyabr ayından teatr mövsümü başlayır, eyni zamanda, bu ay Üzeyir Hacıbəyli adına növbəti beynəlxalq musiqi festivalının keçirilməsi nəzərdə tutulub. Ölkəmizə gələn qonaqların mədəni sahədə baş verən bütün hadisələrlə yaxından tanış olmasına lazımi şərait yaradılmalıdır”.
   Sonra Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlığın gedişi barədə geniş məlumat verib, başa çatan və görüləcək işlərdən, qarşıya qoyulmuş məqsədlərdən danışıb. Qeyd olunub ki, beynəlxalq poliqrafiya birlikləri, nəşr evləri budəfəki sərgi-yarmarkaya xüsusi maraq göstərirlər. Bundan əvvəl keçirilən sərgilərlə müqayisədə daha geniş miqyasda naşir, poliqrafçı və kitabsevərlərin diqqətini çəkən bu tədbirin ən böyük üstünlüklərindən biri də bakubookfair.com saytının yaradılmasıdır. Sərgi-yarmarkanın saytı üç dildə fəaliyyət göstərir, saytda tədbirin iştirakçıları üçün “online qeydiyyat” imkanı da yaradılıb.
   Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasına hazırlıq işlərindən danışıb, 65 ölkənin təmsil olunacağı tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib. Dünyanın aparıcı ölkələrinin milli kitabxanalarının sərgi-yarmarkada təmsil olunacağı diqqətə çatdırılıb.
   Daha sonra III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının saytının (bakubookfair.com) ilkin təqdimatı keçirilib. Saytı hazırlayan “Rubicon” şirkətinin art-direktoru Kamil Dadaşov onun fəaliyyətindən, üstün imkanlarından danışıb.
   İclasda həmçinin sərgi-yarmarkanın təbliği ilə əlaqədar planlaşdırılan işlərlə bağlı təqdimatlar olub. Qarşıda duran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, müvafiq tapşırıqlar verilib.
   İclasa yekun vuran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yüksək səviyyədə keçiriləcəyinə, bu tədbirlə ölkəmizin dünya kitab mədəniyyətinin inkişafı prosesinə layiqli töhfə verəcəyinə əminliyini bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar