Sentyabrın 4-dən 9-dək Moskvada 26-cı beynəlxalq kitab sərgi-yarmarkası keçirilib. Ümumrusiya Sərgi Mərkəzində gerçəkləşən kitab bayramında 50-dən çox ölkə təmsil olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu və şöbənin məsləhətçisi Faiq Xudanlı iştirak edib.
Sərgi-yarmarkada 1200-dən çox nəşriyyatın 200 minə yaxın kitabı oxuculara təqdim edilib. Azərbaycan kitabları da qonaqların, o cümlədən Rusiyadakı həmvətənlərimizin böyük marağına səbəb olub. Onların sırasında Mirzə İbrahimov, İlyas Əfəndiyev, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla və digər görkəmli ədiblərimizin əsərləri, eləcə də Azərbaycan təbiətinə, incəsənətinə və mədəniyyətinə dair kitablar yer alıb.
Tədbir çərçivəsində MDB ölkələrinin X Beynəlxalq "Kitab sənəti" müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi də keçirilib. Xatırladaq ki, MDB ölkələrinin “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şurasının təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Kitab sənəti” müsabiqəsi bu il mayın 23-24-də Belarusun paytaxtı Minskdə gerçəkləşib. Ölkəmiz bu müsabiqədə hər il uğurla təmsil olunur.
Bu il də Azərbaycan kitabları 3 nominasiyada birincilik əldə edib. “Art kitab” nominasiyasında Nizami Gəncəvinin “Təhsil” nəşriyyatında çap olunan “Lirika” kitabı, “Mədəniyyət. Elm. Təhsil” nominasiyasında Ədalət Vəliyevin “Müasir teatrın strukturu” kitabı (“Əfəndi” nəşr evi), “Mənim ölkəm” nominasiyasında isə şair Vaqif Bəhmənlinin “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Maqomayev planeti” kitabı birinci yeri qazanıb. “Şərq-Qərb” nəşriyyatında çapdan çıxan “Ana” kitabı “Uşaq və gənclər üçün kitab” nominasiyasında xüsusi diploma layiq görülüb.
Mükafatlandırma mərasimini professor Vladimir Qriqorin açaraq ölkələr və xalqlar arasında münasibətlərin inkişafında kitabların, ədəbiyyatın rolu haqqında danışıb, qalibləri təbrik edib.
Azərbaycan kitablarına təqdim olunan mükafatları almaq üçün səhnəyə tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu və “Əfəndi” kitab evinin rəhbəri Leyla Əfəndiyeva dəvət olunublar. Mükafatları “Kitabçılar gildiyası” şirkətinin prezidenti, iqtisad elmləri doktoru Boris Yesenkin təqdim edib. O, Azərbaycanın bu müvəffəqiyyətinə ürəkdən sevindiyini söyləyərək, belə gözəl kitablara görə bütün kitabsevərlər adından minnətdarlığını bildirib.
Çingiz Əlioğlu və Leyla Əfəndiyeva öz növbəsində təbriklərə görə təşəkkür edərək, kitablarımızın uğurları ilə qürur duyduqlarını vurğulayıblar. “Bu anda mənim ürəyim qürur hissi ilə doludur. Bu, Azərbaycan kitabının qələbəsidir. Öndə kitabdır! O, insanları birləşdirən sehrli qüvvədir, elə bir qüvvə ki, onu heç nə ilə əvəz etmək olmaz”, - deyə Çingiz Əlioğlu bildirib.