Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar sentyabrın 2-dən 11-dək Azərbaycanda türkdilli ölkələrin fotoqraflarının 10-cu görüşü keçirilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə türkdilli ölkələrdən 14, eləcə də Azərbaycandan 6 fotoqraf iştirak edirdi.
   
   Qeyd edək ki, fotoqraflar Bakının tarixi məkanlarında, görməli yerlərində, İçərişəhərdə çəkilişlər aparıb, paytaxtımızda inşa edilən yeni binaları, hotelləri, müasir Bakının diqqəti cəlb edən mənzərələrini fotoobyektivin yaddaşına köçürüblər. Görüş iştirakçıları turistlərin maraq göstərdiyi “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarında da olublar.
   Daha sonra onlar respublikanın müxtəlif bölgələrinə səfər edərək təbiət mənzərələrini, turizm obyektlərini, qədim tarixi abidələri öz yaradıcı baxışları ilə fotolarda əks etdiriblər.
   Sentyabrın 11-də “Qalereya 1969” salonunda layihənin yekun sərgisi açıldı.
   
   Azərbaycan fotoobyektivdə
   
   Sərgidə türkdilli ölkələri təmsil edən fotoqrafların Bakıda və bölgələrdə lentə aldıqları, Azərbaycanın mədəniyyətini, tarixini, turizmini, müasir inkişafını əks etdirən fotolardan seçilmiş 60-dək nümunə nümayiş olunurdu.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycan TÜRKSOY-un layihələrində fəal iştirak edir və türkdilli ölkələrin fotoqraflarının görüşünə ev sahibliyi etməkdən məmnunluq duyuruq: “Layihə çərçivəsində iştirakçılar ölkəmizin dilbər guşələrində oldular, Azərbaycan tarixinin, mədəniyyətinin, müasir mühitinin müxtəlif məqamlarını fotoya köçürdülər. Sərgiyə təqdim olunan əsərlər bu fotoların kiçik bir hissəsidir. Ümidvaram ki, olduğunuz yerlərdən özünüzlə ən maraqlı, yaddaqalan unudulmaz xatirələr və fotolar aparacaqsınız. Vaxt gələcək, bu fotolar arxivə çevriləcək və gələcək nəsillər Azərbaycanın bu günü ilə tanış olmaq üçün onlara müraciət edəcəklər”. 

   Belə layihələr türkdilli ölkələri bir-birinə daha da yaxınlaşdırır
   
   Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu bildirdi ki, belə tədbirlər ölkələri bir-birinə daha da yaxınlaşdırır. Ənənəvi olaraq təşkil edilən TÜRKSOY fotoqrafları görüşünün məqsədi türkdilli ölkələrin foto sənəti ustalarını bir araya gətirmək, onların yaradıcı ünsiyyətini təşkil etməkdir: “Azərbaycan dəfələrlə müxtəlif ölkələrdə keçirilən görüşlərdə təmsil olunub, fotoqraflarımız təcrübələrini paylaşıblar. Hesab edirəm ki, budəfəki görüş də onlar üçün əhəmiyyətli olacaq. Qonaqlarımız Azərbaycanda yeni dostlar, həmkarlar qazandılar. Tədbirin təşkilatçılarına, bu layihənin gerçəkləşməsində əməyi olan insanlara minnətdarlığımı bildirirəm”.
   Birlik sədri əlavə etdi ki, görüşün nəticəsi olaraq ən yaxşı işlərdən ibarət albomun nəşr edilməsi də nəzərdə tutulur.
   Şimali Kiprin TÜRKSOY-dakı təmsilçisi Gülər Fədai qurumun 1993-cü ildə türkdilli ölkələrin mədəni sahədə birgə fəaliyyət göstərməsi üçün yaradıldığını xatırlatdı. Azərbaycanda təşkil olunan tədbirin həm TÜRKSOY-un 20 illiyi, həm də türkdilli ölkə fotoqraflarının ənənəvi görüşlərinin 10 illiyi baxımından əlamətdar olduğunu söylədi. O, görüşün təşkilində əməyi olanlara və sərgiyə gələnlərə minnətdarlığını bildirdi.
   Təəssüratlarını bizimlə bölüşən Gülər Fədai Türkiyənin müxtəlif bölgələrində, habelə Şimali Kipr, Başqırdıstan, Tatarıstan və Qazaxıstandan sonra növbəti görüşün Azərbaycanda keçirilməsindən məmnunluğunu dilə gətirdi: “Buradan xoş təəssüratlarla ayrılıram. Azərbaycanlılar çox qonaqpərvərdirlər. Biz bir tərəfdən gözəllikləri fotolara köçürərkən, digər tərəfdən mənəvi həzz aldıq. Bir daha türk insanının qonaqpərvərliyi, xoş duyğularını, duz-çörəyini qarşılıq gözləmədən necə paylaşa biləcəyini gördük. Biz qardaş ölkələrik. Bu qardaşlıq, dostluq digər ölkələr üçün nümunədir”.
   
   “Bəzən özümə sual verirəm, mən niyə indiyədək Azərbaycana gəlməmişəm”
   
   Türkiyəli Səma Özevin Gözəl Sənətlər Akademiyasının fotoqraf bölməsini bitirib. Hazırda Qazi Universitetinin rəsm bölümünün magistrantıdır, film sektorunda da çalışır. Layihə çərçivəsində cənub bölgəsində olub: “Astara, Lerik, Yardımlı, Lənkəran, Masallı çox gözəl yerlərdir. Düzdür, biz orada olanda yağış yağırdı, amma maraqlı fotolar çəkə bildik. Bizi çox gözəl qarşıladılar. Türkiyədəki ailəmlə, dostlarımla telefonla danışanda buranın gözəl, gəzməli, istirahət etməli yer olduğunu dedim. Bəzən öz-özümə sual verirdim ki, mən niyə indiyədək Azərbaycana gəlməmişəm. Təkcə cənub bölgəsində onlarla maraqlı məkan var: təbiət mənzərələri, tarixi yerlər, ziyarətgahlar, türbələr. Türkiyəyə qayıdanda televiziya kanalında müsahibəm olacaq. Bu barədə türk tamaşaçıları ilə təəssüratlarımı ətraflı bölüşəcəyəm”.
   Layihə iştirakçısı olan həmvətənimiz Zemfira Mahmudova isə şimal bölgəsində olub: “Qubada, Qusarda, Xaçmazda olduq. Təbiət mənzərələrini, tarixi abidələri, ölkəmizin müasir memarlıq abidələrini çəkdik. İndi yekun sərgidir. Çox maraqlı işlər var. Layihə çərçivəsində biz burada həmkarlarımızla qarşılıqlı təcrübə mübadiləsi apardıq. Onların fikirləri, təcrübələri, işləri maraqlı idi. Fotoqrafların görüşü ideyası maralı layihədir. Hər birimiz bu görüşdən xoş xatirələrlə ayrılırıq. Onların bəzilərini imkan tapıb fotoların yaddaşına köçürə bilmişik”.
   
   * * *
   Sonda sərgidə iştirak edən fotoqraflara Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY adından sertifikat, təşəkkürnamə və hədiyyələr təqdim edildi.
   Sərgiyə sentyabrın 13-də yekun vurulacaq.
   
   C.Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar