Bakıda əlilliyi olan gənclərin beynəlxalq yaradıcılıq festivalı keçirilir
Sentyabrın 11-də “Mariott-Abşeron” hotelində əlilliyi olan gənclərin “Şərq nağılı” birinci Beynəlxalq yaradıcılıq festivalı başlayıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi, “Dan” Beynəlmiləlçi Gənclər, “Müşfiq” Əlil Uşaqlara Yardım və “Müstəqil Həyat” Dəstək və İnkişaf Mərkəzi ictimai birliklərinin təşkilati dəstəyi ilə reallaşıb.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, festivalın əsas məqsədi əlilliyi olan istedadlı gənclərin yaradıcılıq bacarıqlarının reallaşdırılmasının dəstəklənməsi, ictimaiyyətin diqqətinin humanizm ideyalarına, mədəni dəyərlərə və əlilliyi olan gənclərin yaradıcılığına cəlb edilməsidir.
Vurğulanıb ki, Azərbaycanda əhalinin bütün kateqoriyaları kimi, gənclərə, xüsusilə əlil gənclərə də diqqət və qayğı göstərilir. Gənc əlillərin mədəni həyatda iştirakı, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə daim müxtəlif layihələr həyata keçirilir.
Festivala 7 ölkədən 150-dən artıq əlil gənc qatılıb. İştirakçı dövlətlərdən gəlmiş 14 kollektiv tərəfindən festivalda mahnı, rəqs, teatr və instrumental musiqidən ibarət proqramlar nümayiş olunacaq. Festival çərçivəsində əlilliyi olan gənclərlə işləyən yerli təşkilatlar və fərdi təlimçilər üçün xarici ekspertlərin ustad dərsləri təşkil ediləcək.
Festival ərəfəsində Gənclər və İdman Nazirliyi və UNİCEF tərəfindən 20 nəfər qaçqın, köçkün və əlilliyi olan gənc üçün xarici ekspert tərəfindən fotoqrafiya üzrə təlimlər başlanıb. Təlimlərdə iştirakçıların çəkdikləri və ekspert tərəfindən seçilən fotolar festivalın bağlanış mərasimi və qala-konsertin keçirildiyi Heydər Əliyev Sarayında təşkil olunacaq sərgidə nümayiş etdiriləcək. Festivala sentyabrın 13-də yekun vurulacaq.