Sentyabrın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və “İçərişəhər” Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Arşın mal alan -100” mövzusunda tədbir keçirildi.
   
   18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş tədbiri “İçərişəhər” Tarixi Muzeyinin direktoru Elxan Haqverdiyev açaraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmana əsasən, dahi bəstəkarın doğum günü - 18 sentyabr ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur. UNESCO-nun qərarı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illik yubileyi bu il dünya miqyasında qeyd edilir.
   Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Arşın mal alan” musiqili komediyasının ölkəmizdə və onun hüdudlarından kənarda qazandığı çoxsaylı uğurlardan danışdı. Bildirdi ki, Üzeyir Hacıbəyli bu əsəri 1912-ci ildə Sankt-Peterburqda konservatoriyada oxuyarkən yazıb. O, “Arşın mal alan” operettasını tamamladıqdan sonra ilk dəfə Sankt-Peterburq konsevatoriyasının direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərib. A.Qlazunov əsəri çox bəyənib. “Arşın mal alan”a verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərib. “Arşın mal alan” dünyanın üç qitəsini dolaşıb. Əsər dörd dəfə Azərbaycanda, bir dəfə Amerikada ekranlaşdırılıb.
   Niyazinin mənzil-muzeyinin şöbə müdiri Xanımbacı Abdinova çıxış edərək bildirdi ki, “Arşın mal alan” filmi 1945-ci ildə ekranlara çıxdıqdan sonra ona 16-17 milyon tamaşaçı baxıb. Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırıb. Rusiya kinosunun 100 illiyi münasibətilə sovet ekranlarında uzun illər nümayiş olunan və xarici ölkə filmləri arasından seçilən “100 sevimli film” arasında “Arşın mal alan” kinokomediyası (1945) “Qızıl siyahı” ya daxil edilib. Film 180 ölkədə nümayiş olunub, 86 dilə tərcümə edilib.
   Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, Əzim Əzimzadənin ev-muzeyinin direktoru İradə Əzimzadə çıxış edərək Üzeyir Hacıbəylinin yaradıcılığından söz açdılar. Bildirdilər ki, bu görkəmli sənətkar ölməz əsərləri ilə nəinki Azərbaycan mədəniyyətinə, habelə dünya musiqi mədəniyyətinə misilsiz töhfələr verib.
   Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri ansamblı və “Günay” uşaq teatrının kollektivi çıxış etdi. Çıxışlardan sonra “Marionet teatrı”nın “Arşın mal alan” tamaşası əsasında hazırladığı kuklalardan ibarət sərgiyə baxış keçirildi.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar