“Arzu edirəm ki, bu məktəbdə təhsil alacaq uşaqlar gələcəkdə Azərbaycan musiqisinin, incəsənətinin şərəfli səhifələrinin müəlliflərinə çevrilsinlər”
   
   Sentyabrın 18-də paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində Fikrət Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbinin əsaslı təmirdən sonra açılışı oldu. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, rayonun mədəniyyət işçiləri iştirak edirdilər.
   
   Nazir Əbülfəs Qarayev çıxışında dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü olan 18 sentyabrın ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edildiyini vurğulayaraq, uşaq incəsənət məktəbinin belə bir əlamətdar tarixdə istifadəyə verilməsindən məmnunluğunu ifadə etdi, tədris ocağının kollektivinə təbriklərini çatdırdı. Məktəbin inşasında əməyi keçən insanlara minnətdarlığını bildirən Əbülfəs Qarayev görülən işlərin musiqi təhsilinin inkişafına xidmət etdiyini dedi. Ümummilli lider Heydər Əliyevin təhsilə, mədəniyyətə, incəsənətə daim böyük önəm verdiyini xatırladan nazir bu diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirdi: “Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqi təhsilinin inkişafı ilə bağlı bir sıra tədbirlər reallaşdırılır. Bu da təsadüfi deyil. Ölkə başçısı daima bu sahəyə xüsusi diqqət göstərir, Mədəniyyət və Turizm Nazirliyinə musiqi və incəsənət təhsilinin keyfiyyətinin artırılması ilə bağlı tapşırıqlar verir. Bütün musiqi kollektivlərinin, bəstəkarların, incəsənət xadimlərinin taleyində, sözsüz ki, bir bünövrə var. Bu bünövrə də musiqisi təhsili ilə qoyulur. Əgər bu iş zamanında düzgün qurulmasaydı, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov və başqalarının yollarının davamçıları olmasaydı, onda fəxr doğuran hissləri bu gün yaşaya bilməzdik. Bu mənada bu il bizim üçün xüsusilə önəmli oldu. Bölgələrdə 10-dan çox musiqi məktəbi yenidən quruldu. Yəni bu iş dövlətin diqqət mərkəzindədir”.
   Nazir çıxışında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətə, o cümlədən musiqi təhsilinin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan da söz açdı. Qeyd olundu ki, musiqi və incəsənət məktəblərinin yenidən qurulması növbəti illərdə də həyata keçiriləcək: “Açılışında iştirak etdiyimiz Fikrət Əmirov adına 6 nömrəli 11 illik uşaq incəsənət məktəbi 50 ildən çoxdur fəaliyyət göstərir. Amma indiyədək burada əsaslı təmir işləri aparılmayıb. İnanıram ki, artıq belə binada oxumaq təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək. Müəllimlərin iş şəraiti yaxşılaşacaq, şagirdlər daha böyük şövqlə incəsənətimizin sirlərinə yiyələnəcəklər. İnanıram ki, bu məktəbin məzunları arasında gələcəkdə görkəmli bəstəkarları, böyük musiqiçiləri görə biləcəyik. Müasir Azərbaycanın ən güclü silahı onun mədəniyyətidir. Arzulayıram ki, bu məktəbdə təhsil alacaq uşaqlar gələcəkdə Azərbaycan musiqisinin, incəsənətinin şərəfli səhifələrinin müəlliflərinə çevrilsinlər”.
   Mərasimdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mədəniyyətimizə, incəsənətimizə, musiqi təhsilinə göstərilən dövlət qayğısından danışdı, məktəbin kollektivinə uğurlar arzuladı.
   * * *
   Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, məktəbdə 400-dən çox şagird incəsənətin müxtəlif sahələri üzrə təhsil alır. Burada 100-ə qədər müəllim çalışır. Məktəbdə simli alətlər, köməkçi fənlər, nəfəsli alətlər şöbələri, kitabxana və s. fəaliyyət göstərir.
   Binada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin sentyabr ayından başlanıb. Tikinti işlərini “Piramida F.R.” şirkəti aparıb. Binanın əvvəlki layihəsinə bir sıra dəyişikliklər edilərək daha bir mərtəbə inşa olunub. 3 mərtəbədən ibarət məktəb 28 məşğələ, 3 rəsm, heykəltəraşlıq, rəqs, xor və orkestr, kostyum-qrim və s. otaqlardan ibarətdir. Bina müasir istilik və soyutma sistemi ilə təmin olunub.
   
   ”Görülən işlər musiqi mədəniyyətimizin inkişafına xidmət edir”
   
   Sentyabrın 19-da Nəsimi rayonundakı Şövkət Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı oldu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevda Məmmədova son illər Azərbaycan mədəniyyətinin əldə etdiyi uğurlardan danışdı.
   Qeyd olundu ki, yeni musiqi məktəblərinin istifadəyə verilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi musiqi mədəniyyətimizin inkişafına xidmət edir. Son illər ölkəmizdə onlarla yeni musiqi və incəsənət məktəbinin əsaslı yenidən qurulduğunu deyən direktor bu işdə təşəbbüs göstərən və əməyi keçən insanlara minnətdarlığını bildirdi.
   1967-ci ildən fəaliyyət göstərən 20 nömrəli uşaq musiqi məktəbində fortepiano, violin, fleyta, klarnet, tar, kamança, saz və digər ixtisaslar üzrə 380 şagird təhsil alır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar. 1993-cü ildən tədris ocağına Xalq artisti Şövkət Ələkbərovanın adı verilib. Məktəb bu günə qədər yüzlərlə şagirdin ilk musiqi təhsili məkanı olub.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev kollektivi təbrik etdi. O, ölkə başçısının müvafiq fərmanları ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində nazirlik sistemində fəaliyyət göstərən bir sıra bədii təhsil müəssisələrinin yeniləndiyini, əsaslı təmir olunduğunu bildirdi: “Dövlət başçısı tərəfindən bu işə xüsusi önəm verilir. Sevindirici haldır ki, hər il yeni tədris ilində musiqi məktəblərinin istifadəyə verilməsi ənənə halını alıb”.
   Azərbaycanın musiqi sədalarının dünyanın ən mötəbər konsert salonlarından gəldiyini deyən Vaqif Əliyev son illər Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində mədəniyyətimizin tanınma coğrafiyasının daha da genişləndiyini vurğuladı: “Dövlətin uğurlu siyasəti, görülən bütün bu işlər musiqi mədəniyyətimizin inkişafına xidmət edir. Bu gün istifadəyə verilən binada gələcəyin musiqiçiləri, bəstəkarları yetişəcək. Əsaslı yenidənqurma nəticəsində sözsüz ki, təhsilin keyfiyyəti artacaq. Ona görə də musiqi məktəbində fəaliyyət göstərənlər daha yaxşı nəticələr göstərməyə çalışmalıdırlar. İnanıram ki, bu məktəbin şagirdləri uğurları ilə seçiləcəklər”.
   * * *
   Sonra tədbir iştirakçıları məktəb binası ilə tanış oldular, tədris ocağının istedadlı şagirdlərinin ifasını dinlədilər.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar