“Arşın mal alan” operettasının 100 illiyi UNESCO-da qeyd olunub
Sentyabrın 17-də UNESCO-nun Parisdəki mənzil-qərargahında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş tədbirlər keçirilib. Tədbirlər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un, Azərbaycan, Qazaxıstan və Türkiyənin UNESCO yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə gerçəkləşib.
Qonaqlar əvvəlcə TÜRKSOY-un 20 illiyinə və “Arşın mal alan” operettasına həsr olunmuş sərgiyə baxıblar.
Sərgini açan TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatda 14 ölkənin birləşdiyini diqqətə çatdırıb, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Şərqdə məşhur olduğunu və bir çox ölkələrdə nümayiş etdirildiyini bildirib.
UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Françesko Bandarin çıxışında TÜRKSOY-un türkdilli ölkələrin mədəniyyətini təbliğ etməklə yanaşı, millətlərin yaxınlaşmasına xidmət göstərdiyini, qarşılıqlı anlaşma və dialoqu təşviq etməsini yüksək qiymətləndirib.
Şərqdə ilk musiqili operettanın müəllifi olan Üzeyir Hacıbəylinin “Arşın mal alan”ının dünya incəsənətinin nadir incilərindən olduğunu diqqətə çatdıran F.Bandarin bu operettanın 100 illiyinin beynəlxalq səviyyədə qeyd edilməsinin UNESCO tərəfindən dəstəkləndiyini bildirib.
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva “Arşın mal alan” operettasının 100 illiyi münasibətilə bayram tədbirlərinin təşkilinə görə UNESCO və TÜRKSOY-un rəhbərliyinə təşəkkürünü bildirib, TÜRKSOY təşkilatını 20 illiyi münasibətilə təbrik edib.
. Nazir müavini Üzeyir Hacıbəylinin yaradıcılığı, “Arşın mal alan” operettasının yaranma tarixi haqqında danışıb, əsərin bir çox dillərə tərcümə olunduğunu, dünyanın müxtəlif ölkələrində müvəffəqiyyətlə nümayiş etdirildiyini bildirib. Operettanı zəngin Azərbaycan mədəniyyətinin parlaq nümunəsi kimi səciyyələndirən nazir müavini əsərin 100 illiyinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qeyd olunmasının ölkəmiz üçün əlamətdar hadisə olduğunu deyib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında əsası 1993-cü ildə qoyulan qurumun 20 illik fəaliyyətindən bəhs edib, türkdilli ölkələrin mədəniyyətinin təbliği sahəsində görülən işlərdən söz açıb. TÜRKSOY tərəfindən beynəlxalq təşkilatlarda və müxtəlif ölkələrdə çoxsaylı tədbirlərin keçirildiyini vurğulayan baş katib 20 illik yubileyin yüksək səviyyədə qeyd edilməsinə şərait yaradan UNESCO rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra Azərbaycanın Xalq artisti, professor Ağaverdi Paşayevin dirijorluğu və Qazaxıstanın Karakanda Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən gəlmiş aktyorlar “Arşın mal alan” operettası əsasında tamaşa göstəriblər. Tamaşa böyük maraqla qarşılanıb.
Tədbirdə UNESCO rəsmiləri, qurumda akkreditə olunmuş daimi nümayəndəliklərin rəhbərləri, Fransada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları, fransız ictimaiyyətinin, Azərbaycan, Türkiyə və Qazaxıstan diasporlarının təmsilçiləri iştirak ediblər.
Qonaqlara “Arşın mal alan” operettasının yazıldığı disk və broşürlər paylanıb.
TÜRKSOY təşkilatının 20 illiyi, ölməz bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı və onun “Arşın mal alan” əsərinin 100 illiyi ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda ziyafət verilib.
Tamaşaçı Yael Angel təəssüratını belə ifadə edib: “Mən özüm də musiqiçiyəm, cazda vokalçıyam. Bir sənət adamı kimi tamaşa-konserti çox bəyəndim. Mən hələ də sizin dahi bəstəkarın gözəl musiqisinin təsiri altındayam. Orkestrin ifasına sözün əsl mənasında vuruldum. Orkestrdə istifadə olunan musiqi alətləri də məndə böyük maraq yaratdı. Təəssüflər olsun ki, Azərbaycan dilini bilmədiyimdən operettanın sözlərini başa düşmürdüm. Amma Əsgər və Gülçöhrə rollarını ifa edən aktyorların səsinə, ifa tərzinə söz ola bilməzdi. Onların səs tembri məni valeh etdi. Tamaşa məndə Azərbaycan mədəniyyətinin zənginliyi barədə müəyyən təsəvvür yaratdı”.