Bəşəriyyətin ən böyük kəşflərindən və maddi-mənəvi sərvətlərindən olan kitab, onun çapı və yayımı işi ilbəil inkişaf etməkdədir. Bu gün kitab həm də güclü təbliğat vasitəsidir. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası da müxtəlif nəşr evləri, çap-poliqrafiya müəssisələri üçün öz məhsullarını, bu sahədə qazandıqları uğurları nümayiş etdirmək üçün mühüm fürsətdir.
   
   “Altun Kitab” nəşriyyat evinin direktoru Rafiq İsmayılov:
   
   - 2009-cu ildə Bakıda ilk dəfə beynəlxalq kitab sərgi-yarmarkasının keçirilməsi mühüm mədəni hadisə idi. Sonradan bu layihənin ənənə halını alması biz naşirlər üçün sevindirici hal oldu. 2011-ci ildə keçirilən ikinci sərgidə də fəal iştirak etmişik. Tədbirin təşkilatçılığının hər dəfə yüksək səviyyəyə qalxdığını görürük, eyni zamanda iştirakçıların marağının artmasını da müşahidə edirik.
   Budəfəki sərgi-yarmarkanı da səbirsizliklə gözləyirdik ki, son iki ildə nəşr etdiklərimizi, yeni layihələrimizi təqdim edək. Sərgidə 120-140 adda kitab nümayiş etdirəcəyik. Yeri gəlmişkən, bu günlərdə İngiltərənin məşhur Oksford Universitetinin nəşriyyatından məktub almışıq. Onların nümayəndələri ilə Bakı sərgi-yarmarkasında görüşərək gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcəyik. Belə əlaqələri yaratmaq üçün beynəlxalq sərgilər gözəl imkandır. Onu da qeyd edim ki, “Oksford” nəşriyyatının özünün mətbəəsi olmasa da, il ərzində yüzlərlə kitab nəşr etdirir. Bu kitablar müxtəlif ölkələrdə işıq üzü görür.
   Nəşriyyatımız 2004-cü ildən fəaliyyət göstərir. Əsasən dərsliklər və uşaq ədəbiyyatı, “Hekayə ustaları”, “Mənim ilk kitabım”, “Altun klassika” seriyasından maraqlı kitablar çap edirik. Sərgidə iştirak edənlər ən yeni nəşrlərimizi də görə biləcəklər.
   Sərgi-yarmarkalar həm də marketinq aksiyasıdır. Burada açıq satış üçün nəşr etdirdiyimiz kitabları sərgiləyə bilirik. Hər bir nəşriyyat təcrübə topladıqca onun marketinq imkanları da genişlənir. Oxucu auditoriyası qazanır.
   Xarici ölkə nəşriyyatlarının Bakıdakı sərgiyə cəlb olunmaları müsbət haldır. Çünki biz nəşriyyatlar olaraq dünyada kitab nəşri sahəsində gedən prosesləri, maraqlı layihələri, ideyaları bu tədbir sayəsində izləmək imkanı qazanacağıq. Ümid edirəm ki, bu beynəlxalq tədbirdə bəzi xarici ölkə nəşriyyatlarının kitablarının Azərbaycanda çap etmək hüququnu ala biləcəyik. Əgər qiymət və oxucu marağı baxımından bizi qane edərsə, qarşılıqlı əməkdaşlıq etməyi düşünürük.
   
   “Kitab klubu”nun direktoru Elxan Rzayev:
   
   - “Kitab klubu” 2003-cü ildən fəaliyyətə başlayıb. Məqsədimiz Azərbaycan kitabını təbliğ etməkdir. Bizim üçün janr, müəllif və mövzu fərqi yoxdur. Çalışırıq ki, Azərbaycanda çıxan hər kitabdan bir nüsxə bizdə olsun. Onları biz internet səhifəmizdə və sosial şəbəkələrdə təbliğ edirik. Paralel olaraq “Azərbaycan nəşrləri” adı altında jurnal-kataloq buraxırıq. Çap olunan kitabları mümkün qədər geniş ictimaiyyət arasında yaymağa çalışırıq.
   Kitabla bağlı Bakıda beynəlxalq tədbirlərin keçirilməsi ilk növbədə oxucunu kitaba, kitabı oxucuya daha da yaxınlaşdırır. Bu mənada paytaxtımızda artıq üçüncü dəfə beynəlxalq kitab sərgi-yarmarkasının təşkili kitaba bağlı olan hər kəsi sevindirir. Biz bundan əvvəl I və II sərgi-yarmarkalarda iştirak etmişik. Hər dəfə 100-dən çox adda kitab nümayiş etdirmişik. Bu dəfə də bir o qədər kitabı təqdim etməyi düşünürük.
   İnanıram ki, budəfəki tədbir də uğurla keçəcək. İstərdim ki, sərgi ilə bağlı informasiya mümkün qədər geniş yayılsın. Kütləvi informasiya vasitələrindən xüsusi aktivlik gözləyirəm. Çünki cəmiyyətin inkişafı kitablardan, mütaliədən keçir.
   Fəaliyyətə başladığımız ilk illərlə müqayisədə indi kifayət qədər inkişaf müşahidə olunur. Bu, kitab çapındakı yeni tendensiyalarda, kitab oxunmasına olan meyldə də özünü göstərir.
   Bizim əsas layihələrimizdən biri ölkə başçısının sərəncamı ilə işıq üzü görən 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”nın abunəsini təşkil etməkdir. Eyni zamanda yazıçılarla görüşlər təşkil edir, kitabların təqdimatını keçiririk.
   
   “Vektor” nəşrlər evinin direktoru Elçin İsgəndərzadə:
   
   - Bu il bizim nəşriyyatın fəaliyyətə başlamasının 10 ili tamam olur. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında yubiley nəşrləri ilə təmsil olunmağı planlaşdırmışıq. Eyni zamanda respublikamızda və türk dünyasında diqqətçəkən nəşrlərimiz var. Sərgidə əsasən türk dünyası yazarlarının Azərbaycan türkcəsinə uyğunlaşdırılmış kitablarını təqdim etməyi düşünürük. Ötən sərgidən keçən müddət ərzində çap etdiyimiz təxminən 100-ə qədər kitabı nümayiş etdirəcəyik.
   Nəşriyyatımızın profili türk dünyası müəlliflərinin kitablarını, habelə digər ölkələrin maraqlı nəşrlərini dilimizə çevirib Azərbaycan oxucularına təqdim etməkdir. Sərgidə kitabsevərlər son iki ildə çap olunan nəşrlərimizi görə biləcəklər.
   Biz təsis etdiyimiz Şahmar Əkbərzadə mükafatı laureatlarının əsərlərini də hər il çap edirik. İndiyədək bu silsilədən 36 kitab çap etmişik və onları ayrıca bölmədə sərgiləmək fikrindəyik. Eyni zamanda bolqar, serb, Ukrayna, Makedoniya dillərindən dilimizə çevirərək nəşr etdiyimiz kitabları da nümayiş etdirəcəyik.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İstanbul, Frankfurt, Moskva və digər beynəlxalq kitab sərgilərində iştirak etmişik. Biz naşirlərin dünya təcrübəsi ilə tanış olması üçün bu cür tədbirlərin böyük əhəmiyyəti var.
   Nəşriyyatlara göstərilən bu dəstəyə görə nazirliyə minnətdarıq. Çünki biz bu tədbirlər vasitəsilə bir növ ictimaiyyət qarşısında hesabat verir, oxucu ilə daha geniş münasibət qura bilirik. Bundan əvvəlki sərgilərdə 10-a qədər nəşriyyatla münasibətlər qurmuş və bəzi nəşrləri ortaq yayımlamışıq. İnanıram ki, budəfəki sərgi də qarşılıqlı əməkdaşlıq baxımından səmərəli olacaq. 

   “E.L.” nəşriyyat və poliqrafiya şirkətinin direktoru Cəfər Bağırov:
   
   - Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə üçüncü dəfə gerçəkləşən sərgidən yüksək nəticələr gözləyirəm. Artıq təcrübə var, sərgi-yarmarka onlarla nəşriyyatın, poliqrafiya müəssisəsinin maraq dairəsindədir. Hesab edirəm ki, bu tədbirdən ən çox Azərbaycan oxucusu qazanacaq. Nəşriyyatlar da, təbii ki, dünyada gedən kitab nəşri prosesinin ən son yenilikləri ilə yaxından tanış ola biləcəklər.
   Sərgi-yarmarkada son illər çap etdiyimiz kitabları nümayiş etdirəcəyik. Əsasən müəlliflərlə işləyirik. Elmi və bədii kitabların çapına daha çox üstünlük veririk. “Azərnəşr”lə birgə layihəmiz var. Qeyri-türk və erməni müəlliflərinin ermənilər haqqında, onların uydurma iddiaları barədə yazdıqlarını müxtəlif dillərdə yayımlayırıq. İndiyədək bu istiqamətdə 14 kitab işıq üzü görüb. İngilis, rus, fransız dillərində işıq üzü görən bu kitablarda ermənilərin məkrli siyasətləri ifşa olunur. Həmin nəşrlər bir çox xarici ölkə səfirliklərinə, diaspor nümayəndəliklərimizə göndərilir.
   Bir sıra ölkələrdə öz təşəbbüsümüzlə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgilərə qatılmışıq, müxtəlif nominasiyalarda diplom və fəxri fərmanlarla təltif olunmuşuq. Onu da qeyd edim ki, ölkəmizdə keçirilən kitab sərgi-yarmarkaları heç də xaricdə təşkil olunan analoji tədbirlərdən geri qalmır. Hazırda kitab nəşri prosesi xeyli asanlaşıb. Azərbaycan nəşriyyatları da maraqlı layihələrlə tez-tez çıxış edirlər. İnanıram ki, III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası eyni zamanda çoxlu maraqlı, məzmunlu nəşr layihələri ilə yadda qalacaq.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar