“Əvvəllər biz xarici ölkədə nəşr edilən kitabın mükəmməlliyinə heyrətlə baxırdıqsa, bu gün artıq xarici qonaqlar bizim kitabların keyfiyyəti ilə maraqlanır”
   
   Paytaxtımızın ev sahibliyi etdiyi beynəlxalq kitab bayramında ölkəmizin bütün aparıcı nəşriyyatları iştirak edir. Sərgi-yarmarkaya qatılan bir neçə nəşriyyatın direktoru tədbir barədə fikirlərini bizimlə bölüşdü, eyni zamanda rəhbərlik etdikləri müəssisələrin işi, son dövrdə nəşr etdikləri kitablar barədə danışdılar.
   
   “Əli və Nino” nəşriyyatının direktoru Nigar Köçərli:
   
   - Çox sevindirici haldır ki, Azərbaycanda artıq üçüncü dəfədir beynəlxalq kitab sərgisi keçirilir. Ümumiyyətlə, sərgi çox faydalı bir tədbirdir. Çünki burada eyni məslək sahibləri müxtəlif ideyalarla bir araya gəlir, fikir mübadiləsi aparırlar. Kitab sərgiləri zamanı nəşriyyatlar birbaşa oxucularla ünsiyyətə girir, yeni məlumatlar verir, onların rəy və fikirləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bu baxımdan Bakıda təşkil edilən kitab sərgi-yarmarkasını yüksək dəyərləndirirəm.
   «Əli və Nino» nəşriyyatı dünyanın bir çox ölkələrində kitab sərgilərdə iştirak edir. 2013-cü ildə London və Moskvada təşkil olunan sərgilərdə təmsil olunmuşuq. Oktyabrda Almaniyanın Frankfurt şəhərində keçiriləcək sərgiyə qatılacağıq. Sərgilər bizim işimizə yeni nəfəs gətirir. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında da maraqlı bir stendlə çıxış edəcəyik. Stendimizdə endirimli kitab satışını təşkil etməyi də planlaşdırmışıq.
   Nəşriyyatımız əsasən dünya ədəbiyyatından tərcümələrin çapı ilə məşğuldur. Bu yaxınlarda əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin üçüncü kitabını nəşr etmişik. Hətta nəşriyyatımızın bu müəlliflə müqaviləsi də var. Rusiyada, Türkiyədə onun kitabları hələ çapdan çıxmadığı halda, Azərbaycan oxucuları öz dilimizdə məşhur yazıçının sonuncu kitablarını oxuya bilir. Artıq bir neçə həftədir ki, onun üçüncü kitabı satışdadır.
   Bundan başqa, «Dünya klassikləri» seriyasından 10-a yaxın kitab nəşr etmişik. Rus yazıçısı F.Dostoyevskinin «İdiot», L.Tolstoyun «Anna Karenina» əsərlərini, Ş.Brontenin «Ceyn Eyr», V.Hüqonun «Səfillər» və s. kitabları oxucularımıza təqdim etmişik. Hazırda bu seriyanı davam etdiririk. Cek Londonun, Mark Tvenin əsərlərini çap edirik.
   Son vaxtlar uşaq ədəbiyyatı ilə də ciddi məşğul oluruq. Uşaqlar üçün ayda bir neçə yeni kitabımız işıq üzü görür. Son nəşr etdiyimiz “Azərbaycan xalq nağılları” və «Sehrli nağıllar» adlı hədiyyəli bir kitabdır. Burada həmçinin Qrim qardaşlarının, Hans Kristian Andersenin məşhur nağılları da yer alıb.
   Nəşriyyatımız müxtəlif müsabiqələr də təşkil edir. Biz həm də “Milli Kitab Mükafatı”nın təsisçisiyik. Bu, Azərbaycan ədəbiyyatı sahəsində böyük layihələrdən biridir. Hər il bizim münsiflər heyəti tərəfindən üç ən yaxşı yazar seçilir və ona pul mükafatı təqdim edilir. 
    
   «Aspoliqraf LTD» MMC-nin direktoru Tural Axundov:
   
   - Azərbaycanda belə böyük formatda kitab sərgi-yarmarkasının keçirilməsi çox yaxşı haldır. Nəşriyyatımız bundan əvvəlki iki yarmarkada iştirak edib. Xaricdən gələn qonaqlarla tanışlıq, əlaqələrin genişlənməsi baxımından bu tədbirlər bizə çox şeylər verir.
   Birinci sərgidə iştirak edən Ukrayna, Türkiyə, İran və s. ölkələrin nəşriyyatları ilə tanışlığımız sonradan əməkdaşlığa çevrilib. Azərbaycanda çap, poliqrafiya sahəsində ciddi irəliləyiş var. Əgər əvvəllər biz hansısa xarici ölkədə nəşr edilən kitabın mükəmməlliyinə heyrətlə baxırdıqsa, bu gün artıq xarici qonaqlar bizim kitabların keyfiyyəti ilə maraqlanır. Artıq xarici ölkələrdən də sifarişlər alırıq. Bu bizim uğurumuzdur.   
   Nəşriyyatımız oxucuların tələbatına cavab verməyə çalışır. Əsasən dərslik nəşri ilə məşğul olsaq da, dünya ədəbiyyatından tərcümələri də çap edirik. Bu il «Diana: günahsız günahkar» adlı bir kitab nəşr etdik və oxucular tərəfindən çox maraqla qarşılandı.
   Bəzən deyirlər ki, indi kitab oxunmur. Amma mən bu fikrin əleyhinəyəm. Gənclərimiz getdikcə kitab oxumağa daha çox meyl edir. Təbii ki, onları daha çox məhəbbət romanları və detektiv janrda əsərlər cəlb edir. Son vaxtlar Bakıda kitab evlərinin sayının artması da sübut edir ki, kitab oxumağa maraq yüksəkdir.
   Ölkəmizdə keçirilən bu sərgidə də yaxından təmsil olunacağıq. Stendimizi yüksək tərtibatla qurmuşuq. Burada əsasən bədii kitablar yer alacaq. Sərginin sonuncu günü müəyyən endirimlərlə kitab satışı da olacaq.
   Bizim əsas məqsədimiz odur ki, sərgi-yarmarkaya gələn qonaqların ölkəmiz haqqında yüksək təəssüratlarla getməsinə nail olaq. Mədəniyyətimizi, qonaqpərvərliyimizi, kitab işi sahəsindəki inkişafımızı onların diqqətinə çatdıraq.
   
   «Əfəndi» MMC-nin direktoru Leyla Əfəndiyeva:
   
   - Nəşriyyatımız bundan əvvəlki sərgi-yarmarkalarda iştirak edib. Budəfəki sərgiyə də ciddi hazırlaşmışıq. Ümumiyyətlə, bu il nəşriyyatımız üçün uğurlu olub. May ayında Minskdə keçirilən MDB ölkələri “Kitab sənəti” müsabiqəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin bizim nəşriyyatda işıq üzü görən “Müasir teatrın strukturu” kitabı birinci yeri qazandı. Bu günlərdə Moskvada keçirilən 26-cı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında həmin müsabiqə qaliblərinin mükafatlandırma mərasimi oldu. İngilis dilində çap olunan kitabın məzmunu ilə yanaşı, keyfiyyətli tərtibatı da mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi.
   2010-cu ildə nəşriyyatımızda işıq üzü görən «Mədəniyyət» kataloqu Moskvada keçirilən beynəlxalq müsabiqədə «İlin ən gözəl jurnalı» nominasiyasında 3-cü yeri tutmuşdu. Ötən il nəşriyyatımız tərəfindən ingilis dilində «Azərbaycan nağılları» adlı kitab çap olundu. Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun gözəl illüstrasiyaları ilə nəşr olunan nəfis tərtibatlı kitab böyük maraqla qarşılandı.
   Sərgilər kitablarla, nəşriyyat-poliqrafiya işi ilə tanışlıq baxımından çox əhəmiyyətlidir. Ona görə də təkcə Azərbaycanda deyil, eyni zamanda xarici ölkələrdə keçirilən kitab sərgilərində də yaxından iştirak etməliyik. Budəfəki sərgi-yarmarkada böyük bir stendlə çıxış edəcəyik. Burada həmçinin kitablarımızın, jurnallarımızın müəyyən güzəştlərlə satışını da təşkil etməyi düşünürük. Hesab edirəm ki, sərgiyə gələn ziyarətçi buradan əliboş getməməlidir. 
    
   “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin icraçı direktoru Əliş Ağamirzəyev:
   
   - III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına çox ciddi hazırlaşmışıq. Çünki bu tədbir bizim gələcək beynəlxalq əlaqələrimizin daha da genişlənməsinə təkan verəcək. Bundan öncəki iki sərgi-yarmarkada da iştirak etmişdik. Həmin tədbirlər zamanı yerli və xarici nəşriyyatlarla əlaqələr qurduq, çap sahəsində bir çox yeniliklərlə tanış olduq. Ötən iki ildə fəaliyyətimizi, əldə olunan nailiyyətləri budəfəki sərgidə nümayiş etdirəcəyik. Bu sərgidə də dünyanın nəhəng kitab istehsalçılarının, aparıcı ölkələrin nəşriyyatlarının iştirakı gözlənilir. Çalışacağıq ki, qonaqlara respublikamızda kitab nəşrinin, poliqrafiya mədəniyyətinin yüksəliş mərhələsində olduğunu bir daha əyani şəkildə göstərək. Ümumiyyətlə, kitab sərgi-yarmarkasının keçirilməsi poliqrafiya müəssisələrinin burada təmsil olunması və əldə olunan nailiyyətlərin nümayişi gələcəkdə yeni perspektivlər üçün zəmin yaradır.
   Sərgidə 450-500 adda çap məhsulu ilə təmsil olunacağıq. Həmin nəşrlərdən Fəxrəddin Veysəllinin “Dilçiliyin əsasları”, Kamal Abdullanın “Dilçiliyə səyahət”, Süleyman Əliyarlının “Tariximiz”, İltifat Şahsevənlinin “İstiqlal fədailəri”, Rövşən Raqifoğlunun “Avropada Azərbaycan diasporu” və s. kitabları göstərə bilərəm. Ümid edirəm ki, müəssisəmizin istehsal etdiyi nəşrlər poliqrafik səriştəmizi kifayət qədər əks etdirə biləcək.   
   Xatırladım ki, ötən sərgi-yarmarkada Belarus, Ukrayna, Rusiya və Qazaxıstan respublikalarının kitab istehsalçıları bizim nəşrlərə böyük maraq göstərdi. Fəaliyyətimiz, uğurlarımız haqqında onlara geniş məlumat verdik. Onlar nəşriyyatımızın istehsal etdiyi kitabların bütün parametrlərə cavab verdiyini və dünyanın bir çox tanınmış çap şirkətlərinin məhsulları səviyyəsində olduğunu qeyd etdilər. Hətta bizim nəşriyyatla əməkdaşlıq etməyə də hazır olduqlarını bildirdilər.
   Biz də bu əməkdaşlığa maraq göstəririk. Gürcüstan, Macarıstan, İran və Rusiyada keçirilən kitab sərgilərində iştirak etmişik.
   Paytaxtımızda üçüncü dəfə gerçəkləşəcək beynəlxalq kitab sərgi-yarmarkası hər şeydən əvvəl Azərbaycan kitabının təbliğinə təkan verəcək. Naşirlərimizin xarici ölkələrdən olan həmkarları ilə təcrübə mübadiləsi aparmasına şərait yaranacaq. Və təbii ki, sərgi-yarmarka həm də naşirlərin oxucularla böyük bir görüşüdür.
   
   Fəxriyyə Abdullayeva,
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar