Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı fotoalbomda ölkəmizin quruculuq salnaməsində ulu öndərin adını daşıyan ünvanlardan söz açılır
   
   Sentyabrın 23-də Bakıda keçirilən III Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında «Heydər Əliyev adına» fotoalbomun təqdimat mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı fotoalbom ümummilli liderin 90 illik yubileyinə həsr olunub. Tanınmış elm və mədəniyyət xadimlərinin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə açaraq nəşr haqqında məlumat verdi.
   
   Bildirildi ki, kitab-albom ölkə Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli sərəncamının icrasına dair tədbirlər planına əsasən nəşr olunub. “Renessans” nəşrlər evində işıq üzü görən toplunun layihə rəhbəri və «Ön söz»ün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məsləhətçisi nazirin birinci müavini Vaqif Əliyev, mətn müəllifləri Vaqif Bəhmənli və Ələddin Əsədzadədir.
   Kitabda özül daşları ümummilli lider Heydər Əliyevin əli ilə düzülən, onun arzuları və istəkləri timsalında bəhər verən doğma ünvanlardan, ulu öndərin adını daşıyan küçə, yol, prospektlər, mədəniyyət ocaqları, limanlar, bağlar və parklar haqqında danışılır.
   Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bütün həyatını və fəaliyyətini Azərbaycan xalqının yüksəlişinə həsr etmiş unudulmaz insan, böyük azərbaycanlı, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, o cümlədən mədəniyyətə diqqət və qayğısından danışdı: “Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə sıx bağlılığı bu böyük şəxsiyyətin fitri istedadından, yaradıcı təbiətindən və milli irsə olan diqqətindən qaynaqlanırdı. Bu kitabla tanış olan hər bir şəxsin ilk olaraq rastlaşdığı hər səhifədən süzülən böyük Azərbaycan sevgisi olacaq. Sevgi olmadan gördüyün işə, tutduğun yola, seçdiyin əqidəyə, mənsub olduğun xalqa və millətə, cəmiyyətə, dövlətə xeyir gətirəcək iş görmək mümkün deyil. Heydər Əliyev hansı işdən danışırdısa, ona sevgi ilə yanaşırdı. Mədəniyyət, ədəbiyyat qədər bir xalqı tanıtdıran, sevdirən ikinci bir amil yoxdur və Heydər Əliyev də bu amili çox yüksək dəyərləndirirdi, bunu hər zaman prioritet məsələlər sırasında saxlayırdı, Azərbaycanı inkişaf etdirməyin yolunun eyni zamanda mədəniyyətdən keçdiyini vurğulayırdı. Odur ki, Azərbaycan qısa bir zamanda çox böyük uğurlara imza atdı, tarixi keçmişinə sahib durdu, bu gününü dəyərləndirdi, sabaha isə nikbin nəzərlərlə baxmağa başladı”.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət olan Heydər Əliyevin milli-mənəvi və əxlaqi dəyərlərimizin ümumbəşəri ideyalarla zənginləşdirilməsində xüsusi xidmətlərindən söz açdı. Qeyd etdi ki, Azərbaycan mədəniyyətinin yarım əsrdən artıq inkişaf yolu bilavasitə onun adı və şəxsiyyəti ilə bağlıdır: «Ulu öndər xalqımızın qəhrəmanlıqlarla dolu tarixinə, zəngin mənəvi dəyərlərinə, maddi-mədəni irsinə və incəsənətinə həmişə qayğı ilə yanaşıb. Onun əsasını qoyduğu mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir».
   Nazir bildirdi ki, III Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində silsilə tədbirlər keçirilir. «Heydər Əliyev adına» fotoalbomun təqdimatı bu sırada xüsusi yer tutur: “Çünki ulu öndər elm və təhsil, ədəbiyyat nümayəndələrinə qayğı ilə yanaşırdı, kitablara böyük əhəmiyyət verirdi. Heydər Əliyev o şəxsiyyətdir ki, son yarım əsrdən çox bir müddətdə Azərbaycan cəmiyyətinə rəhbərlik etməklə yanaşı, onun hər bir addımını müəyyənləşdirən bir siyasət formalaşdırıb. Onun yanında həmişə mədəniyyət, incəsənət adamları vardı. O, Azərbaycan mədəniyyətinin tanınması istiqamətində var qüvvəsi ilə çalışırdı».
   Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində kitab nəşrinə, bu sahənin inkişafına xüsusi yer ayrıldığını deyən Əbülfəs Qarayev diqqətə çatdırdı ki, nazirlik tərəfindən Azərbaycan tarixindən müasir ədəbiyyata qədər yüzlərlə kitabın hazırlanmasına dəstək verilib, bir çox nəşrlər hazırlanıb: «Bu sırada mən iki kitabı xüsusilə vurğulamaq istərdim. Bunlardan biri hörmətli Prezidentimiz İlham Əliyevin mədəniyyətlə bağlı siyasətini əks etdirən ikicildlik və Heydər Əliyev Fondunun fəaliyyəti, Fondun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin hamisi kimi gördüyü işləri əks etdirən kitabdır. Bu kitabı nazirlik üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr edib. Heydər Əliyevin əsasını qoyduğu yolun üzərində bu gün müasir, müstəqil Azərbaycanın mədəniyyəti digər sahələrlə bərabər inkişaf etməkdədir. Bu işin layiqli davamçısı hörmətli Prezidentimizdir. Bu ana xətt həmişə davam etdiriləcək. Bu xətt bütün dünyaya Azərbaycanın güclü və qüdrətli bir dövlət olduğunu sübut etməkdədir».
   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək ulu öndərin Azərbaycanın zəngin mədəniyyətinin dünyaya inteqrasiyasında və təbliğində müstəsna xidmətlərini qeyd etdilər. Çıxışlarda bir daha vurğulandı ki, «Heydər Əliyev adına» fotoalbom ölkəmizin quruculuq salnaməsində silinməz izlər qoyan dahi rəhbərə xalqın dərin ehtiramını, sevgisini nümayiş etdirir.
   Təqdimat mərasiminin bədii hissəsində Xalq artisti Ağadadaş Ağayev və Əməkdar artist Tünzalə Ağayevanın ifasında ulu öndərin unudulmaz xatirəsinə həsr olunmuş mahnılar, Xalq artisti Məleykə Əsədovanın Heydər Əliyev haqqında söylədiyi şeir alqışlarla qarşılandı.
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar