Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi I Payız Məktəbində 30 gənc iştirak edir
Sentyabrın 24-də «Four Seasons Baku» mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində I Payız Məktəbinin açılması ilə bağlı tədbir keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, belə bir məktəbin açılmasında əsas məqsəd ölkəmizdəki tarixi və arxeoloji abidələrə daha çox diqqət göstərilməsi, tələbələrin bu sahəyə həvəsləndirilməsi, biliklərinin artırılmasıdır: «Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrə olduğu kimi, ölkəmizin mədəni irsinə də böyük diqqət yetirilir. Müstəqil bir dövləti tanıtmaq, dünyada təbliğ etmək üçün ilk növbədə onun tarixini, mədəni irsini bərpa etmək, qorumaq lazımdır. Bu istiqamətdə mühüm işlər görülür. Ölkə başçısı İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Ötən müddətdə ölkənin mədəni irsinin qorunması və təbliği istiqamətində bir neçə qanun və dövlət proqramları qəbul olunub. Bu sahədə xeyli irəliləyiş var. Memarlıq və arxeoloji abidələrin ərazisində qoruqlar yaradılır, abidələr bərpa olunur, beynəlxalq aləmə çıxarılaraq, dünya mədəni irs siyahılarına daxil edilir. “İçərişəhər” tarix-memarlıq və “Qobustan” milli tarix-bədii qoruqları UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bununla bərabər, dörd qeyri-maddi mədəni irs nümunəmiz - muğam, aşıq sənəti, xalçaçılıq sənəti və tar ifaçılığı sənəti də UNESCO-nun siyahısındadır. Bunun özü bugünkü müstəqilliyimizin bəhrəsidir».
Gənclər bu sahədə hazırlıqlı,
savadlı və həvəsli olmalıdırlar
Vaqif Əliyev bildirdi ki, Azərbaycan tarixi-mədəni, arxeoloji abidələrlə zəngindir. Elə abidələr var ki, diqqətdən kənardadır: «Ona görə də hazırda gənclərimizin üzərinə xoşməramlı və yaradıcı bir yük düşür. Bu yükü də götürmək üçün gənclər həm hazırlıqlı, həm savadlı, həm də həvəsli olmalıdırlar. Bu baxımdan bu məktəbin önəmi çox böyükdür».
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qeyd etdi ki, arxeoloji abidələr bizim keçmişimiz və tariximizdir: «Azərbaycanda arxeoloji tədqiqatlar geniş vüsət alıb. Son illər 40-dan çox arxeoloji ekspedisiya tədqiqat aparıb və elmə məlum olmayan yüzlərlə arxeoloji abidə üzə çıxıb. Arxeoloji abidələrin bərpası və konservasiyası zamanı ilk növbədə qədim tariximiz qorunur, onların gələcək nəsillərə çatdırılması və turizm nümayiş obyektinə çevrilməsi üçün şərait yaradılır. Bu sahədə bizim institut Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində Füzuli rayonundakı Şeyx Babı türbəsi, orta əsrlər Şabran şəhəri, antik dövr Qəbələ şəhəri, Qubada tunc dövrünə aid Xınalıq və orta əsr Şəmkir şəhəri istiqamətində aparılan tədqiqatları xüsusilə qeyd etmək istərdim. Bizim arxeoloji tədqiqatlarda gənclər də yaxından iştirak edir. Bu baxımdan belə bir məktəbin yaradılması olduqca təqdirəlayiqdir».
Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə də öz çıxışlarında memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində I Payız Məktəbi layihəsinin çox əhəmiyyətli olduğunu dedilər. Bildirildi ki, öz tarixini və mədəni irsini qoruyub saxlayan xalq daim yaşayacaq. Layihəyə gənclərin cəlb edilməsinin xüsusilə önəmli olduğu vurğulandı.
«Azərbaycan tarixi və arxeoloji
irs baxımdan çox zəngin ölkədir»
Təlimlərlə bağlı ölkəmizə dəvət edilmiş Belçika Krallığının Lüven Universiteti Şərqşünaslıq İnstitutunun professoru, Kral Tarix və İncəsənət Muzeyinin tədqiqatçısı Aleksandr Turovetsin sözlərinə görə, Qafqaz regionu, o cümlədən Azərbaycan həm arxeoloji abidələr, həm də onların bərpası baxımından vacib bir ölkədir: «20-30 il bundan əvvəl bizim üçün arxeoloji qazıntılar baxımından ən vacib regionlar Misir, Mesopotamiya, Pakistan ərazisi idi. İndi isə biz diqqətimizi məhz Qafqaz regionuna yönəltmişik. Səfərimin ilk günü Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etdim. Gördüklərim məni çox məmnun etdi. Muzeydəki nümunələrdə Türkiyə, Rusiya və İranın təsirlərini gördüm. Azərbaycan mədəniyyətlərin qovşağında yerləşən, zəngin tarixə malik ölkədir».
Mütəxəssisin sözlərinə görə, Azərbaycan hələ arxeoloji tədqiqatların başlanğıcındadır: «Bu istiqamətdə hələ cavabı olmayan bir çox suallar var. Ümid edirəm ki, Azərbaycanda həyata keçiriləcək bu arxeoloji tapıntılar bu sualların cavablarının tapılmasına kömək göstərəcək. Bərpa işlərinə gəldikdə, mən İçərişəhərə baş çəkdim. Burada abidələrin və binaların bərpası istiqamətində aparılan işləri gördüm. İçərişəhər kimi məkanlarda tarixi binaların bərpası zamanı bizim qarşımızda iki seçim olur: onları bərpa edib açıq muzeyə və yaxud da insanların yaşaya biləcəyi bir məkana çevirmək. Məsələn, İranda biz bunların qarışığından istifadə etdik. Orada tarixi bir ərazini bərpa edərək, həm açıq havada muzeyə çevirdik, eyni zamanda burada insanlar da yaşaya bilir. Çox vacibdir ki, bəzi tarixi ərazilərdə insanlar yaşasın ki, buradakı abidələr məhv olmasın».
Aleksandr Turovets bildirdi ki, Azərbaycan tarixi və arxeoloji irs baxımdan zəngin bir ölkədir və bu zənginliyə bir mütəxəssis kimi həsəd aparır: «Azərbaycan mədəniyyət baxımından çox maraqlı bir regiondur. Hazırda bizim qarşımızda duran əsas vəzifələrdən biri bərpa olunmuş abidələrin konservasiyasıdır. Avropada bərpa olunmuş abidələrin konservasiyasına böyük önəm verilsə də, onlar hazırda açıq muzey kimi fəaliyyət göstərirlər. Axşam saat 5-də həmin tarixi abidələrə giriş bağlanır və heç kim gedib onu görə bilmir. Bu da sanki canlılığı o tarixi abidələrdən alır».
Azərbaycanda konservasiyaya hansı abidədən başlayacaqlarına gəlincə, qonaq bildirdi ki, bu, dövlət qurumlarından asılıdır.
Layihənin ilk günü keçirilən nəzəri təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət institutlarının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən müxtəlif təqdimatlar nümayiş etdirildi.
Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək məktəbdə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə (memarlıq, arxeologiya, turizm, mədəniyyətşünaslıq və s.) ixtisaslaşan, bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan və ya məzun olmuş 30 gənc iştirak edir. İştirakçılara layihənin növbəti günlərində Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində təlimlər keçiriləcək. Onlar «Xınalıq» tarix-memarlıq və etnoqrafiya qoruğunda və Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı əldə edəcək, son illər ərzində bərpa edilmiş və hazırda bərpası davam etdirilən tarix və mədəniyyət abidələrini ziyarət edəcəklər.
Düşərgənin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları təqdim olunacaq.
Fəxriyyə Abdullayeva