Sentyabrın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi oldu. Əvvəlcə iştirakçılar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olundu, məzarı üzərinə güllər düzüldü.
   
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının qarşısındakı açıq ərazidə (Nizami küçəsi, 72-95) təşkil edilən sərgi-yarmarkaya 100 yerli və 20-dək xarici ölkədən nəşriyyat, çap və poliqrafiya müəssisələri, kitab işi ilə məşğul olan qurum qatılıb. Açılış mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, mədəniyyət və ədəbiyyat xadimləri, yazarlar, müxtəlif bölgələrdən gələn mədəniyyət işçiləri, kitabsevərlər, paytaxt ictimaiyyəti iştirak edirdi.
   İştirakçıları salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan paytaxtında iki ildən bir keçirilən sərgi-yarmarkanın əhəmiyyətindən söz açdı. Bildirdi ki, ilk dəfə 2009-cu ildə gerçəkləşən sərgi artıq bir ənənəyə çevrilib və ölkənin mədəni həyatında öz yerini tutub: “Nəşriyyatlar, kitab evləri, müxtəlif qurumlar böyük həvəslə bu sərgi-yarmarkaya qoşulurlar. Əsas məqsəd dövlətin kitab çapı, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın nəşri ilə bağlı qərar və göstərişlərini, bu sahədə görülən işləri diqqətə çatdırmaq, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir. Sərgi-yarmarka ənənə halını almaqla yanaşı, əhəmiyyətini, coğrafiyasını, oxucu auditoriyasını da genişləndirir. Bu il Azərbaycanın demək olar ki, bütün nəşriyyatları bu işə qoşulublar. Onlar müxtəlif dillərdə çap məhsullarını nümayiş etdirirlər”.
   Nazir çıxışında Azərbaycanda kitab sənətinin inkişafı istiqamətində görülən işlərdən, nəşriyyat işinə göstərilən diqqət və qayğıdan söz açdı: “Azərbaycan dövləti əhalisinin bilik və savadının artırılmasında maraqlıdır. Bu istiqamətdə müxtəlif layihələr icra olunur. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider daima Azərbaycanda kitab işinə böyük diqqət göstərərdi. O, dəfələrlə Milli Kitabxanada olub, çıxışlarında kitabın cəmiyyət üçün önəmi haqqında dəyərli fikirlər səsləndirib. Bu gün onun müəyyənləşdirdiyi siyasətə uyğun görülən işlərə baxanda Azərbaycanda kitab işinin hansı səviyyədə inkişaf etdiyinin şahidi oluruq. Ölkəmizdə kitaba qayğı yüksək səviyyədədir. Ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq həm dünya ədəbiyyatı, həm də milli ədəbiyyat nümunələrinin latın qrafikası ilə yenidən nəşr olunaraq kitabxanalara pulsuz paylanılması çox müsbət addımdır. Sözsüz ki, bu, kitabxanalarda oxucuların sayının artmasına təkan verir.
   Bu gün fəxr edirik ki, Azərbaycan kitabı ölkəmizin hüdudlarını aşaraq müxtəlif beynəlxalq sərgilərdə öz layiqli yerini tutur. Biz hər il 6-7 nüfuzlu beynəlxalq kitab sərgisində iştirak edirik. Azərbaycan kitab sənəti nümunələri, maraqlı nəşr layihələri bu tədbirlərdə uğurla təqdim olunur, müxtəlif diplom və mükafatlara layiq görülür. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüs və fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Heydər Əliyev Fondunun mədəniyyət layihələri kitab nəşri işinə böyük töhfə verir”.
   Mədəniyyət və turizm naziri ölkədə kitabxana şəbəkəsinin müasir tələblərə uyğun yenidən qurulduğunu diqqətə çatdırdı: “Müasir informasiya daşıyıcılarına keçmə dövrü, kitabxanaların fəaliyyətinin müasirləşdirilməsi, onların eyni zamanda informasiya mərkəzləri funksiyasını daşıması bizim üçün çox önəmlidir. Bununla əlaqədar ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunub. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir”.
   III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı olduğunu diqqətə çatdıran nazir ümummilli liderin yubileyinə həsr olunmuş tədbirin Azərbaycan Milli Kitabxanasının 90 illiyi ilə üst-üstə düşdüyünü qeyd etdi. Bildirdi ki, sərgi müddətində paralel olaraq həm Milli Kitabxananın yubileyi ilə əlaqədar tədbirlər, həm də iki beynəlxalq toplantı keçiriləcək. Bunlar Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasıdır: “Mən əminəm ki, III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, keçirilən bütün tədbirlər, təqdimatlar yaddaqalan olacaq. Çünki müxtəlif ölkələrin, habelə yerli nəşriyyatların ən son nəşrlərini bu sərgidə görə biləcəyik. Biz bu günlər ərzində bir sıra təqdimatlar keçirəcəyik. İnanıram ki, Azərbaycanda kitaba sevgi həmişə yaşayacaq. Bir daha Bakıda keçirilən kitab bayramı münasibətilə iştirakçıları təbrik edir, onlara uğurlar arzulayıram”.
   * * *
   Sonra iştirakçılar sərgi-yarmarkanın stendləri ilə tanış oldular, son illərdə ölkəmizdə və dünyada nəşr olunmuş kitab, dərslik və jurnallara baxdılar. Onlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə işıq üzü görmüş kitablar, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çapdan çıxan nəşrlər barədə ətraflı məlumat verildi.
   * * *
   Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Baş nazirin müavini Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik etdi, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsinin ənənə halını aldığını söylədi: “III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı son dərəcə fərəhli bir hadisədir. Bu yalnız kitabın deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin, ictimai fikrinin, elminin, incəsənətinin bayramıdır. Kitab bəşəriyyətin, insanlığın ən böyük kəşflərindən biridir və əgər kitab olmasaydı, elmlərin də inkişafı olmazdı.
   Hesab edirəm ki, Qobustan qayalarındakı rəsmlərimiz ibtidai insanın bizə yadigar qoyduğu kitablardır. Hər zaman kitab bu və ya digər formada insanla birgə olub. Ulu öndər Heydər Əliyev vaxtilə nəşriyyatlar haqqında fərman imzalayıb və bununla da nəşriyyatların fəaliyyət üçün lisenziya alması aradan qalxıb. Bundan sonra bütün nəşriyyatlar öz fəaliyyətlərini qurublar. Hazırda prezident İlham Əliyevin sərəncamı ilə minlərlə kitab çap olunur və kitabxanalara paylanılır. Hesab edirəm ki, kitaba bu hörmət xalqa hörmətin təzahürüdür”.
   * * *
   Sərginin ilk günü müxtəlif təqdimat və tədbirlərlə yadda qaldı. Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın ümummilli lider Heydər Əliyevə həsr olunmuş ekspozisiyası nümayiş etdirildi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının, Rusiya Milli Stendinin təqdimatı oldu.
   III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 25-dək davam edəcək.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar