Bu da çoxdan gözlədiyimiz əlamətdar gün. Sentyabrın 23-ü səhər saatlarından III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirildiyi ünvanda (Nizami küçəsi 72-95) böyük qələbəlik var. İlk dəfə olaraq açıq səma altında təşkil olunan kitab bayramında yerli və xarici ölkələrin nəşriyyat və poliqrafiya müəssisələrinin çap məhsullarının nümayişi, təqdimatlar, diskussiya və fikir mübadiləsi - bir sözlə, kitabla oxucunun, naşirlə müəllifin görüşü. Burada hətta milli mətbəximizin cürbəcür təamlarını da görmək mümkündür. Amma bu bayramın şah əsəri, əlbəttə ki, kitabdır. Tədbirə gələn hər kəs təqdim olunan nəşrlərə tamaşa edir, almaq istədiyi kitablar üçün stendlərin qarşısında növbəyə dururlar. Sevindirici haldır ki, xüsusilə də gənclərin kitablara marağının artdığını müşahidə edirik. “Qanun” və “Əli və Nino” nəşriyyatlarının stendləri qarşısındakı kitabsevərlərin əksəriyyəti gənc oxuculardır, aldıqları əsərlər isə əsasən dünya ədəbiyyatı nümunələridir...
   
   
   Elmi-texniki kitablara maraq
   
   Sərgiyə təşrif buyuranlar kitablarla tanış olmaqla bərabər, həm də yarmarka çərçivəsində keçirilən tədbirlərə də qatılırlar. Belə tədbirlərdən biri də Rusiya stendinin açılış mərasimidir. Pavilyonda Rusiya Federasiyası Federal Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyi, Sosial-İqtisadi və İntellektual Proqramlar Fondu və Rusiya Kitab Naşirləri Assosiasiyası təmsil olunurdu.
   Açılışda çıxış edən “Rossotrudniçestvo” Federal Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov sərgi-yarmarkaların əhəmiyyətini və ölkələr arasında ədəbi tanışlığa körpü olduğunu vurğulayaraq Bakıdakı möhtəşəm sərgidə iştirakdan məmnunluğunu dilə gətirdi. Sərgidə zəngin nəşr nümunələri ilə iştirak etdiklərini diqqətə çatdırdı. Bildirdi ki, Bakıya gələn nümayəndə heyətinin tərkibinə Rusiyanın tanınmış ziyalıları, uşaq yazıçısı Valeri Voskoboynikov, yazarlar Mariya Vatutina, Yevgeni Reyn, sənətşünas və naşir Nadejda Reyn, ədəbiyyat tənqidçisi, publisist Lev Anniski daxildir.
   Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin, Bakıdakı “Rus kitab evi”nin direktoru İsrafil İsmayılov sərgi-yarmarka barədə fikirlərini bölüşdülər.
   Rusiya pavilyonunda texniki ədəbiyyatdan klassik ədiblərin əsərləri, dini ədəbiyyatdan uşaq kitablarınadək çeşidli nəşrlər təqdim edilir. Burada ayrıca “Russkiy reportyor” adı altında bu ölkənin məşhur fotoreportyorlarının işləri təqdim olunur. Oxucuların ən çox müraciət etdiyi bölmə texniki ədəbiyyat bölməsi idi. Neft-kimya və s. sahələrə aid kitablara tələbatın çoxluğu nəzərə çarpırdı. Moskvanın tarixini əks etdirən kitablarla yanaşı, XX əsr rus yazıçılarının kitablarına da marağın çox olduğunu müşahidə etdik.
   Bu müddətdə tanınmış rusiyalı tənqidçi və publisist, ədəbiyyat, teatr, kino və bədii fotoqrafiya haqqında kitabların müəllifi, Rusiya Yazıçılar İttifaqının üzvü Lev Anninski ilə görüş oldu. Dəyirmi masa ətrafında “Millilik və vətənpərvərlik” mövzusunda diskussiya keçirildi. Tənqidçi bildirdi ki, milli özünüdərk ali mənəvi özünüdərkdir və bu barədə xüsusi fikirləşmək lazım deyil, hər şey təbii şəkildə olmalıdır. O, milli ədəbiyyatların inkişafına, müəlliflərin əsərlərində bədii və mənəvi məsələlərə, insan varlığı barədə əzəli suallara dair fikirlərini bölüşərək qeyd etdi ki, bütün bunlar ümumbəşəri olduğuna görə oxucu üçün hər bir dildə başa düşülən və maraqlıdır. Dəyirmi masanın sonunda tənqidçiyə onun Bakı Slavyan Universitetinin nəşriyyatında "Filoloqun kitabxanası" silsiləsindən Azərbaycan dilində çap olunmuş "Qoz ləpəsi: tənqidi oçerklər" kitabı təqdim olundu. Kitabı Azərbaycan dilinə professor Məmməd Qocayev və yazıçı Etimad Başkeçid tərcümə edib, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rövşən Əliyevdir.

   Ulu öndərin irsi
   
   Kitab bayramı çərçivəsində professor Zahid Qaralovun “Heydər Əliyevin elmi irsi” ikicildliyinin təqdimatı keçirildi. Tədbiri “Şərq-Qərb” nəşriyyatı direktorunun müavini Rafiq Kazımov açaraq kitabın məziyyətlərindən bəhs etdi. Professor Zahid Qaralovun bu dəyərli əsərini Azərbaycan xalqının ümummilli liderinin 90 illik yubileyinə sanballı töhfə kimi səciyyələndirdi. “Şərq-Qərb” nəşriyyatının ulu öndərlə bağlı bir çox əhəmiyyətli kitablara imza atdığını vurğuladı.
   Professor Zahid Qaralov Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyətindən, elmi-nəzəri əhəmiyyətindən danışdı. Qeyd etdi ki, biz bütün sahələrdə, bugünkü Azərbaycan reallıqlarında ümummilli lider Heydər Əliyevin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri olub. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşıb. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz ulu öndər olub.
   Nəşrin yaranma ideyasından söz açan müəllif bildirdi ki, Prezident İlham Əliyevin 2012-ci ildə ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə söylədiyi fikirlər bu kitabın leytmotivini təşkil edir. Kitabda xalqın dəstəyinə arxalanan və xalqı üçün yaşamağı özünə fəxr bilən liderin həyat və fəaliyyəti, xalqın taleyinin həlli istiqamətində atdığı addımlar, dövləti idarəetmə işində göstərdiyi qətiyyət hərtərəfli təhlil edilir, yeni cəmiyyət quruculuğu prosesində atdığı dönməz addımlar, yürütdüyü siyasət ön plana çəkilir.
   Zahid Qaralov bildirdi ki, “Heydər Əliyevin elmi irsi” kitabı 1969-cu ildən bəri topladığı materiallar əsasında tərtib olunub. Nəşri ulu öndər haqqında yazılmış digər əsərlərdən fərqləndirən cəhət ondan ibarətdir ki, burada Azərbaycanın yeni tarixində baş vermiş siyasi hadisə və proseslərə sadəcə olaraq xronoloji ardıcıllıqla deyil, elmi nöqteyi-nəzərdən yanaşılıb. Kitab ümummilli lider Heydər Əliyevin yalnız elmi irsinin deyil, həmçinin onun mənəvi, əxlaqi və dövlətçilik irsinin də öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. Əsərdə ulu öndərin elmi irsi on beş istiqamət üzrə araşdırılıb.
   
   Tribuna gənc yazarlara verildi
   
   Sərgi-yarmarkanın ilk günü gənc yazarlarla görüş oldu. Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, tanınmış şair Çingiz Əlioğlu görüşü açıq elan edərək tədbirdə iştirak edən gənc yazarlar və onların ilk yaradıcılıq uğurları haqqında məlumat verdi.
   Gənc yazarlardan Elşad Ərşadoğlu, Feyziyyə Hacıyeva, Sahilə İbrahimova və Fərid Hüseyn yaradıcılıqlarından nümunələr səsləndirməklə yanaşı, iştirakçıların suallarını cavablandırdılar. Tədbirin sonunda gənclər onlara yaradılan şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildirdilər.
   
   Kitab bayramına saz-söz töhfəsi
   
   Beynəlxalq kitab sərgi-yarmarkasının birinci gününün sonunda iştirakçı və qonaqlar aşıq konsertini dinlədilər. Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə reallaşan konsertdə qara zurnanın və sazın müşayiəti ilə gənc aşıqların ifasında “Ceyranım”, “Gülə-gülə”, “Ay gedən” və s. aşıq mahnıları, el havaları səsləndirildi.
   Beləliklə, sərgi-yarmarka zəngin proqramlı birinci iş gününü başa vurdu. Qarşıda isə kitabla dolu iki gün vardı...
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar