Sentyabrın 26-da Mədəniyyət və Turizm Nazirliyində UNESCO ilə əməkdaşlıq məsələlərinin müzakirə olunması məqsədilə qurumlararası görüş keçirilib.
Görüşdə nazir Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Təhsil Nazirliyinin şöbə müdiri Fariz Rzayev və digər şəxslər iştirak edib.
Azərbaycanın UNESCO ilə əməkdaşlığından danışan nazir qeyd edib ki, ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli tədbirlər Azərbaycanın beynəlxalq arenada və qurumda nüfuzunun artmasına səbəb olub.
Bildirilib ki, 18 iyul 2013-cü il tarixində Paris şəhərində "Azərbaycan Respublikası hökuməti və UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə çərçivə sazişi" imzalanıb. Sazişə edilmiş əlavədə "Qeyri-maddi mədəni irs", "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması", "Ümumdünya irsi", “Hamı üçün təhsil”, "Qızlar üçün təhsil", "Müasir elmi texnologiyalar" kimi prioritet əməkdaşlıq sahələri müəyyən edilib.
Görüş zamanı çərçivə sazişinin icrası ilə əlaqədar konkret təkliflər, həmçinin bu istiqamətdə aidiyyəti qurumların əlaqəli fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Qərara alınıb ki, ümumi əməkdaşlıq planını tərtib etmək üçün hər bir qurum UNESCO ilə əməkdaşlığa dair müvafiq təkliflərini qısa müddət ərzində hazırlayacaq.