İngilis dilində nəşrin təqdimatı
   
   Londonda ingilis dilində çap edilmiş “Bakı haqqında xatirələr” (“Memories of Baku”) adlı kitabın təqdimat mərasimi keçirilib.
   
   Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Britaniya-Azərbaycan Biznes Şurası, SFERIQ beynəlxalq investisiya şirkəti və “Asia House” təşkilatının birgə düzənlədiyi tədbirdə diplomatik korpusun, Britaniyada fəaliyyət göstərən yerli və xarici təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
   Ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov kitab haqqında iştirakçılara məlumat verib, indiyədək Bakıda olmayanları bu qonaqpərvər və mehriban mühitə malik şəhərə dəvət edib. Bildirib ki, kitabda Azərbaycan paytaxtının mədəni həyatı və arxitekturası haqqında XIX əsrin ikinci yarısı - XX əsrin 20-ci illərinin əvvəllərinədək dövrü əhatə edən nadir arxiv fotomateriallar, Azərbaycan və xarici yazıçıların məqalələri toplanıb.
   Bakıda neft sənayesinin tarixinə toxunan F.Qurbanov XIX əsrin sonundan başlayaraq bu sahənin sürətlə inkişaf etdiyini, Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi yerli iş adamlarına məxsus neft şirkətləri ilə yanaşı, Nobel qardaşları, Rotşild, Royal Dutch Shell və digərlərinə məxsus xarici firmaların da fəal iş gördüklərini vurğulayıb. Dünyanın müxtəlif ölkələrindən bir çox insan biznes imkanları və daha yaxşı həyat standartları üçün Bakıya axın edib. Nəticədə etnik cəhətdən zənginləşən Bakı dövrün iqtisadi, mədəni və intellektual həyatın mərkəzinə çevrilib. Səfir kitabın müəllifinə və bu layihənin həyata keçirilməsində iştirak edənlərə minnətdarlığını bildirib, nəşrin Bakı tarixi ilə maraqlananlar üçün dəyərli vəsait olduğunu qeyd edib.
   “Asia House” təşkilatının baş direktoru Maykl Lavrens ölkəmiz haqqında təəssüratlarını bölüşərək Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşdiyini, dünyanın mədəni, iqtisadi və siyasi mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Britaniya-Azərbaycan Biznes Şurasının icraçı direktoru Lindsey Hovard bildirib ki, kitab Xəzər sahilində yerləşən, möhtəşəm arxitekturaya, musiqi və incəsənət mədəniyyətinə malik bu böyük şəhərin heyrətamiz dünyasını göz önündə canlandırır. SFERIQ investisiya şirkətinin sədri Ülvi Qasımov belə bir kitabın təqdimatının təşkilatçılığında iştirakına görə şad olduğunu bildirib.
   “Bakı haqqında xatirələr” kitabının naşiri, GCAM şirkətinin beynəlxalq inkişaf məsələləri üzrə vitse-prezidenti Nikolas İlin təqdimatla çıxış edərək, şəhərin nadir tolerantlığı, yüksək mədəniyyəti və bu şəhərdə müxtəlif millətlərdən olan insanların dostluq və mehribanlıq şəraitində yaşaması ilə fərqləndiyini vurğulayıb.
   Bildirib ki, layihədə Azərbaycan və xarici ölkə mütəxəssisləri, Bakının tarixinə və arxitekturasına yaxşı bələd olan insanlar, o cümlədən tarixçi, arxitektor Fuad Axundov, professor Tadeuş Svyatoxovski və başqaları iştirak ediblər. Kitab bu ilin mayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarına hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar