Sentyabrın 30-da “Park İnn” mehmanxanasında “Azərbaycanda tərcümə-dünən, bu gün və sabah: çağırışlar və perspektivlər” mövzusunda milli tərcümə forumu keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə gerçəkləşib.
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) yaranmasının iki illiyi və 30 sentyabr - Beynəlxalq Tərcümə Günü münasibətilə keçirilən forumda tərcümənin mədəniyyətlərarası kommunikasiyada rolu, dilçiliyin müasir problemləri, Azərbaycan dilinin müasir çağırışlara uyğunlaşdırılması məsələləri müzakirə edilib.
Tədbirdə AGTA-nın sədri İsmayıl Cəbrayılov, Gənclər Fondu idarə heyətinin üzvü Orxan Ərəbov və başqaları çıxış edərək forumun əhəmiyyətini yüksək qiymətləndiriblər.
İki yüzə yaxın tərcüməçi, dilçi, jurnalist və digər peşə sahiblərini bir araya gətirən forumda “XXI əsrin tərcümə texnologiyaları”, “Azərbaycan dili bu gün” və “Azərbaycanda tərcümə sənəti: problemlər və perspektivlər” mövzularında diskussiyalar aparılıb.