Şəkidə beynəlxalq elmi konfrans
   
   Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 1-də Şəki şəhərində “Ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Konfransda ölkəmizlə yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Dağıstan Respublikasından (Rusiya) gəlmiş tarixçi alimlər iştirak ediblər.
   
   “Şəki-Palas” hotelində keçirilən tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq belə bir mühüm mövzuda konfransın Şəkidə təşkilinə görə AMEA-nın Tarix İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, dünyanın müxtəlif ərazilərinə yayılmış türk xalqlarını ortaq adət-ənənələr, musiqi, folklor birləşdirir. “Kitabi-Dədə Qorqud”, “Oğuz Xaqan”, “Manas”, “Koroğlu” dastanları ümumtürk mədəniyyətinin ən qiymətli abidələridir. Bu gün türk xalqlarının ortaq tarixinin yazılmasına çox böyük ehtiyac var. Bu baxımdan belə bir konfransın keçirilməsi olduqca aktualdır.
   Şəkinin 2012-ci ildə TÜRKSOY-un qərarı ilə türk xalqlarının qeyri maddi-mədəni irs paytaxtı elan olunduğunu diqqətə çatdıran icra başçısı qeyd edib ki, hər il şəhərdə “İpək Yolu” beynəlxalq musiqi festivalı keçirilir. Festivalda türkdilli ölkələrdən gəlmiş musiqi kollektivləri də iştirak edirlər. İcra başçısı bu konfransın da ənənəvi xarakter alacağına əminliyini bildirib.
   Konfransda AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun “Müasir mərhələdə Azərbaycan tarix elmi və ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, türk dünyası ilə bağlı çox önəmli bir tədbirin Şəkidə keçirilməsi heç də təsadüfi deyil. Şəki türk dünyasının ən qədim şəhərlərindən biridir. 2700 yaşı olan Şəkinin tarixi dünya türklərinin tarixidir.
   
   Tarix və zaman diktəsi
   
   Yaqub Mahmudov bildirib ki, müasir dünyada türkün ümumi, vahid tarixini yazmaq son dərəcədə önəmli məsələdir. Bunu tarix, zaman qarşımıza qoyur. 20 ildən çoxdur ki, bu istiqamətdə söhbətlər gedir, konfranslar keçirilir. Ancaq təəssüf ki, hələ ortada dəyərli, əməli nəticə yoxdur.
   2012-ci ildə Şəkidə Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ilə Azərbaycan tarixçilərinin görüşünü xatırladan institutun direktoru bildirib ki, bu görüş zamanı qərara alındı ki, türk dünyasının alimləri tarixə obyektiv yanaşaraq ortaq tarixlərini yazmalıdırlar. İmkan verməməlidirlər ki, dünyanın bəzi ölkələrində, o cümlədən Ermənistanda tariximizi, ümumtürk tarixini təhrif etsinlər. Tarixçi alim Şəki konfransının bu işə töhfə olacağını deyib.
   Konfransda Türkiyədən Atatürk Araşdırma Mərkəzinin sədr müavini, professor Nihat Büyükbaş “Ortaq tarix kitabının yazılması və önəmi”, tanınmış tarixçi alim Selma Yel “Türk dünyasının ortaq dəyərlərinin öyrənilməsi”, Mustafa Budaq “Ortaq türk tarixinin araşdırılmasında Başbakanlıq Osmanlı Arxivindəki sənədlərin rolu”, professor Cezmi Eraslan “Ortaq tarixə birlikdə baxışın zəmini nə olmalıdır və necə hazırlanmalıdır?” mövzularında məruzələr ediblər. Qeyd olunub ki, ortaq türk tarixinin araşdırılması, ortaq tarix kitabının yazılması ciddi əsaslara, dəqiq tarixi mənbələrə söykənməlidir.
   Tədbirdə özbəkistanlı tarixçi, professor Şohistaxon Uljayevanın “XIV-XV əsrlərdə Böyük İpək Yolu tarixinin tədqiqi problemləri”, Qazaxıstan alimi Sattar Majidovun “Ortaq türk tarixinin araşdırılmasının nəzəri, metodoloji və praktik tərəfləri”, həmçinin Qırğızıstandan Doolotbek Saparaliyevin, Türkiyədən Rahilə Şükürovanın, Dağıstandan Rabadan Sultanbekovun və digər alimlərin mövzu ilə bağlı məruzələri dinlənilib.
   
   İlk addım “Türkün məşhurları” adlı kitabın yazılması olacaq
   
   Jurnalistlərə açıqlamasında konfransın əhəmiyyətini qeyd edən Yaqub Mahmudov müzakirələr zamanı bir sıra məsələlər barədə razılıq əldə olunduğunu deyib: “Birinci addımımız “Türkün məşhurları” adı altında ayrıca kitabın buraxılması olacaqdır. O kitaba Şah İsmayıl da, Sultan Səlim də, Əmir Teymur da düşəcəkdir. Yəni hamımız birlikdə bu tarixi şəxsiyyətlərə düzgün qiymət verəcəyik. Daha sonra tarixdə olan türk dövlətləri barədə kitab buraxacağıq. Bu ölkələrin hamısının tarixini obyektiv işıqlandıracağıq. Üçüncü kitabımız isə türk dünyasının ümumi tarixi ilə bağlı olacaqdır. Arzumuz budur ki, türk dünyasının tarixində Azərbaycan da öz layiqli yerini tutsun. Nə üçün bütün Şərqdə birinci Cümhuriyyət yaradan Azərbaycanın bu tarixi rolu türk dünyasında, eləcə də dünyada qəbul olunmasın? Nə üçün Mirzə Fətəli Axundzadənin təklifi ilə yeni əlifbaya keçən Azərbaycanın bu tarixi rolu qəbul olunmasın? Biz istəyirik ki, bütün bunların hamısı türk dünyasının tarixində düzgün əksini tapsın. Azərbaycanın yeri, Türkiyənin yeri, Orta Asiya türklərinin, dünya türklərinin yeri dəqiq görünsün. Hamı bilməlidir ki, dünyanın bugünkü mədəniyyət zirvəsinə ucalmasında türk xalqlarının böyük rolu vardır”.
   Beynəlxalq konfransın ikinci günü iştirakçılar Şəkidə yerləşən qədim tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar