Azərbaycan paytaxtı üçüncü dəfə dünya kitablarını, naşir və müəllifləri bir araya gətirir

Sentyabrın 23-dən 25-dək Azərbaycan paytaxtı növbəti dəfə beynəlxalq kitab bayramına ev sahibliyi edəcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

İlk dəfə olaraq açıq havada - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Dövlət Akademik Opera və Balet Teatrının qarşısındakı məkanda (Nizami küçəsi, 72-95) gerçəkləşən sərgi-yarmarka üç gün ərzində dünyanın müxtəlif ölkələrindən qonaqların, nəşriyyat, kitabxana və poliqrafiya müəssisələrinin rəhbər və əməkdaşlarının, yazarların, tərcüməçilərin, mədəniyyət xadimlərinin, çoxsaylı kitabsevərlərin görüş yeri olacaq.

Sentyabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə keçirilən mətbuat konfransında sərgi-yarmarkaya hazırlıq, beynəlxalq tədbirin proqramı barədə ətraflı məlumat verildi.

Tədbirdə çıxış edən nazir bildirdi ki, respublikamızda kitab nəşri və poliqrafiya sahəsinin inkişafı məqsədilə davamlı olaraq tədbirlər həyata keçirilir. Dövlət tərəfindən sahənin inkişafına zəmin yaradılır, qanunvericilik və normativ sənədləri qəbul olunur. “Nəşriyyat işi haqqında”, “Kitabxana işi haqqında” və “Mədəniyyət haqqında” qanunlar bu sahənin hüquqi bazasını təşkil edir.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitab nəşrinin inkişafı, nəşriyyatların fəaliyyətinin təşviq edilməsi istiqamətində müvafiq addımlar atılır. Hər il nazirliyin dəstəyi ilə mədəniyyət, incəsənət və ədəbiyyat sahələrini əhatə edən 60-70 adda kitab nəşr olunur. Müxtəlif nəşriyyatlardan, müəlliflərdən təqribən 10 min nüsxəyə yaxın kitab alınaraq ölkə kitabxanalarına və aidiyyəti müəssisələrə pulsuz paylanır. Azərbaycanda nəşr olunan bədii-poliqrafik baxımdan xüsusi dəyərə malik kitablar dünyanın bir sıra kitab sərgilərində mütəmadi olaraq nümayiş etdirilməkdədir. Nazirlik ölkə nəşriyyatlarının beynəlxalq sərgi-yarmarkalarda iştirakına dəstək verir.

2006-cı ildən başlayaraq Azərbaycan kitabı Moskva (Rusiya Federasiyası), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə), Saloniki (Yunanıstan), İsgəndəriyyə (Misir), Minsk (Belarus), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa), Budapeşt (Macarıstan), Praqa (Çexiya), Kiyev (Ukrayna) və digər şəhərlərdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda nümayiş etdirilib, ziyarətçilərin böyük marağına səbəb olub.

2008-ci ildə nazirlik tərəfindən ölkədə nəşriyyat işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə 2008-2012-ci illər üçün fəaliyyət proqramı təsdiq edilib. Proqramın icrasına uyğun olaraq Azərbaycan kitab mədəniyyətinin təbliği, tanıdılması məqsədilə müxtəlif tədbirlər keçirilib. Ümumiyyətlə, ötən müddət ərzində Azərbaycan kitabı 40-dan çox beynəlxalq sərgidə nümayiş olunub.

Həmin sərgilərdə qazanılan təcrübə Azərbaycanda kitab nəşri və poliqrafiyanın daha da inkişaf etdirilməsi, çap məhsullarına kütləvi marağın təmin edilməsi, xarici ölkələrin nəşriyyatları ilə əlaqələrin qurulması, kitab mübadiləsi, ölkə nəşriyyatlarının satış və təbliğat imkanlarının genişləndirilməsi üçün ölkəmizdə kitab sərgi-yarmarkasının keçirilməsinə imkan yaradıb.

2009-cu il 10-12 sentyabrında Bakıda ilk dəfə beynəlxalq kitab bayramı keçirildi. Muzey Mərkəzində təşkil olunan sərgi-yarmarkaya 50-dən çox yerli, 20-dək xarici nəşriyyat və təşkilat qatılmışdı. Tədbirə maraq nəzərə alınaraq 2011-ci ilin 28-30 sentyabr tarixində daha geniş məkanda - Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil edildi. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbirdə 100-dən çox yerli, 20-dən artıq xarici çap-poliqrafiya müəssisəsi, nəşr evi və kitabxana iştirak edirdi.

Beləliklə, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası mühüm mədəniyyət tədbiri kimi ənənə halını aldı. Sərgi-yarmarkanın təşkilində əsas məqsəd Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması sahəsində həyata keçirdiyi tədbirləri, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın nəşrinin dəstəklənməsi istiqamətində qəbul edilən qərarların əhəmiyyətini diqqətə çatdırmaq, nəşriyyatların təcrübə mübadiləsinə, beynəlxalq əlaqələrinə kömək etmək, kitab mədəniyyəti sahəsində nailiyyətlərimizi nümayiş etdirmək, Azərbaycan oxucusunun ölkə nəşriyyatları ilə yanaşı, dünyanın aparıcı nəşr evlərinin kitabları ilə tanışlığına şərait yaratmaqdır. Sərgi-yarmarka çərçivəsində tanınmış yazarlarla görüşlər, təqdimatlar keçirilir.

Qeyd olundu ki, bu il paytaxtımızda üçüncü dəfə keçiriləcək beynəlxalq kitab bayramı həm iştirakçı sayı, həm zəngin proqramı, həm də yer-məkan etibarilə seçiləcək. Digər beynəlxalq sərgilərdən fərqli olaraq, bu dəfə də Bakı sərgi-yarmarkasında kitab satışı və nümayişi üçün sahələr və bütün stendlər iştirakçılara ödənişsiz verilib. Sərgi-yarmarkada 100-dən çox yerli, 40-dan çox xarici nəşriyyat və təşkilatın, eləcə də səfirliklərin təmsilçiləri iştirak edəcək.

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası günlərində daha bir əlamətdar tədbir - Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi keçiriləcək. Eyni zamanda paytaxtımızda iki beynəlxalq toplantı - Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclasının və Avrasiya Kitabxanalar Assammbleyasının XV ümumi iclası gerçəkləşəcək.

Sərgi-yarmarka 1000 kv. metrdən çox ərazini əhatə etməklə 130 ekspozisiya köşkündən ibarət olacaq.

Sərginin birinci günü rəsmi açılışdan sonra kitab təqdimatları, dünya və Azərbaycan yazarları ilə görüşlər keçiriləcək. İkinci gün professor Rafael Hüseynovun “Söztək gözəl Məhsəti” adlı tədqiqat nəşrinin, Xalq şairi Zəlimxan Yaqubun 13 cildliyinin təqdimatı, “Uşaqlar, kitab oxuyun” adlı müzakirə, uşaq ədəbiyyatı yaradıcıları ilə görüş və Rusiya nəşriyyatlarının tədbirləri nəzərdə tutulub. “Müəllif günü” adlanan sonuncu gündə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi və iki ildən bir təqdim edilən “Qızıl Kəlmə” mükafatının laureatları ilə, rus şairi Yevgeni Reyn ilə görüş, GUAM ölkələri nümayəndələrinin iştirakı ilə “Mədəniyyətlərarası dialoqda çağdaş ədəbiyyatın rolu” mövzusunda müzakirə olacaq.

Nazir Əbülfəs Qarayev qeyd etdi ki, sərgi-yarmarkanın fəaliyyəti ilə daha ətraflı şəkildə tədbirin bakubookfair.com ünvanlı rəsmi saytında tanış olmaq mümkündür. O, ümidvar olduğunu bildirdi ki, III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oxucu və kitabın, naşir və müəllifin növbəti görüş yerinə çevriləcək, zəngin tədbirləri, səmərəli nəticələri ilə yadda qalacaq.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar