9-13 oktyabr tarixində Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük kitab sərgi-yarmarkası (Frankfurter Buchmesse) keçiriləcək.

Bu il 65-ci dəfə gerçəkləşən Frankfurt yarmarkasında Azərbaycan kitabları da nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nazirliyin əməkdaşlarından, “Renessans” və “Şərq-Qərb” nəşriyyatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti bu il ölkəmizi dünyanın bu nüfuzlu kitab sərgisində artıq altıncı dəfə təmsil edir.
Ötən illərdən fərqli olaraq, bu il icarəyə götürdüyümüz sahə, stend daha genişdir. Kitablarımız “Messe Frankfurt” sərgi şəhərciyində 48 kvadratmetr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunacaq. Qız qalasının fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alacaq.
Azərbaycan guşəsində nəzərdə tutulan əsas tədbirlərdən biri 12 oktyabrda ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş mərasim olacaq. Tədbirə Hessen əyaləti məclisinin deputatları, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diasporlarının təmsilçiləri dəvət olunub. Sərgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, ümummilli liderə həsr edilmiş “Heydər Əliyev adına” kitab-albomun təqdimatı da keçiriləcək.
Ümumilikdə ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim ediləcək.
Frankfurt kitab yarmarkası 1949-cu ildən ənənəvi olaraq keçirilir. Bu kitab sərgisinin tarixi isə əsrlər öncəyə gedib çıxır. XV əsrdə Frankfurtun yaxınlığındakı Mayns şəhərində yaşayan Yohann Quttenberqin mexaniki çap üsulunu kəşf etməsindən sonra kitab ticarəti inkişaf etməyə başlayıb və ilk yarmarkalar keçirilib. XVII əsrin sonlarında Frankfurt yarmarkası Avropanın ən əhəmiyyətli kitab satış-sərgisi hesab edilirdi. Sonralar Leypsiq yarmarkası onu kölgədə qoysa da, II Dünya müharibəsindən sonra, 1949-cu ildə Frankfurtda kitab yarmarkası yenidən təşkil olunaraq əvvəlki şöhrətinə qovuşub və hər il oktyabrın ortalarında dünya kitablarını bir araya gətirir. Bu il yarmarkada 100-dən çox ölkədən 7400-dək nəşriyyat və poliqrafiya şirkətinin məhsulları sərgilənəcək. Ənənəyə görə hər sərgidə ölkələrdən biri fəxri qonaq qismində iştirak edir. Builki sərginin fəxri qonağı Braziliyadır.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar