TÜRKSOY-un 20 illik yubileyi qardaş ölkələrin rəsmilərini, mədəniyyət və sənət adamlarını bir araya gətirdi

Xəbər verdiyimiz kimi, oktyabrın 1-2-də Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un yaranmasının 20 illik yubileyi qurumun mənzil-qərargahının yerləşdiyi Ankarada təntənəli şəkildə qeyd edildi.

Əsası 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində qoyulan təşkilat zəngin mədəni irsə malik olan, lakin sonradan kənar qüvvələr tərəfindən məqsədli şəkildə parçalanan, ayrı-ayrı ideologiyaların təsirinə məruz qalan türk xalqlarını yenidən bir araya gətirmək, mədəniyyətlərini dirçəltmək, daha da inkişaf etdirmək işinə böyük töhfələr verib. Və nəticə göz qabağındadır. Artıq 20 ildir ki, TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən tədbirlər ümumtürk mədəni irsinin qorunması, öyrənilməsi və təbliği, türk xalqlarının yaxınlaşması və mədəni əməkdaşlığının inkişafında mühüm rol oynayır. 20 ildə qət edilən bu məsafədə TÜRKSOY beynəlxalq arenada türkdilli xalqların mədəniyyətlərinin tanıdılması istiqamətində əhəmiyyətli layihələrə imza atıb, türk dünyasının malik olduğu mədəni inciləri bütün dünyada tanıdıb.
Türkdilli ölkələrin geniş nümayəndə heyətləri - nazirlər, türk dünyasının tanınmış mədəniyyət və incəsənət xadimləri, yazıçılar, musiqiçilər, media mənsubları əlamətdar yubileyi - ümumtürk mədəniyyətinin bayramını qeyd etmək üçün Ankarada bir araya gəldilər.
Ankaraya getdiyimiz ilk gün - sentyabrın 30-da türkdilli ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə yubiley tədbirləri çərçivəsində Bilkent Universitetinin Adnan Sayqun adına zalında skripka musiqilərindən ibarət konsert proqramı təqdim olundu. Konserti dirijor Ənvər Əkbərovun rəhbərliyi altında TÜRKSOY-un gənclər kamera orkestrinin solistləri hazırlamışdı. Tədbir izləyicilərə gözəl anlar bəxş etdi.

“Türk dünyası ulduzları”

Oktyabrın 1-də yubiley tədbirlərinə start verildi. Əvvəlcə TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri, qurumun baş katibi Düsen Kaseinov, digər tədbir iştirakçıları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət etdilər. Sonra qonaqlar burada Atatürk və Qurtuluş Savaşı Muzeyinə baş çəkdilər, eksponatlarla tanış oldular.
Həmin gün axşam Türkiyə Prezident Simfonik Orkestrinin zalında möhtəşəm konsert proqramı baş tutdu. “Türk dünyası ulduzları” adlı konsert orijinal konsepsiyası ilə fərqlənirdi. Bu layihə klassik musiqi ilə türk xalq musiqiləri ifaçılarını bir araya gətirmişdi. Ankaradakı konsertdə iştirak etmək üçün TÜRKSOY-a üzv olan bütün ölkələrin sənətçiləri dəvət olunmuşdu.
Əvvəlcə tamaşaçılar simfonik orkestrin müşayiəti ilə məşhur ifaçıların, opera solistlərinin çıxışlarını izlədilər. Onlar öz ifaları ilə musiqi sənətinin bütün janrlarının ecazkar sintezini nümayiş etdirdilər. Türkdilli ölkə və muxtar bölgələrin mədəniyyət nazirləri, diplomatlar, tədbirə dəvət alan qonaqlar və paytaxt ictimaiyyəti proqramın hər nömrəsini böyük heyranlıqla qarşılayırdılar.
Qala-konsertdə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Xakasiya, Saxa Yakut, Tuva respublikaları, Qaqauz Yeri (Moldova) və Krımdan (Ukrayna) ifaçılar səhnədə yer almışdılar. Qeyd edək ki, Azərbaycanı Arzu Əliyeva, Rövşən Qurbanov və Ceyhun Muradovdan ibarət “Buta” muğam üçlüyü təmsil edirdi.
Proqramda dahi Üzeyir Hacibəylinin “Koroğlu”, qazax bəstəkarı Mukan Telebayevin “Birjan və Sara” operalarından parçalar, Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun TÜRKSOY-un 20 illiyinə həsr etdiyi “Türk şöləni” uvertürası, zəngin türk musiqisinin bütün əlvanlığını nümayiş etdirən xalq mahnıları səsləndirildi. Folklor melodiyaları ilə simfonik orkestr musiqisi həmahəng şəkildə canlanan konsertə Türkiyə Dövlət Opera və Balet Teatrının baş dirijoru Rengim Gökmen, Azərbaycandan Rauf Abdullayev, Qazaxıstandan Ənvər Əkbərov və Kanat Ahmetov, Rusiyadan Yevgeni Xoxlov, Türkiyədən Tolqa Tavis dirijorluq edirdi.
Türk dünyası sənətçilərinin öz milli geyimlərində ifa etdikləri folklor musiqiləri, mahnılar bir daha bu xalqların necə zəngin mədəniyyətə malik olduqlarını isbatlayırdı. Hər bir ifa sürəkli alqışlarla qarşılanırdı. Proqramın sonunda muğam üçlüyümüzün ifasında səslənən “Mənim Azərbaycanım” mahnısı isə sözün həqiqi mənasında zalda xüsusi əhval yaratdı: hər kəsin dilində “möhtəşəm” kəlməsini eşitmək olurdu. Konsertdən sonra türk dünyasının sənətçiləri birlikdə səhnədə yer aldılar. Böyük anşlaqla keçən konsert bütün türk dünyası təmsilçilərinə, eləcə də ankaralı musiqisevərlərə unudulmaz anlar yaşatdı.

Rəngarəng rəsm əsərləri bir arada

Oktyabrın 2-də TÜRKSOY-un baş qərargahında növbəti qələbəlik yaşandı. Burada türk dünyası rəssamlarının əsərlərindən ibarət sərginin açılış mərasimi oldu. Sərgidə bir-birindən maraqlı əsərlər nümayiş etdirilirdi. Sərgiyə tamaşa edən hər kəs bir daha türk dünyasının sənət zənginliyinə, yüksək mədəni inteqrasiyasına şahidlik etdi.
Tədbirdən sonra TÜRKSOY-un Daimi Şurasının 31-ci iclası keçirildi. Quruma üzv ölkələrin nazirlərinin iştirak etdiyi iclasda ötən 20 ildə keçilən yola nəzər salındı, türk xalqlarının mədəni inteqrasiyasının daha da güclənməsini ön görən qərarlar qəbul edildi. Daimi Şuranın qərarı ilə 2014-cü il böyük türkmən şairi Məhtumqulu Fəraqinin 290 illiyi, qırğız şairi Toktogul Satılqanovun anadan olmasının 150 illiyi münasibətilə bu ədiblərin xatirə ili elan edildi. Eyni zamanda, gələn il Naxçıvan şəhərinin 5000 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə TÜRKSOY-un yaxından iştirak edəcəyi vurğulandı. Tatarıstanın Kazan şəhəri 2014-cü ildə “Türk dünyası mədəniyyət paytaxtı” elan edildi.
Axşam Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin adından yubiley iştirakçıları üçün ziyafət verildi. Mərasimdə türkdilli ölkələrin nazirləri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, digər rəsmi şəxslər iştirak edirdi. Türk dünyası sənətçilərinin ifaları mərasimə rəng qatdı.

Təəssüratlar

Tədbirdə iştirak edən türkdilli ölkələrin nazirlərinin, ictimai xadimlərinin təəssüratları da maraqlı idi.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev:
- Artıq 20 ildir ki, türk xalqlarının mədəniyyətləri bir arada inkişaf edir, nailiyyətləri bir-biri ilə bölüşür, zənginləşir. TÜRKSOY-un 20 illiyi münasibətilə düzənlənən konsert bunu bir daha nümayiş etdirdi. 20 ilini bərabər keçirmiş mədəniyyətlər hər zaman bərabər olacaqlar. Əminik ki, TÜRKSOY-un fəaliyyəti daha da geniş və zəngin olacaq. Azərbaycan qurumun fəaliyyətinə hər zaman dəstək verir. Ötən 20 il çətin bir dövr oldu. Çünki ilk illər keçmiş bir ideoloji, siyasi çərçivədən çıxıb bir-birinə qoşulmaq mürəkkəb proses idi. Amma mədəniyyətlərin insanları birləşdirməsi ilə bu məqsədə nail olundu. 20 illik təcrübə onu göstərir ki, bu illər hədər getmədi və müsbət nəticə verdi, bu da göz önündədir.

Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay:
- TÜRKSOY-un 20-ci ilini yaşamaqdan böyük qürur hissi keçiririk. Hörmətli nazir Əbülfəs Qarayevin söylədiyi kimi, 20 ilin başlanğıcı böyük çətinliklərlə keçdi. Bir-birimizi tanımaq, ideoloji amillərdən qurtulmaq üçün zaman sərf edildi. İndi çox gözəl bir yerə gəldik. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiyadakı türk respublikaları ilə çox yaxın bir işbirliyi içərisindəyik. Bu, dünya mədəniyyətində öz mədəniyyətimizi təbliğ etməkdə bizə çox böyük yardım edəcək. Əlbəttə, bu işlərin hər biri bizim üçün bir xəzinəyə bərabərdir və bunun yaradılmasında zəhmət çəkən hər kəsə təşəkkür edirəm.

Qırğızıstanın mədəniyyət və turizm naziri Sultan Rayev:
- Bu gün həm də türkdilli xalqların yaxınlaşmasının 20 illiyidir. TÜRKSOY doğrudan da türkdilli xalqların mənəvi meydanına çevrilib. Bu yeganə qurumdur ki, onun vasitəsilə mədəniyyətimizi birləşdiririk. Biz fəxrlə deyə bilərik ki, TÜRKSOY türk dünyasının UNESCO-sudur. Türk dünyası böyük mədəni irsə malikdir. Və bunu dünyaya göstərmək lazımdır. TÜRKSOY da bunun öhdəsindən uğurla gəlir.

Və sonda

Beləliklə, türk xalqlarının mədəniyyətini bir araya gətirən TÜRKSOY-un 20 illik yubiley təntənələri zəngin təəssüratlarla yadda qaldı. Bəli, ötən 20 il ərzində TÜRKSOY keçmişdən bu günümüzə qədər türk xalqlarının zəngin mədəni irsini Asiyadan Avropaya, Amerikaya qədər təbliğ edərək öz imkanlarını, nüfuzunu təkcə türk xalqları arasında deyil, bütün dünyada sübut edə bilib. Türk dünyasının buluşma nöqtəsi və qürur mənbəyi olan TÜRKSOY-a gələcək fəaliyyətində uğurlar arzu edirik.

M.Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar