Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz altıncı dəfə Frankfurt yarmarkasında təmsil olunur
Son illər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə milli kitab nümunələrimiz, nəşriyyat və poliqrafiya müəssisələrimizin yüksək keyfiyyətli çap məhsulları müxtəlif sərgilərdə uğurla nümayiş etdirilir. Bu tədbirlərdə milli mədəniyyətimizin təbliği ilə yanaşı, ölkəmizin kitab mədəniyyəti və bu sahədə son illərdə qazanılan nailiyyətlər təqdim olunur.
Ölkəmizin qatıldığı beynəlxalq kitab sərgiləri sırasında Almaniyanın Frankfurt şəhərində keçirilən kitab yarmarkası xüsusi yer tutur. Dünyanın ən böyük və ən nüfuzlu kitab sərgisi sayılan Frankfurt yarmarkası (Frankfurter Buchmesse) 1949-cu ildən ənənəvi olaraq keçirilir. Bu yarmarkanın tarixi isə əsrlər öncəyə gedib çıxır. XV əsrdə Frankfurtun yaxınlığındakı Mayns şəhərində yaşayan Yohann Quttenberqin mexaniki çap üsulunu kəşf etməsindən sonra kitab ticarəti inkişaf etməyə başlayıb və ilk satış-sərgilər keçirilib. XVII əsrin sonlarında Frankfurt yarmarkası Avropanın ən əhəmiyyətli kitab satış sərgisi hesab edilirdi. Sonralar Leypsiq yarmarkası onu kölgədə qoysa da, II Dünya müharibəsindən sonra Frankfurt kitab yarmarkası yenidən təşkil olunaraq əvvəlki şöhrətinə qovuşdu.
Hər il oktyabrın ortalarında dünya kitabları, müxtəlif ölkələrdən naşirlər, mütəxəssislər, yazarlar burada bir araya gəlir. Şəhərin mərkəzində sərgi üçün xüsusi "Messe Frankfurt” (“messe” almanca sərgi deməkdir) şəhərciyi inşa olunub. Burada 20-dən artıq nəhəng sərgi pavilyonu quraşdırılıb.
Oktyabrın 9-da 65-ci Frankfurt kitab yarmarkası işə başladı. Builki yarmarkada 100-dən çox ölkədən 7400-dək nəşriyyat və poliqrafiya şirkətinin məhsulları sərgilənir. Ənənəyə görə hər sərgidə ölkələrdən biri fəxri qonaq qismində iştirak edir. Builki sərginin fəxri qonağı Braziliyadır. Qonaq ölkəyə başqalarından fərqli olaraq sərgi ekspozisiyası pulsuz verilir və bütöv bir pavilyonda həmin ölkə özünün nəşriyyat-poliqrafiya müəssisələrinin imkanlarını, mədəniyyətini, incəsənətini, milli mətbəxini, nailiyyətlərini geniş nümayiş etdirmək imkanı qazanır.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz də artıq altıncı dəfədir ki, dünyanın bu nüfuzlu kitab sərgisində təmsil olunur. Yarmarkada ölkəmizin guşəsi də ilbəil genişlənir. İlk üç ildə 8 kvadratmetrlik bir ekspozisiya sahəsi ilə sərgiyə qatılan Azərbaycan 2011-2012-ci illərdə 40 kvadratmetrlik ekspozisiya sahəsi ilə təmsil olunub. Bu il isə stendimiz daha genişdir. Kitablarımız “Messe Frankfurt” sərgi şəhərciyində 48 kvadratmetr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunur. Qız qalası formasında və Qala divarları fonunda dizayn edilən stend yarmarkanın pavilyonları sırasında xüsusilə seçilir.
Təsadüfi deyil ki, sərginin açılış günü ilk dəqiqələrdən Azərbaycan stendi ziyarətçilərdə xüsusi maraq doğurdu. Qonaqlar “qala divarları”nın zövqlə qurulmuş “qapı”larından keçərək guşədə nümayiş olunan çap məhsulları ilə tanış olurlar. Burada ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alıb.
Ziyarətçilər arasında Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu, Frankfurtdakı baş konsulu, türk-Azərbaycan diasporunun nümayəndələri, naşirlər vardı. Xatırladaq ki, Hüseyn Avni Karslıoğlu bir neçə il əvvəl qardaş ölkənin Azərbaycanda səfiri işləyib və ölkəmizlə bağlı ən xoş xatirələrini bizimlə görüşdə bir daha səmimiyyətlə bölüşdü, nümayəndə heyətimizə uğurlar dilədi.
Yarmarkanın təşkilatçı rəsmiləri də Azərbaycan stendini ziyarət etdilər. Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun əməkdaşı Elbəy Əli yarmarkanın Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya ölkələri üzrə meneceri xanım Vladka Kupska ilə söhbətində ölkəmizin Frankfurt sərgisində son illər fəal iştirak etdiyini diqqətə çatdırdı. Növbəti illərdə respublikamızın yarmarkada daha geniş əməkdaşlıq imkanlarının olduğu bildirildi, Azərbaycanın sərginin fəxri qonaq ölkəsi kimi iştirakının mümkünlüyü də müzakirə edildi. Xanım Vladka Kupska ölkəmizin son illər uğurlu inkişaf yolu keçdiyindən məlumatlı olduğunu, Frankfurt sərgisində fəal iştirakın Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə töhfə olacağını dedi.
Ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilir. “Şərq-Qərb” nəşriyyatı Azərbaycan guşəsinin yaxınlığında nazirliyin dəstəyi ilə xüsusi stenddə kitablarını nümayiş etdirir. Sərgi günlərində bir sıra təqdimatlar nəzərdə tutulub.
Oktyabrın 12-də Azərbaycan guşəsində ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş mərasim və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, ümummilli liderə həsr edilmiş "Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçiriləcək. Tədbirə Hessen əyaləti məclisinin deputatları, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diasporlarının təmsilçiləri dəvət olunub.
Yarmarka oktyabrın 13-də başa çatacaq.
İntiqam Hümbətov,
Frankfurt