Kitab sərgi-yarmarkaları nəşriyyat və poliqrafiya müəssisələrinin işlərinin təqdim və təbliğ edilməsi baxımından gözəl imkandır. Ölkəmizdə fəaliyyət göstərən nəşriyyatlar III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ciddi hazırlaşıblar. Müasir Azərbaycan kitabının beynəlxalq miqyasda təbliğinə töhfələr verəcək bu möhtəşəm tədbirlə bağlı bir sıra nəşriyyat-poliqrafiya müəssisəsinin məsul şəxsləri ilə görüşüb fikirlərini öyrəndik.

Azərbaycan Dövlət Nəşriyyatının (“Azərnəşr”) baş redaktoru Əlövsət Ağalarov:

- Biz Bakıda keçirilən ötən sərgi-yarmarkalarda yaxından iştirak etmişdik. Ölkəmizdə və xaricdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlarla təcrübələrimizi bölüşdük, işgüzar əlaqələr qurduq. Sərgi-yarmarkalar işimizdə müəyyən canlanma da yaratdı. Beynəlxalq təcrübədən yararlandıq və fəaliyyətimizdə tətbiq etdik. Onu da qeyd edim ki, bu gün ölkəmizdə çap məhsullarının oxucuya çatdırılma prosesində müəyyən çətinliklər var. Bu baxımdan sərgidə oxucuların kitab naşirləri ilə sıx əlaqəsinə şərait yaranacaq.

Budəfəki sərgi-yarmarkada təxminən 200-250 adda kitabla iştirak edəcəyik. Əsasən 2012-2013-cü illərin nəşrlərini nümayiş etdirməyi planlaşdırmışıq. Bu nəşrlərdən ulu öndər Heydər Əliyevin çıxış və nitqləri, məktub, teleqram və müsahibələrini tam əhatə edən “Müstəqilliyimiz əbədidir” toplusu, Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən, bəyanat və çıxışlarının, fərman və sərəncamlarının yer aldığı İnkişaf məqsədimizdir” çoxcildliyini xüsusi qeyd etmək istərdim. Leonid Volxovitinin “Raport”, Jorj de Malevilin uydurma erməni soyqırımı haqqında iddiaları ifşa edən “1915-ci il erməni faciəsi” və s. kitabların adını çəkə bilərəm. Bizim üçün ayrılan stenddə oxucularla görüşlər təşkil etməyi və onlara kitab hədiyyəsini də nəzərdə tutmuşuq.

Hazırda beynəlxalq əlaqələrimiz var. Sərgi-yarmarkanın imkanlarından da maksimum yararlanmağa çalışacağıq ki, bu istiqamətdə əlaqələrimiz daha da genişlənsin. Çünki beynəlxalq təcrübə mübadiləsi nələrisə öyrənmək baxımından çox əhəmiyyətlidir. Sərgi nəşriyyatlara beynəlxalq əlaqələr qurmaq üçün gözəl fürsətdir. Ötən sərgilər sayəsində Ukrayna, Belarus, Rusiya və Türkiyə nəşriyyatları ilə əlaqələr qurduq. Onlar bizim nəşrlərlə maraqlandılar. Bildirdilər ki, sizin çap məhsullarınız beynəlxalq standartlara tam uyğundur. Xüsusilə türkiyəli həmkarlarımızla görüşlərimizin müsbət nəticəsi oldu. Onlarla əsasən elmi əsərlərin, məqalələrin nəşri sahəsində razılığa gəldik. Əlaqələrimiz davam edir. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ciddi hazırlaşmağımızın başlıca məqsədi xarici kitab istehsalçılarının diqqətini cəlb etmək və onlarla təcrübə mübadiləsi aparmaqdır.

“Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin icraçı direktoru Əliş Ağamirzəyev:

- III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına çox ciddi hazırlaşmışıq. Çünki bu tədbir bizim gələcək beynəlxalq əlaqələrimizin daha da genişlənməsinə təkan verəcək. Bundan öncəki iki sərgi-yarmarkada da iştirak etmişdik. Həmin tədbirlər zamanı yerli və xarici nəşriyyatlarla əlaqələr qurduq, çap sahəsində bir çox yeniliklərlə tanış olduq. Ötən iki ildə fəaliyyətimizi, əldə olunan nailiyyətləri budəfəki sərgidə nümayiş etdirəcəyik. Bu sərgidə də dünyanın nəhəng kitab istehsalçılarının, aparıcı ölkələrin nəşriyyatlarının iştirakı gözlənilir. Çalışacağıq ki, qonaqlara respublikamızda kitab nəşrinin, poliqrafiya mədəniyyətinin yüksəliş mərhələsində olduğunu bir daha əyani şəkildə göstərək. Ümumiyyətlə, kitab sərgi-yarmarkasının keçirilməsi poliqrafiya müəssisələrinin burada təmsil olunması və əldə olunan nailiyyətlərin nümayişi gələcəkdə yeni perspektivlər üçün zəmin yaradır.

Sərgidə 450-500 adda çap məhsulu ilə təmsil olunacağıq. Həmin nəşrlərdən Fəxrəddin Veysəllinin “Dilçiliyin əsasları”, Kamal Abdullanın “Dilçiliyə səyahət”, Süleyman Əliyarlının “Tariximiz”, İltifat Şahsevənlinin “İstiqlal fədailəri”, Rövşən Raqifoğlunun “Avropada Azərbaycan diasporu” və s. kitabları göstərə bilərəm. Ümid edirəm ki, müəssisəmizin istehsal etdiyi nəşrlər poliqrafik səriştəmizi kifayət qədər əks etdirə biləcək.

Xatırladım ki, ötən sərgi-yarmarkada Belarus, Ukrayna, Rusiya və Qazaxıstan respublikalarının kitab istehsalçıları bizim nəşrlərə böyük maraq göstərdi. Fəaliyyətimiz, uğurlarımız haqqında onlara geniş məlumat verdik. Onlar nəşriyyatımızın istehsal etdiyi kitabların bütün parametrlərə cavab verdiyini və dünyanın bir çox tanınmış çap şirkətlərinin məhsulları səviyyəsində olduğunu qeyd etdilər. Hətta bizim nəşriyyatla əməkdaşlıq etməyə də hazır olduqlarını bildirdilər.

Biz də bu əməkdaşlığa maraq göstəririk. Gürcüstan, Macarıstan, İran və Rusiyada keçirilən kitab sərgilərində iştirak etmişik.

Paytaxtımızda üçüncü dəfə gerçəkləşəcək beynəlxalq kitab sərgi-yarmarkası hər şeydən əvvəl Azərbaycan kitabının təbliğinə təkan verəcək. Naşirlərimizin xarici ölkələrdən olan həmkarları ilə təcrübə mübadiləsi aparmasına şərait yaranacaq. Və təbii ki, sərgi-yarmarka həm də naşirlərin oxucularla böyük bir görüşüdür.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar