Bakıda beynəlxalq treninq-seminar keçirilir

Oktyabrın 29-da “Park İnn” mehmanxanasında UNESCO-nun Dünya İrs Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və UNESCO üzrə Milli Komissiyanın birgə təşkilatçılığı ilə treninq-seminar işə başladı. Üç gün davam edəcək seminar çərçivəsində Dünya İrs Mərkəzinin Dövri Hesabatlar Mərkəzinin, Cənubi və Şərqi Avropa ölkələri üzrə əlaqələndirici şəxslərinin və Azərbaycan üzrə UNESCO-nun Dünya İrs Siyahısında olan ərazilərin rəhbərlərinin görüşü keçirilir.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev treninq-seminarın əsas məqsədindən söz açdı. Bildirdi ki, 17 ölkənin 30-dan çox nümayəndəsinin iştirak etdiyi tədbirin təşkilində məqsəd ərazisində dünya irs abidələri olan Mərkəzi, Cənubi və Şərqi Avropa ölkələri üzrə dövri hesabatın hazırlanması, o cümlədən Dünya İrs Mərkəzi tərəfindən təqdim edilmiş sorğunun qurumun rəsmi saytında onlayn rejimində cavablandırılması metodunun öyrənilməsidir: “Bizim üçün fərəhli haldır ki, ölkəmiz belə bir beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan zəngin mədəniyyətə malik bir ölkə olaraq bu sahədə müsbət dünya təcrübəsini öyrənməkdə maraqlıdır. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra mədəni irsin qorunmasına xüsusi diqqət yetirilir”.
Qeyd olundu ki, bu gün zəngin mədəniyyətimiz dünyada yüksək səviyyədə təbliğ olunur və maraqla qarşılanır: “Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixə malik incilərinin UNESCO-nun bəşəriyyətin nadir inciləri siyahısında yer alması da təsadüfi deyil. Bu uğurların əldə olunmasında UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı mədəni layihələrin müstəsna rolu var. Mədəni irsimizin qorunması Azərbaycan hökuməti üçün prioritet istiqamətdir. Fəxr edirik ki, Azərbaycan muğamı, aşıq musiqisi, xalça sənəti, tar sənəti, Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına salınıb”.
Vaqif Əliyev Azərbaycan-UNESCO əməkdaşlığından da söz açdı: “Azərbaycan bu mötəbər təşkilatla əməkdaşlıqda maraqlı ölkədir. Bugünkü tədbir də əməkdaşlığın təzahürüdür. Təşkilatla əlaqələrimiz ildən-ilə genişlənir. Ümidvarıq ki, gələcəkdə də bir çox abidələrimiz UNESCO-nun siyahısına daxil ediləcək”.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva qeyd etdi ki, beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın UNESCO ilə sıx əməkdaşlığının bariz göstəricisidir. Bu əməkdaşlığın tarixi 20 ildən çoxdur. Ötən müddət ərzində Azərbaycan təşkilatın müxtəlif komitələrinə üzv olub, həyata keçirilən mühüm proqram və layihələrdə iştirak edərək, layiqli tərəfdaş olduğunu sübut edib.
Ölkəmizin dünyada davamlı sülhə mühüm önəm verdiyini söyləyən natiq təəssüf hissi ilə vurğuladı ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub və nəticədə 1 milyondan çox soydaşımız doğma torpaqlarından çıxarılıb. İşğal olunmuş ərazilərimizdə xalqımıza məxsus yüzlərlə maddi-mədəni irs nümunəsi, tarixi abidələr dağıdılaraq məhv edilib: “Biz həqiqətən UNESCO-nun ən ali məqsədi olan dünyada sülhün bərqərar olmasını istəyiriksə, o zaman bu istiqamətdə ciddi işlər görməli və maddi-mədəni irs nümunələrinin dağıdılmasına yol verməməliyik”.
Tədbirdə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev son illər ölkəmizdə, eləcə də İçərişəhərdə tarixi abidələrin qorunması, bərpası istiqamətində görülən işlərdən söz açdı. Qeyd olundu ki, qoruğun mühafizəsi, burada yerləşən abidələrin qorunması, konservasiyası, təbliği sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Konservasiya sahəsində əməkdaşlığa tanınmış Avropa şirkətləri cəlb olunur: “Ötən dövr ərzində biz nəinki dünya təcrübəsini öyrənmiş və faydalanmış, eyni zamanda UNESCO ilə, üzv ölkələrlə səmərəli əməkdaşlığa nail ola bilmişik. Apardığımız müzakirələr, məsləhətləşmələr onu göstərir ki, ümumiyyətlə mədəni irs ərazilərinin, abidələrin qorunmasında, konservasiyasında idarəedicilər demək olar ki, eyni tipli problemlərlə rastlaşır. Əlbəttə ki, ölkələrin öz təcrübələrini bölüşməsi çox vacib amildir. Bugünkü seminar da təcrübə mübadiləsinə, bu sahədə ən yaxşı idarəetmə üsullarının müəyyənləşdirilməsi və onların öyrənilməsinə imkan yaradır”.
Azərbaycanda olmasından məmnunluğunu dilə gətirən UNESCO Dünya İrs Mərkəzinin Avropa və Şimalı Amerika bölməsinin sədri xanım Petya Toçarova son illər Bakıda görülən quruculuq işlərini, mədəni irs nümunələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdi. Qonaq qeyd etdi ki, seminar zamanı hazırlanacaq hesabatlar UNESCO-nun növbəti mərhələlərdə verəcəyi mədəni irslə bağlı qərarlara mühüm təsir göstərəcək. P.Toçarova çıxışında onu da xüsusi vurğuladı ki, Parisdə Azərbaycanın sədrliyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin büro iclası keçirilir.
Onun sözlərinə görə, seminarda Dünya İrs Mərkəzinin və məşvərətçi orqanların nümayəndələri öz təcrübələrini bölüşəcək, tədbirdə regional, milli və yerli səviyyədə dövri hesabat yekunları müzakirə olunacaq: “Biz bu hesabatlardan faydalanmalıyıq. Müəyyən etməliyik ki, ortaya hansı problemlər çıxır və hansı mənfəətlər əldə olunur. Bilirik ki, ölkələrdə mədəni irs sahəsi üzrə milli proqramlar, milli strategiyalar formalaşıb. Biz tendensiyaları nəzərdən keçirməli, birinci dövr hesabatlarından istifadə edib ikinci mərhələdə daha yüksək nəticələr əldə etməyi bacarmalıyıq. Eyni zamanda mədəni irs sahəsində maarifləndirmə işləri genişləndirilməli, bu prosesə yerli səviyyədə icmaların cəlb edilməsinə nail olmalı, mümkün qədər tərəfdaşların sayını artırmalıyıq”.

* * *
Qeyd edək ki, tədbirə oktyabrın 31-də yekun vurulacaq. Treninq-seminar çərçivəsində qonaqlar İçərişəhər Dövlət Tarix-Memarlıq və Qobustan Milli Tarix-Bədii qoruqlarına səfər edəcəklər.

Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar