Paytaxtımızda I Beynəlxalq Memarlıq Müsabiqəsi keçirilir

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirilir. Oktyabrın 31-də “Four Seansons Baku” hotelində keçirilən mətbuat konfransında müsabiqə barədə ətraflı məlumat verildi.

Mətbuat konfransında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, müsabiqənin beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmakin, münsiflər heyətinin üzvləri - Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri Tomas Vonier və Hayder Ali iştirak edirdilər.
Memarlar İttifaqının sədri Elbəy Qasımzadə belə bir nüfuzlu tədbirin ölkəmizdə ilk dəfə təşkil edildiyini, gələcəkdə iki ildən bir keçirilməsinin nəzərdə tutulduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan şəhərlərinin memarlığı gündən-günə dəyişərək daha cəlbedici olur. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə memarlıq və şəhərsalmanın inkişafı sahəsində böyük nailiyyətlər əldə olunub. Bu gün də memarlıq dövlətimizin diqqət mərkəzindədir.
Elbəy Qasımzadə bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd memarlıq sənətinin inkişafı və tətbiqi üçün yeni ideyaların aşkara çıxarılması, memarlıq abidələrinin bərpası və mövcud tikililərin rekonstruksiyası zamanı mədəni irsin qorunmasının təmin edilməsidir.
Müsabiqəyə 28 ölkədən 200-dən artıq iş təqdim olunub. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir: ictimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə; yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə; həyata keçirilmiş ən yaxşı interyer; həyata keçirilməmiş ən yaxşı layihə; landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə; binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə; memarlıq sahəsində ən yaxşı nəşr.
Beynəlxalq Memarlar İttifaqının vitse-prezidenti Tomas Vonier qeyd etdi ki, münsiflər müsabiqəyə təqdim edilən bütün layihələri nəzərdən keçirərək, qərarları sadə səs çoxluğu ilə qəbul edəcək. Nəticələr noyabrın 3-də elan ediləcək. Hər nominasiya üzrə I yer üçün 4000 manat, II yer üçün 2500, III yer üçün isə 1000 manat mükafat nəzərdə tutulub.
Müsabiqənin açılışı noyabrın 1-də Bakı Biznes Mərkəzində keçiriləcək.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar