I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi başa çatdı

Noyabrın 1-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin sərgisi açıldı.

Müsabiqə iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzüldü. İştirakçılar Şəhidlər xiyabanını da ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Bakı Biznes Mərkəzində təşkil olunan sərginin açılış mərasimində rəsmilər, millət vəkilləri, müsabiqənin beynəlxalq münsiflər heyətinin üzvləri, qonaqlar, memarlar, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Nazir Əbülfəs Qarayev açılış nitqi ilə çıxış edərək müsabiqənin əhəmiyyəti barədə danışdı. Bildirdi ki, belə bir nüfuzlu tədbirin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilməsi təsadüfi deyil: «İstər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində ümummilli liderin səyi və təşəbbüsü ilə Azərbaycanda onlarla bir-birindən gözəl tikililər, memarlıq abidələri inşa edilib. Müstəqil Azərbaycanda şəhərsalmanın əsasını qoymuş ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə memarlıq və şəhərsalma sahəsində böyük nailiyyətlər əldə olunub. Bu sahənin inkişaf etdirilməsi, ölkəmizdə gözəl memarlıq nümunələrinin yaradılması bu gün də Prezident İlham Əliyevin diqqət mərkəzindədir».
Əbülfəs Qarayev qeyd etdi ki, sərgiyə 30-dan çox ölkədən 250 layihə təqdim olunub. Bu sırada Azərbaycan memarlarının da işləri üstünlük təşkil edir: «İnanırıq ki, müsabiqənin beynəlxalq münsiflər heyətinin üzvləri ədalətli qərar çıxaracaq».

Azərbaycan və dünya memarlıq layihələri bir arada

Sonra tədbir iştirakçıları I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə təqdim edilən layihələrin sərgisi ilə yaxından tanış oldular. Sərgidə həyata keçirilən və artıq reallaşdırılmış layihələr üstünlük təşkil edirdi. Ekspozisiyada müxtəlif dövlət qurumlarının, təşkilatların stendləri də diqqəti cəlb edirdi. Heydər Əliyev Fondunun, müxtəlif nazirliklərin, universitetlərin stendlərində bir-birindən maraqlı memarlıq işlərinin fotoları yer almışdı. Müsabiqəyə təqdim edilən 250 layihənin 100-dən çoxu Azərbaycan memarlarına məxsus idi və müsabiqənin nominasiyalarına uyğun olaraq müxtəlif bölmələrdə qruplaşdırılmışdı. «Sənaye», «Azərbaycan 10 ildə», «İnfrastruktur», «İnformasiya və kommunikasiya texnologiyaları» və s. adlı bölümlərdə ölkəmizdə son illər böyük vüsət alan tikinti-quruculuq işlərini əks etdirən fotolar və maketlər təqdim olunurdu.
Sərgidə maraq doğuran bölmələrdən biri də «Turizm 2003-2012-ci illər» bölməsi idi. Burada son illər Azərbaycanda tikilən hotellərin, istirahət mərkəzlərinin fotoları əksini tapmışdı. Müasir Azərbaycan memarlığını əks etdirən bu tikililər sərgi qonaqlarının da diqqətini cəlb edirdi.

İlk təəssüratlar, rəylər

Tədbir iştirakçılarının bəziləri müsabiqə ilə bağlı fikirlərini, sərgi barədə ilk təəssüratlarını bizimlə bölüşdülər.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev: «Müsabiqədə Avropanın aparıcı ölkələrinin məşhur memarları iştirak edirlər. Bu baxımdan müsabiqəni dünya memarlarının təcrübə mübadiləsi kimi də qəbul etmək olar. Ümumilikdə götürdükdə sərgidə Azərbaycanın bugünkü inkişafı ilə səsləşən çox gözəl işlər var. Hesab edirəm ki, müsabiqə Azərbaycan memarlıq sənətinin inkişafına çox böyük təkan verəcək. Müsabiqəyə təqdim edilən işlərin əksəriyyətinin müəllifləri gənclərimizdir. Bu da memarlığımızın sabahının etibarlı əllərdə olduğunu göstərir”.
Memarlıq doktoru, professor Nəriman Əliyev: «Azərbaycan memarlığının çox qədim və zəngin tarixi var. Bunu, ötən əsrin 20-30-cu illərini çıxmaq şərtilə, bütün dövrlərə aid etmək olar. Hazırda memarlığımız böyük zirvələr fəth edib desək, yanılmarıq. Bir gün görkəmli dramaturq Cəfər Cabbarlıdan soruşurlar ki, Məhəmməd Füzuli haqqında nə deyə bilərsiniz? Cavab verir ki, Füzuli Azərbaycan mədəniyyətini alıb çiyinlərinə, elə bir zirvəyə qalxıb ki, nə biz bundan sonra o zirvəyə çıxa bilərik, nə də o oradan aşağı düşə bilməz. Azərbaycan memarlığı da XV əsrdən sonra belə bir zirvədədir. Bu müsabiqə müasir memarlığımıza verilən bir qiymətdir. Təqdim olunan işlər Azərbaycan milli mədəniyyətini və müasir memarlığımızın hazırkı durumunu əks etdirir. Sərgidə mənim «Heydər Əliyev və Bakının memarlığı» adlı kitabım da nümayiş olunur”.
Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki: «Bu müsabiqə Azərbaycan memarlığının dünyada tanıdılmasına bir dəstək olacaq. Belə bir müsabiqədə münsif kimi iştirak etmək, buradakı layihələri qiymətləndirmək bizim üçün də bir fəxrdir. Artıq iki gündür Bakıdayam. Şəhərinizdə çoxlu memarlıq abidələri var, buradakı binalar, mədəniyyət mərkəzləri həqiqətən də gözəl memarlıq nümunələridir».
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə: «Sərgidə 250 memarlıq nümunəsi nümayiş etdirilir. Bu, müsabiqəyə olan marağın miqyasından xəbər verir. Düşünürəm ki, beynəlxalq münsiflərin də qiymətləndirməsi ilə ədalətli nəticə əldə olunacaq».
Azərbaycan Memarlar İttifaqı sədrinin müavini Elçin Əliyev: «Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə indiyədək dünyada cəmi iki memarlıq müsabiqəsi keçirilib. Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi üçüncüdür. Ölkəmizdə son illər çox böyük inkişaf gedir. Bu inkişafın fonunda yeni memarlıq nümunələrinin tətbiq olunması xüsusilə diqqəti cəlb edir. Müsabiqəyə azərbaycanlı memarlar tərəfindən çoxsaylı layihələrin təqdim olunması da bu sahənin inkişafının göstəricisidir. Müsabiqə 7 nominasiya üzrə keçirilir. Müsabiqədə Cənubi Afrikadan, Meksika və Yaponiyayadək ölkələrdən işlərin təqdim olunması bu tədbirə böyük marağın göstəricisidir”.

Münsiflər heyətinin toplantısı

Noyabrın 2-də Bakı Biznes Mərkəzində müsabiqənin beynəlxalq münsiflər heyətinin toplantısı keçirildi. Toplantıda müsabiqənin beynəlxalq münsiflər heyətinin sədri - Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki, münsiflər heyətinin üzvləri - Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas, qurumun vitse-prezidentləri Tomas Vonier və Hayder Ali iştirak edirdi.
Qeyd olundu ki, beynəlxalq münsiflər heyəti müsabiqəyə təqdim edilmiş 250-yə yaxın memarlıq nümunəsini təhlil etdikdən sonra hər nominasiya üzrə ən yaxşı işləri, çətinliklə də olsa, seçə biliblər. Fərqlənən layihələrin bir gün sonra keçiriləcək mərasimdə elan olunacağı bildirildi. Müsabiqəyə çoxlu dəyərli layihələrin təqdim edildiyini deyən çıxışçılar tədbirin təşkilati işlərindən də razılıqlarını ifadə etdilər.

Mükafatlandırma mərasimi

Noyabrın 3-də “Four Seasons Baku” hotelinin “Segah” ziyafətlər zalında I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mərasimdə çoxsaylı qonaqlar, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Serbiya və digər ölkələrin memarlar ittifaqlarının məsul şəxsləri, ictimai xadimlər iştirak edirdi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq müsabiqənin əhəmiyyətindən söz açdı, bu tədbirin Azərbaycanın memarlıq tarixi üçün əlamətdar hadisə olduğunu vurğuladı. Bildirildi ki, bu gün çağdaş Azərbaycan memarlığı özündə tarixi ənənələri əks etdirməklə yanaşı, inşa edilmiş modern tikililərlə ölkəmizin tarixi görünüşünə müasir çalarlar bəxş etməkdədir. Son dövrlərdə həyata keçirilən quruculuq işləri nəticəsində Azərbaycanın müasir siması formalaşır və istər yerli sakinlərə, istərsə də ölkəmizə səfər edən qonaqlara yüksək estetik zövq verən məkanlar yaradılaraq istifadəyə verilir. Bu cür modern incəsənət nümunələrindən olan Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kompleksi, eləcə də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin binaları Bakının müasir simvoluna çevrilməklə yanaşı, planetimizin möhtəşəm tikililəri sırasına daxil edilmişdir. Təsadüfi deyil ki, “Bakı Ağ şəhər” layihəsi dünyada ən yaxşı şəhərsalma layihələrindən biri hesab olunur.
Nazir çıxışında vurğuladı ki, I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə 30-dək ölkədən 250-dən çox layihənin təqdim edilməsi, təqdim olunan işlərin keyfiyyəti, eləcə də müsabiqənin dünyada tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti bu tədbirin önəmini bir daha təsdiq edir.
Tədbirdə iştirak edən xarici ölkə nümayəndələrinə təşəkkürünü bildirən nazir müsabiqənin sonrakı illərdə də təşkil olunacağını, davamlı xarakter alacağını diqqətə çatdırdı. Qeyd olundu ki, bu cür beynəlxalq müsabiqələrin məhz Bakıda təşkil olunması memarlığın, bu sahədə baş verən texnoloji və digər yeniliklərin və ən əsası təcrübənin də ölkəmizə gətirilməsi deməkdir.
Çıxışının sonunda Əbülfəs Qarayev müsabiqənin qaliblərini təbrik etdi, onlara yeni yaradıcılıq uğurları arzuladı.
Müsabiqənin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki çıxışında Azərbaycanın sürətlə inkişaf etdiyini, Bakıda nadir və gözəl memarlıq nümunələrinin olduğunu diqqətə çatdırdı. Bildirdi ki, beynəlxalq müsabiqədə qarşıya qoyulan məqsədə nail olunması Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Memarlar İttifaqı və Beynəlxalq Memarlar İttifaqı arasındakı sıx əməkdaşlıq, məhsuldar işbirliyinin göstəricisidir.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, müsabiqənin münsiflər heyətinin üzvü Elbay Qasımzadə isə çıxışından öncə rəhbərlik etdiyi qurum adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Azərbaycan memarlığının inkişafında göstərdiyi xüsusi xidmətlərə görə “Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı”nın simvolik heykəlciyini və Fəxri fərman təqdim etdi. Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki, münsiflər heyətinin üzvləri - Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas, qurumun vitse-prezidentləri Tomas Vonier və Hayder Ali Azərbaycan Respublikası Memarlar İttifaqının fəxri üzvü elan olundu və müvafiq diplomlarla təltif edildilər. Qeyd olundu ki, müsabiqənin bu cür yüksək səviyyədə təşkili yalnız birgə əməkdaşlıq sayəsində mümkün ola bilərdi. Müsabiqə iştirakçılarına və qaliblərə uğur arzulayan E.Qasımzadə ümidvar olduğunu bildirdi ki, memarlıqla bağlı bu cür beynəlxalq tədbirlər davam etdiriləcək.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə Rusiya Federasiyasının Memarlar İttifaqının 30 illiyinə həsr olmuş döş nişanı və Tacikistan Memarlar İttifaqının “Ustad Memar” medalları ilə təltif olundu.

Müsabiqənin qalibləri

Mərasimdə müsabiqə barədə hazırlanmış film nümayiş etdirildi. Sonra I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin nəticələri açıqlandı, qaliblər mükafatlandırıldı.
Birinci yerin qalibinə beynəlxalq müsabiqənin rəmzi heykəlciyi, müvafiq nominasiyaya uyğun diplom və 4000 manat pul mükafatı, ikinci yerin sahibinə müvafiq nominasiyaya uyğun diplom və 2500 manat pul mükafatı, üçüncü yerin qalibinə nominasiyaya uyğun diplom və 1000 manat pul mükafatı təqdim edildi.
Nominasiyalar üzrə qalibləri təqdim edirik:

“İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası:
Birinci yer - Rodriges Rebelo Kamilo və Tiago Pimentel Pedro “Koa İncəsənət və Arxeologiya Muzeyi” layihəsi ilə (Portuqaliya);
İkinci yer - Valentini Sergio Jahn “Mansueto Kitabxanası” layihəsi ilə (ABŞ);
Üçüncü yer - Tierri Şambon, Maksim Repaö və Frederik Roustan ”Fransanın Valensiya şəhərində yerləşən İctimai Mədəniyyət Mərkəzi” layihəsi ilə (Fransa).

“Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası:
Birinci yer - Arnod Lakoste “D” evi layihəsi ilə (Fransa);
İkinci yer - Kenji Ido “Tamatsuda inşa edilmiş ev” layihəsi ilə (Yaponiya);
Üçüncü yer - Nəriman İmaməliyev “Şüvəlan qəsəbəsində villa “Oskar”” layihəsi ilə (Azərbaycan).

“Həyata keçirilmiş ən yaxşı interyer” nominasiyası:
Birinci yer - Kim Kidak “Bay Bay Bornsayd” layihəsi ilə (ABŞ);
İkinci yer - Yaroslav Usov “Antonovka qəsəbəsində bağ evi” layihəsi ilə (Rusiya);
Üçüncü yer - Rəhim Seyfullayev “Bakıda Gənclər Teatrının interyeri” layihəsi ilə (Azərbaycan).

“Həyata keçirilməmiş ən yaxşı layihə” nominasiyası:
Bu nominasiya üzrə qalibləri müəyyən edərkən münsiflər heyəti birinci və üçüncü yerlərin ləğv edilməsi və 3 iştirakçının ikinci yerə layiq görülməsi barədə qərar qəbul edib.
Beləliklə, ikinci yer - Zaur Qafarov “Multimedia mərkəzinin layihə təklifi ilə” (Azərbaycan); Patrik Kollier “Bioklimatik evlər” layihəsi ilə (Mərakeş); Nikolay Lim “Qaosyun şəhərində (Tayvan) dəniz mədəniyyəti və pop-musiqi mərkəzi” layihəsi ilə (Rusiya).

“Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası:
Birinci yer - Znidarsik Aves “Bled gölü sahilində yerləşən avarçəkmə mərkəzində tamaşaçılar üçün kürsü” layihəsi ilə (Sloveniya);
İkinci yer - Rako Goran “Visedol Arxeoloji Muzeyi” layihəsi ilə (Xorvatiya);
Üçüncü yer - Silva Raulino Rikardo “Təchizat” layihəsi ilə (Portuqaliya).

“Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası:
Birinci yer - Zaxariy Kurdiani “Tbilisidə funikulyorun yuxarı stansiyasının və “Mtasminda” restoranının rekonstruksiya layihəsi” ilə (Gürcüstan);
İkinci yer - Rasim Babakişiyev “İçərişəhərdə yaşayış evinin bərpası ilə “Şah Palace” hotelinin regenerasiyası” layihəsi ilə (Azərbaycan);
Üçüncü yer - Landolina Nazzarena “Qarda gölünün sahilində villa” layihəsi ilə (İtaliya).

“Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyası:
Bu nominasiya üzrə qalibi müəyyən edərkən münsiflər heyəti belə qərara gəlib ki, bütün yerlər ləğv olunsun və təqdim olunan nəşrlər içərisində aşağıdakı 5 nəşr mükafata (Fəxri diplom və 1500 manat pul) layiq görülsün. Təqdim edilmiş işlər içərisində aşağıda qeyd olunan nəşrlər mükafatlara layiq görülüb:
Şamil Fətullayev-Fiqarov “Abşeron memarlığı” kitabına görə (Azərbaycan);
Rəna Əfəndizadə “Azərbaycan memarlığı XIX əsrin sonu-XXI əsrin əvvəli” kitabına görə (Azərbaycan);
İqor Voskresenski “Memarlıq. İnşaat. Dizayn” dərgisinə görə (Rusiya);
Elçin Əliyev və İlqar İsbatov Bakı Dövlət Layihə İnstitutunun yubileyinə həsr olunmuş kitaba görə (Azərbaycan);
Azərbaycan Memarlar İttifaqı “Memar” analitik informasiya jurnalına görə.
Gecəyə musiqi çələngi

Mükafatlandırma mərasiminin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, Əməkdar artisti Tünzalə Ağayeva, Prezident təqaüdçüsü xanəndə Babək Niftəliyev və muğam triosu, “Qaya” qrupu, “Eurovision-2012” mahnı müsabiqəsinin dördüncüsü Səbinə Babayeva, “Montre” Caz Festivalının laureatı Emil Əfrasiyab və qrupu, həmçinin “Bakı Caz Festivalı-2013”ün iştirakçısı, iki dəfə “Qremmi” mükafatı laureatı Bob Ceymsin çıxışları gecəyə rəng qatdı. Mərasimin aparıcısı “Eurovision-2012” müsabiqəsində aparıcısı olmuş Leyla Quliyeva idi.
Tədbirin sonunda müsabiqənin xatirə fotosu çəkildi.

* * *
Qeyd edək ki, müsabiqə ilə bağlı ölkəmizə səfər etmiş qonaqlar paytaxtımızın görməli yerləri - Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin binaları, eləcə də Dövlət Bayrağı Meydanı ilə tanış olub, qonaqlar üçün “İçərişəhər” Tarix-Memarlıq, Qobustan Tarix-Bədii, “Atəşgah məbədi” Tarix-Memarlıq qoruqlarlına, “Qala” Arxeoloji-Etnoqrafik Muzey kompleksinə ekskursiyalar təşkil edilib.

Fəxriyyə Abdullayeva,
Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar