Noyabrın 18-də İbrahim Əbilov adına Mədəniyyət mərkəzində görkəmli rejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Tofiq Kazımovun 90 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirildi.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə xalq artistləri, rejissorlar Ağakişi Kazımov, Azər Paşa Nemətov, vaxtilə Tofiq Kazımovun Akademik Dram Teatrında səhnələşdirdiyi tamaşalarda rol almış aktyorlar - xalq artistləri Hacı İsmayılov, Ramiz Məlik, Əməkdar artist Əminə Babayeva və başqaları iştirak edirdilər.
Çıxış edənlər Tofiq Kazımovun humanist şəxsiyyəti, Azərbaycan milli teatr tarixində silinməz izləri, dövrü üçün inqilab sayılan quruluşları barədə danışdılar, sənətkarın vaxtilə gənclərə meydan verməklə teatrımıza yeni simalar bəxş etdiyini bildirdilər. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşmasının Tofiq Kazımovun adı ilə bağlı olduğunu vurğuladılar.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov uşaqlıq, gənclik yaddaşının Tofiq Kazımov səhifələrini, xatirələrini çözələdi, gənclik illərində onunla yaradıcılıq münasibətlərindən danışdı, rejissorun yaradıcılığının sonrakı nəsillər üçün də məktəb olduğunu dedi.
Xalq artisti Ağakişi Kazımov sənətkarın quruluş verdiyi tamaşaları analiz etdi, onların hər birini ayrıca bir istinad, teatr hadisəsi adlandırdı. “Antoni və Kleopatra” (Uilyam Şekspir), “Şəhərin yay günləri” (Anar) tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunan Tofiq Kazımovun baş rejissor kimi U.Şekspirin “Hamlet”, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Aydın”, M.S.Ordubadinin “Qılınc və qələm”, Ə.Haqverdiyevin “Pəri cadu” əsərlərinə verdiyi uğurlu quruluşları yada saldı. Vaxtilə görkəmli sənətkarın xeyir-duası ilə səhnədə addımlayan, gənc olmalarına rəğmən, aparıcı rolları oynamaqla teatr ictimaiyyətinin diqqətini cəlb etmiş Ramiz Məlik, Hacı İsmayılov, Əminə Babayeva sənət tərcümeyi-hallarında Tofiq Kazımovun yerindən, səmimi münasibətindən, bütöv şəxsiyyətindən, qayğıkeşliyindən söz açdılar, kövrək xatirələrini dilə gətirdilər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu isə uzun illər bu sənət ocağında baş rejissor kimi fəaliyyət göstərmiş cəfakeş insanın teatr müəssisəsinin inkişafında, repertuarının zənginləşməsində əməyindən söz açdı, “Tofiq Kazımov məktəbi” yetirmələrinin sənət tariximizdə izlərindən danışdı.
Tədbir Mədəniyyət mərkəzinin “Oğuzlar” xalq çalğı alətləri ansamblının müşayiətində gənc ifaçıların rəngarəng konsert proqramı ilə başa çatdı.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar