Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şirvan şəhərində vətəndaşlarla görüşdü

Noyabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində Şirvan şəhərindən, Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın və Füzuli rayonlarından vətəndaşları qəbul etdi.

40-dək vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı xahiş və təklifləri dinlənildi.
Müraciətlər yerlərdə incəsənət məktəbinin, musiqi məktəblərində yeni siniflərin açılması, məktəblərin filiallarının yaradılması, mədəniyyət evlərində ştatların artırılması, tədris müəssisələri binasında məskunlaşan məcburi köçkünlərin yeni tikilən yaşayış yerlərinə köçürülməsi, mədəniyyət işçilərinə fəxri adların verilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, muzeylərin ekspozisiyalarının tərtibatı, rəsm qalereyasının təşkili, mədəniyyət ocaqlarının avadanlıqlarla, yaradıcı heyətlərin, ansamblların geyimlə təmin edilməsi, turizm sahəsində işlə təmin olunma və digər sosial məsələlərlə bağlı idi.
* * *
Biz də qəbula yazılan vətəndaşların bir qismi ilə söhbətləşdik, təklif və xahişləri ilə maraqlandıq. Şirvan şəhərindən Şəfaqət Hacıyeva uşaq incəsənət məktəblərinin azlığından gileyləndi: “Şirvan şəhərində 80 minə yaxın əhali yaşayır. Biz çox istərdik ki, övladlarımız orta təhsillə yanaşı, incəsənət sahəsində də təhsil alsınlar, biliklərə yiyələnsinlər. Bu həm onları maarifləndirər, eyni zamanda boş vaxtlarını daha səmərəli keçirərlər. Mən cənab nazirlə görüşümdə yeni uşaq incəsənət məktəblərinin açılması məsələsini qaldıracağam. İnanıram ki, təklifim müsbət qarşılanacaq”.
Ağcabədi şəhərindən gəlmiş İlham Məmmədov nazirlə görüşündə musiqi məktəblərində məskunlaşmış qaçqınların köçürülməsi ilə bağlı məsələni qaldıracağını bildirdi: “Bilirsiniz ki, digər şəhər və rayonlarımızda olduğu kimi, Ağcabədidə də məcburi köçkünlər məskunlaşıb. Onların bir qismi vaxtilə musiqi məktəblərində sığınacaq tapdılar. Ancaq indi, çox şükürlər ki, dövlətimiz onlar üçün yeni binalar tikir, qəsəbələr salır. Biz də istərdik ki, musiqi məktəblərində məskunlaşmış məcburi köçkünlərimiz yeni tikilən mənzillərə köçürülsün. Bu həm onların həyat şəraitinin yaxşılaşmasına gətirib çıxarar, həm də musiqi məktəbləri normal fəaliyyət göstərərlər”.
Beyləqan rayonu Mil qəsəbəsindən Fikrət Ağayev isə rəsm qalereyasının açılması ilə bağlı təklif irəli sürəcəyini dedi: “Rayonumuzda mədəniyyət sarayı fəaliyyət göstərir. Ancaq əvvəllər sarayın nəzdində olan asudə vaxt mərkəzi hazırda fəaliyyətsizdir. Çox istərdik ki, həmin mərkəzdə yeni rəsm qalereyası açılsın, uşaq və yeniyetmələrimiz bu qalereyada tanınmış rəssamların əl işləri ilə tanış olsunlar, bu sənəti öyrənsinlər, öz işlərini nümayiş etdirsinlər. Cənab nazirdən bu məsələdə kömək göstərməsini xahiş edəcəyik”.
Xocavənd rayon sakini Həsrət Məmmədov qəbul zamanı ixtisaslı müəllim çatışmazlığı ilə bağlı məsələni diqqətə çatdıracağını dedi: “Musiqi məktəblərimizdə ixtisaslı müəllimlər çatışmır. Təklif edəcəyəm ki, təyinat əsasında bizim məktəblərə ixtisaslı müəllimlər göndərilsin. Eyni zamanda muğam sinfinin açılması məsələsini də cənab nazirdən xahiş edəcəyəm. Ümidvaram ki, təkliflərim müsbət qarşılanacaq və həllini tapacaq”.
İmişli şəhərindən qəbula yazılmış Samir Alışov isə müraciətinin işlə bağlı olduğunu dedi: “Ali təhsilliyəm. Bir müddətdir ki, iş tapmaqda çətinlik çəkirəm. Ümid edirəm ki, ətraf rayonlarda yerləşən turizm obyektlərinin birində işə düzəlməyimlə bağlı mənə köməklik ediləcək”.
* * *
Qəbula gələn vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev qaldırılan məsələlərin həlli istiqamətində müvafiq göstəriş və tapşırıqlar verdi. Qeyd olundu ki, Şirvan şəhəri və ətraf rayonların mədəni həyatının canlandırılması ilə bağlı səsləndirilən təkliflər olduqca təqdirəlayiqdir.
Nazir jurnalistlərə müsahibəsində bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən hökumət üzvlərinin vətəndaşlarla görüşləri artıq mütəmadi hal alıb. Yerlərdə mövcud problemlərin öyrənilməsi, onların həlli ilə bağlı tədbirlərin görülməsi məqsədi daşıyan bu görüşlərin müsbət nəticələri var: "Şirvan şəhərində keçirilən görüşümüzə əvvəlki qəbullarda iştirak etmiş vətəndaşlar da qatılmışdı. Onların qəbula yeni müraciətlərlə gəlməsi qaldırılan məsələlərin həll olunduğunu göstərir. Bu o deməkdir ki, vətəndaşlarımız bu qəbullar vasitəsilə problemlərin həllinə nail ola bilirlər".
Əbülfəs Qarayev mədəniyyət və turizm sahəsində müvafiq dövlət proqramlarının icra olunduğunu, tədricən bütün məsələlərin həllini tapacağını vurğuladı: "Həllini gözləyən bəzi məsələlər də var. Bu sırada yeni klubların inşasını, muzeylərin bərpasını göstərmək olar. Müsbət haldır ki, mədəniyyət ocaqlarında çalışan əməkdaşlar tərəfindən bu cür məsələlər qaldırılır. İnanırıq ki, bu cür məsuliyyətli yanaşma mədəniyyət sahəsində xidmət keyfiyyətinin artmasına gətirib çıxaracaq. Biz hər dəfə regionlarda olarkən görürük ki, ölkə başçısının siyasəti insanlar tərəfindən dəstəklənir. Eyni zamanda, vətəndaşlar müxtəlif məsələlərlə bağlı təkliflərlə çıxış edirlər".
Nazir sosial məsələlərlə bağlı müraciətlərin də lazımi instansiyalara çatdırılacağını, onların həlli istiqamətində müvafiq köməklik göstəriləcəyini bildirdi.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar