Noyabrın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və bədii rəhbəri, Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Kərimin xatirə gecəsi keçirildi.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq sənətkarın bu il oktyabrın 2-də dünyasını dəyişdiyini dedi: “Bu bizim üçün ağır itki idi. Bu gün isə onun xatirə gecəsinə toplanmışıq”.
Tədbirin aparıcısı, muzeyin filial müdiri Təranə Zeynalova tanınmış musiqişünasın həyat yolundan danışdı. Bildirdi ki, Məcnun Təbriz oğlu Kərim 1945-ci il sentyabrın 1-də Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının “Xalq çalğı alətləri” şöbəsini bitirib. 1991-ci ildən Bakı Musiqi Akademiyasının “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb. 1995-ci ildə “Azərbaycanın qədim simli çalğı alətləri” (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusunda dissertasiya müdafiə edib. 1996-cı ildə Qədim Musiqi Alətləri Dövlət Ansamblını yaradıb və ansamblın bədii rəhbəri olub. 1998-ci ildən Bakı Musiqi Akademiyasnın “Xalq çalğı alətləri” kafedrasında pedaqoji fəaliyyət göstərib. 2006-cı ildə Əməkdar artist, 2011-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
AMEA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi Zemfira Səfərova bildirdi ki, Məcnun Kərim ötən əsrin 80-ci illərindən musiqi sahəsində çalışıb. Azərbaycanın qopuz, çoqur, çəqanə, rübab, bərbəd, Şirvan tənburu, çəng, rud, səntur, qanun və ney kimi qədim musiqi alətlərini bərpa edib. Sənətşünasın bərpa etdiyi 24 musiqi aləti hazırda muzeydə saxlanılır.
Qeyd olundu ki, Məcnun Kərim orkestrlə bərabər, orta əsrlərdə yaşayıb-yaratmış məşhur musiqiçilər və musiqi nəzəriyyəçiləri Əbdülqadir Marağai və Səfiəddin Urməvi tərəfindən yaradılan, XIV əsrə aid qədim əsərləri bərpa edib. Ə.Marağaidən zəmanəmizə 34 təsnif gəlib çatıb. Məcnun Kərimin yaratdığı Qədim Musiqi Alətləri Ansamblı bu təsniflərin üçünü ifa edir. S.Urməvidən dörd kiçik əsər qalıb, həmin əsərlər də ansamblın repertuarına daxildir. O, dörd dildə nəşr olunan “Azərbaycanın musiqi alətləri” kitabının da müəllifi idi.
Bildirildi ki, ümummilli lider Heydər Əliyev 1996-cı ildə akademik Yusuf Məmmədəliyevin yubiley gecəsində ilk dəfə Qədim Musiqi Alətləri Ansamblının ifasını dinləyib. Ertəsi gün ulu öndər ansambla dövlət statusunun verilməsi barədə sərəncam imzalayıb.
Məcnun Kərim beynəlxalq konfranslara qatılıb, bərpa etdiyi musiqi alətləri dəfələrlə xarici ölkələrdə nümayiş olunub. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” laboratoriyasına xeyli vaxt rəhbərlik edib, “alətşünaslıq” fənninin əsasını qoyub.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev qeyd etdi ki, Məcnun Kərim milli-mənəvi dəyərlərimizə qayğı ilə yanaşan və musiqi mədəniyyəti xəzinəmizə öz töhfəsini verən sənətkarlarımızdan olub: “Onunla yaxından tanışlığım Novruz bayramında oldu. O öz ansamblı ilə bayram tədbirində çıxış edəcəkdi. Nəzərdə tutulmuşdu ki, bir mahnı ifa edəcəklər. Çıxışları o qədər maraqlı oldu ki, dörd mahnı ifa etdilər”.
Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullayeva, fizika-riyaziyyat elmləri namizədi Şahin Hacıyev və başqaları sənətkarın musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışdılar, xatirələrini bölüşdülər. Bildirildi ki, hər bir musiqi alətinin bərpasına bir neçə il vaxt sərf olunub. Məsələn, “Nüsxə” adlı qədim musiqi alətinin bərpası 3 ilə başa gəlib. Ustad həmin musiqi alətlərinin təsvir olunduğu bədii ədəbiyyatı, əlyazmaları, onların texniki parametrlərini öyrənib və lazımi ağac növü seçmək üçün rayonlara səfər edib. Məcnun Kərim həmişə fəxrlə deyərdi ki, heç bir xalq bizim xalqımız qədər zəngin orta əsrlər mədəniyyətinə sahib deyil. Heç bir xalqın bu qədər qorunub saxlanılan, bərpa edilən və istifadə olunan qədim musiqi aləti yoxdur.
Xatirə gecəsində Qədim Musiqi Alətləri Ansamblına Məcnun Kərimin adının verilməsi ilə bağlı təklif səsləndi. Məcnun Kərimin yaxın qohumu Həsən Həsənov mərhumun ailəsi adından tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi.
Sonda konsert proqramı təqdim olundu. Qədim Musiqi Alətləri Ansamblı öz repertuarından əsərlər səsləndirdi.

Savalan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar