Növbəti mədəniyyət tədbiri Köln şəhərində keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Berlindəki səfirliyinin dəstəyi ilə Almaniyada Azərbaycan mədəniyyətinin təqdimatı layihəsi davam edir. “Azərbaycan gecəsi” adlı növbəti tədbir Köln şəhərindəki tarixi Gürsenix zalında keçirilib.

Gecədə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkəmizin müasir inkişafı, mədəni irsi barədə danışıb. Diplomat Azərbaycanın mədəni və tarixi zənginliklərinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Tədbirin aparıcısı, Almaniyanın tanınmış telejurnalisti Co Fexner Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrdən danışıb. Fondun Strasburq və Parisdə tarixi kilsələrin, Roma katakombalarının, o cümlədən II Dünya müharibəsi illərində dağıdılan Berlin qəsrinin bərpasında iştirak etdiyini bildirib. O, müasir Azərbaycanda muğam, caz, klassik musiqi ənənələrinin böyük inkişaf yolu keçdiyini bildirərək ölkəmizin beynəlxalq musiqi tədbirlərinə ev sahibliyi etdiyini deyib.
Gecə daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı ilə davam edib. Dirijor Fuad İbrahimovun rəhbərliyi altında tamaşaçılara Azərbaycan musiqisinin inciləri təqdim olunub. Fikrət Əmirovun “Şənlik rəqsi”, Niyazinin “Rast” simfonik muğamı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Vasif Adıgözəlovun “Elegiya”sı, xalq mahnısı “Sarı gəlin” və s. tamaşaçılarda musiqi xəzinəmiz barədə dərin təəssürat yaradıb. Vokalçılar Aygün Zeynalova və Samir Cəfərovun, xanəndə Arzu Əliyevanın çıxışları, Sahib Paşazadənin tarda, Mehman Nuriyevin balabanda, Ceyla Seyidovanın skripkada ifaları alqışlarla qarşılanıb.
Gecənin iştirakçıları “Almanlar Azərbaycanda” fotosərgisi ilə tanış olublar. Çoxmillətli və tolerantlıq diyarı olan Azərbaycanın Göygöl rayonunda yaşamış almanların həyatını əks etdirən bu sərgi ilə yanaşı, həmçinin “Almaniya gənc rəssamların gözündə” sərgisi də nümayiş olunub.
Qonaqlara Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər də təqdim edilib.
Almaniyada növbəti “Azərbaycan gecəsi” dekabrın 5-də Hamburqda keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar