Həsən Məmmədov - 75


Noyabrın 22-si görkəmli kinoaktyor, Xalq artisti Həsən Məmmədovun dünyaya göz açdığı gündür. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinostudiya kollektivinin bir qrupu noyabrın 21-də II Fəxri xiyabanda sənətkarın xatirəsini yad etdilər, məzarı üstünə əklil qoydular.

Anım mərasimində çıxış edən rejissor, Əməkdar artist Elxan Qasımov bildirdi ki, Həsən Məmmədov Azərbaycan professional kinoaktyorluq məktəbinin görkəmli nümayəndəsi idi. Onun yaratdığı obrazların hər birində ürək çırpıntıları duyulur. Kimliyindən asılı olmayaraq, insan həyatda öz yerini tapa bilməyəndə əziyyət çəkir. Həsən Məmmədov isə həyatda da, sənətdə də öz yerini tapmış sənətkar idi. 1938-ci ildə anadan olan görkəmli sənətkar milli kinomuzun inkişaf dövrü olan 60-cı illərdə sənətə gəldi və özü ilə kinomuza yeni qəhrəman obrazı gətirdi. Onun kino yaradıcılığı “Böyük dayaq” filmindəki Qaraşla başlayıb. Bu, böyük sənətin ilk sınağı oldu. Həsən Məmmədov bu sınaqdan uğurla çıxdı. Bu da aktyorun gələcək məhsuldar fəaliyyəti üçün çox güclü stimul yaratdı.
İstedadlı aktyorun “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu bəy Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Qəm pəncərəsi” (Məhəmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər) və s. filmlərdə yaratdığı rəngarəng obrazlar qalereyası milli kinomuzun inciləri sırasına daxildir.
Həsən Məmmədovun yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirib. 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” filmində Murad roluna görə SSRİ Dövlət mükafatına (1981), “Birisi gün gecə yarısı” filmində Baba Əliyev obrazına görə Azərbaycan Dövlət mükafatı (1981) ilə təltif edilib. “Axırıncı aşırım” filmində Abbasqulu bəy Şadlinski roluna görə ümumittifaq kinofestivalında ən yaxşı kişi obrazı nominasiyasında mükafata layiq görülüb. 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Görkəmli sənətkar 2003-cü il avqustun 26-da dünyasını dəyişib.
Qeyd edək ki, dekabrda Həsən Məmmədovun 75 illiyi ilə bağlı xatirə gecəsi keçiriləcək.

Savalan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar