Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illiyi münasibətilə xatirə gecəsi

Noyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi, görkəmli pianoçu, pedaqoq Gülarə Əliyevanın (1933-1991) anadan olmasının 80 illiyi ilə bağlı xatirə gecəsi keçirildi.

Tədbiri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, professor Rafael Hüseynov açaraq Gülarə Əliyevanın musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışdı, onunla bağlı xatirələrini bölüşdü: “Gülarə Əliyeva xoşbəxt sənətkar idi. Yaratdığı “Dan ulduzu” ansamblı onun üçün kiçik dünya idi və o, bu dünyada özünü xoşbəxt hiss edirdi. Azərbaycan musiqi tarixində silinməz iz qoyan “Dan ulduzu” kamera instrumental ansamblı ilk çıxışından insanlar tərəfindən sevildi, populyarlıq qazandı, tamaşaçıların qəlbinə yol tapdı. Müxtəlif kollektivlərin, orkestrlərin mövcud olduğu Azərbaycan musiqi mədəniyyətində öz sözünü deməyə nail oldu”.
Qeyd olundu ki, “Dan ulduzu” ansamblı yarandığı gündən öz repertuarı ilə seçilib. Azərbaycan musiqisinin unudulmaz sənətkarlarının əksəriyyətinin yaradıcılığı, müəyyən qədər də olsa, bu ansamblla bağlıdır. Şövkət Ələkbərova, Mirzə Babayev, Hüseynağa Hadıyev, Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə, Elmira Rəhimova, Məmmədbağır Bağırzadə, Əli Mirəliyev, Xədicə Abbasova, Kəmalə Rəhimli, Ruhəngiz Musəvi, Aybəniz Haşımova kimi ifaçıların əksəriyyəti məhz o zaman “Dan ulduzu” ilə məşhurlaşdı və sevildi.
Xalq artisti, bəstəkar Ramiz Mirişli çıxışında Gülarə Əliyevanı fitri istedada malik sənətkar kimi xarakterizə etdi. Azərbaycanda gənc musiqiçilərin yetişməsində “Dan ulduzu” ansamblının böyük rolu olduğunu vurğuladı: “İlk çıxışından bu kollektiv pərəstişkarlar qazandı. Müntəzəm məşqləri, ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində bir çox musiqi kollektivlərini, ansamblları arxada qoydu. “Dan ulduzu” tezliklə dövlət tədbirlərinin, konsertlərin, xarici qastrol səfərlərinin bəzəyinə çevrildi”.
Xalq şairi Fikrət Qoca Gülarə xanımın əziz xatirəsinin musiqisevərlərin qəlbində daim yaşayacağını bildirdi. Vaxtilə tanınmış musiqiçi ilə bir yerdə çalışmasına görə xoşbəxt olduğunu dilə gətirdi.
Xalq artisti Yalçın Rzazadə qeyd etdi ki, bir sənətkar kimi tamaşaçı qarşısına çıxmağında Gülarə Əliyevanın böyük zəhməti olub: “Bəlkə də başqa bir sənət arxasınca gedə bilərdim. Ancaq bu görkəmli sənətkarın çox düzgün məsləhətləri, maraqlı tövsiyələri sayəsində bu sənətə gəldim. Bütün bunlar üçün o gözəl insana minnətdaram”.
Çıxışlarda qeyd olundu ki, daim yenilik axtarışında olan Gülarə Əliyeva o vaxt ansambla peşəkar musiqiçilər kimi tanınan Esmira Babayeva, Minurə Yusifli, Ramiz Əliyev, Fuad Əhmədov, Ələkbər Ələkbərov, Kamil Cəlilov, Arif Bayramov və başqalarını dəvət edir. “Dan ulduzu” ansamblının ilk solisti isə Tacikistanın və Azərbaycanın Xalq artisti, sonralar bir müddət Bakıda yaşamış Leyla Şərifova olub.
Kollektivin şöhrəti bəstəkarları da yeni-yeni əsərlər yazmağa sövq edir. Tofiq Quliyev, Elza İbrahimova, Oqtay Kazımi, Emin Sabitoğlu kimi görkəmli bəstəkarların bir çox mahnıları fərqli ifa və səsləndirmə texnikası ilə seçilən “Dan ulduzu” vasitəsilə tamaşaçı yaddaşına köçür.
Yubiley mərasimində görkəmli sənətkarın “Rapsodiya” əsərini Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova royalda ifa etdi. Daha sonra Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə xalq artistləri Yalçın Rzazadə və Mələkxanım Əyyubova “Əlvida”, “Məhəbbət” (bəstəkar Oqtay Kazımi), Xalq artisti İlhamə Quliyeva “Bir xumar baxışla” (Ramiz Mirişli), Xalq artisti Azər Zeynalov “Ana” (Sevil Əliyeva), Əməkdar artist Lalə Məmmədova “Sən yadıma düşəndə” (Elza İbrahimova), Əməkdar artist Almaz Orucova “Bir könül sındırmışam” (Ramiz Mirişli) mahnılarını ifa etdilər.
Gənc müğənnilərdən Şəhla Haşımova “Nə gəlməz oldun” (Oqtay Kazımi), Rövşən Əziz, Aqşin Abdullayev ”Bu gecə” və “Sən olmuşam” (Emin Sabitoğlu), Nurlan Növrəstli “Xoşum gəlir” (Vasif Adıgözəlov), Bəyimxanım Vəliyeva “Sən mənimsən, mən sənin” (Tofiq Quliyev) mahnılarını səsləndirdilər. Sonda “Rapsodiya” əsərinin görkəmli sənətkarın öz ifasında lent yazısı səsləndi.

S.Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar