Görkəmli kinorejissor və operator Rasim Ocaqovun 80 illiyi geniş tədbirlərlə qeyd edilib

Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi xatirə tədbirləri ilə qeyd edilib. Əvvəlcə mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyətinin nümayəndələri II Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, önünə əklil və tər çiçəklər düzüblər.

Sonra Rasim Ocaqovun vaxtilə yaşadığı binada (Hüseyn Cavid prospekti 22, 535-ci məhəllə) barelyefinin açılışı olub. Barelyefin müəllifləri Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu və zəngin yaradıcılığından söz açıb. Prezident İlham Əliyevin 2013-cü il 6 avqust tarixli sərəncamı ilə sənətkarın 80 illik yubileyinin ölkəmizdə geniş qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Rasim Ocaqov həm operator, həm də rejissorluq peşəsində xarakterlər ustası olduğunu çəkdiyi ekran əsərlərində dəfələrlə sübut edib. Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleks əksi aktyor ifaçılığında da özünü aydın göstərib, milyonların rəğbətini qazanıb.
Xalq artisti Eldar Quliyev və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kino sənətinin inkişafında əvəzsiz rol oynamış, ömrünün 50 ilini kinematoqrafiyaya həsr etmiş Rasim Ocaqovun sənət dünyasından, yaratdığı dəyərli ekran əsərləri barədə danışıb, xatirələrini bölüşüblər.
Vurğulanıb ki, sənətkarın yaradıcılığının əsas qayəsi insanın mənəviyyatını, psixologiyasını, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək olub. “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq”, “Təhminə”, “Otel otağı” və digər filmlərində yaradılan obrazlar buna nümunədir.
Sənətkarın ailəsi adından çıxış edən Altay Həsənov Rasim Ocaqovun xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.
* * *
Noyabrın 22-də “Üns” Yaradıcılıq Səhnəsində Rasim Ocaqovun 80 illik yubileyi qeyd olunub. Tədbir iştirakçılarını salamlayan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor, “Üns”ün yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayeva ekran əsərləri ilə milli kinomuza dəyərli töhfələr vermiş sənətkarın yaradıcılığından söz açıb. Qeyd olunub ki, Rasim Ocaqov həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur. O, milli olduğu qədər də bəşəridir. Onun adı dünya kino nəhəngləri ilə bir sırada çəkilməyə layiqdir.
Xalq artisti Fəxrəddin Manafov rejissorla birgə işlədiyi filmləri xatırlayıb: “Mənim ən yaxşı rollarım onun adı, onun filmləri ilə bağlıdır. Bu filmlər sayəsində mən sərbəstlik və özünəinam qazanmışam”.
Gecə dialoq formasında qurulmuşdu. Ekranda çəkilişlərin müəyyən məqamlarını əks etdirən kadrlar görünür, bu kadrlarda rejissor filmlərinə dəvət etdiyi aktyorlar, sənət dünyası və s. bağlı fikirlərini bölüşürdü.
Xalq artisti Hacı İsmayılov sənətkarın dəvəti ilə “Ad günü”, “Həm ziyarət, həm ticarət” və digər filmlərində yaratdığı obrazlardan danışıb: “Rasim Ocaqov böyük bir müəllim idi. Şadam ki, onun sənət dünyasından mənə də pay düşüb”.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxışında vurğulayıb ki, kino Rasim Ocaqovun həyatı, varlığı idi. O, özünü kinodan ayrı hiss edə bilmirdi.
Xatirə gecəsinin iştirakçılarına nəfis tərtibatlı “Rasim Ocaqov” albomu təqdim olunub. Nəşrdə yubilyarın ailə arxivindən nadir fotoşəkillər, çəkilişlərdən kadrlar yer alıb.
* * *
Noyabrın 23-də görkəmli kinorejissorun yubileyi doğulub boya-başa çatdığı Şəkidə də qeyd olunub. Şəhər rəhbərliyi və qonaqlar əvvəlcə Rasim Ocaqovun şəhərin Sülh meydanında qoyulmuş barelyefi önünə gül-çiçək düzüblər. 2008-ci ildə kinorejissorun 75 illiyi münasibətilə qoyulmuş barelyefin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
Sonra tədbir Şəki Dövlət Dram Teatrında davam etdirilib. İştirakçılar teatrın foyesində kinorejissorun həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar. Tədbiri şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq Azərbaycan və keçmiş Sovet İttifaqının kino tarixində özünəməxsus yeri olan Rasim Ocaqovun 80 illiyinin doğma yurdunda keçirilməsi Şəkinin mədəni həyatı üçün əlamətdar hadisə olduğunu bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Rasim Ocaqov filmlərində böyüyüb, boya-başa çatdığı Şəkini tərənnüm edib, şəkililərin maraqlı obrazlarını yaradıb: “Fəxr edirəm ki, mənim ssenarilərim əsasında çəkilmiş “Təhminə” və “Otel otağı” filmlərinin də rejissoru Rasim Ocaqov olub”.
Rasim Ocaqovla uzun müddət birgə çalışmış kinooperatorlar Kənan Məmmədov və Rafiq Qəmbərov çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşüblər.
Sonra tədbir teatrın geniş salonunda bədii proqramla davam edib. Sənətkarın həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub. Rasim Ocaqovun filmlərində çəkilmiş aktyorlar, sənət dostları çıxış edərək kinorejissorla bağlı xatirələrini danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar