Noyabrın 23-də Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatından 65 il ötdü. Həmin gün Üzeyir Hacıbəylinin ev-muzeyinin kollektivi Fəxri xiyabanda böyük sənətkarın xatirəsini yad etdi, məzarı üstünə əklil qoydu.
Sonra Üzeyir Hacıbəylinin ev-muzeyində anım mərasimi keçirildi. Tədbiri açan muzeyin direktoru, Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov görkəmli sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixində əvəzsiz xidmətlərindən danışdı: “Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunursa, vəfat günü də dərin hüznlə anılır, musiqimizə üz vermiş böyük itki kimi qeyd olunur. Amma mənim üçün Üzeyir bəy ölməyib, o, fiziki olaraq aramızda yoxdur, amma qəlblərdə yaşayır. Üzeyir bəyi yaşadan mədəniyyətimizə bəxş etdiyi zəngin əsərləridir. Sənətkarın mədəni irsi ona ölümsüzlük qazandırıb”.
Tanınmış xanəndə, Xalq artisti Canəli Əkbərov dahi bəstəkarın operalarında əsas partiyaları ifa etdiyini dedi: “Özümü Üzeyir bəyin mənəvi övladı hesab edirəm. Onun “Leyli və Məcnun” operasında Məcnunu, “Əsli və Kərəm”də isə Kərəmi oynamışam. Yaxşı yadımdadır ki, Məcnunu oynadığıma görə çox sevinirdim. Bu münasibətlə evimdə böyük qonaqlıq da təşkil etdim. Onda Rübabə Muradova da Leylini oynamışdı. Mənim üçün həmin gün bayram idi. Dahi Məhəmməd Füzulinin söz fəlsəfəsi ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin səs fəlsəfəsi birləşərək bu böyük məhəbbət dastanını qəlblərdə bütləşdirdi”.
Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova bildirdi ki, Üzeyir Hacıbəylinin zəngin irsi nə qədər tədqiq olunsa da, yenə dərindən araşdırılmasına ehtiyac var.
Bəstəkar, musiqişünas Nərgiz Şəfiyeva 65 il Üzeyir bəyin dəfninin ümumxalq hüznünə çevrildiyini dedi: “Həmin gün hər kəs dərin kədər içində idi. Onda mənim 7 yaşım var idi. Şəhərdə çox böyük izdiham yaşanırdı. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, insanlar hətta rayonlardan axışıb Üzeyir bəylə vidalaşmağa gəlirdilər”.
Şair, ədəbiyyatşünas, professor Ənvər Əhməd dahi bəstəkarı musiqimizin peyğəmbəri kimi xarakterizə etdi. Bildirdi ki, dünyada nə qədər ki, mədəniyyət var, musiqi var, deməli, Üzeyir bəy də yaşayacaq. Əgər onun əsərləri Avropada, Amerikada səhnəyə qoyulursa, demək Üzeyir bəy də yaşayır.
Muzeyin baş elmi işçisi Sevinc Quliyeva bildirdi ki, şərt çox yaşamaqda deyil, əsas bu ömrü necə yaşamaqdır. Üzeyir Hacıbəyli ömrü ərzində böyük mədəni irs qoyub getdi. Tanrının möcüzəsi olan insan özü də möcüzə yaratmağa müvəffəq oldu.
Anım mərasimi dahi bəstəkarın əsərlərindən ibarət musiqili kompozisiya ilə davam etdi.
Fariz Hüseynov