Vahid Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin təqdimatı keçirildi

Noyabrın 28-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Ultra” şirkəti tərəfindən hazırlanmış Vahid Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin (ALİSA) təqdimatı keçirildi. Mərasimdə öncə Azərbaycanda kitabxana sistemlərinin inkişafından bəhs edən sənədli film nümayiş olundu.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitabxanaların müasirləşdirilməsi istiqamətində görülən işlərdən söz açdı. Qeyd olundu ki, ölkə Prezidentinin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 2007-ci il 20 aprel tarixli sərəncamına və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq bu sahədə bir sıra layihələr həyata keçirilir. Nəticədə kitabxanaların maddi-texniki təminatı, informasiya texnologiyalarının tətbiqi ilə bağlı vəziyyəti kifayət qədər yaxşılaşıb. Bununla belə, kitabxana sisteminin günün tələbləri səviyyəsinə çatdırılması üçün hələ görüləcək işlər çoxdur.
Bildirildi ki, indiyədək Azərbaycanda pərakəndə kitabxana sistemlərinin fəaliyyət göstərməsi, bu sistemlər arasında inteqrasiyaya, eyni zamanda, müasir standartlara cavab verən yanaşmanın tətbiqinə imkan vermirdi. Müasir texnoloji yeniliklərə əsaslanaraq qurulan vahid elektron kitabxana sistemi bu sahədə çalışan əməkdaşların işini asanlaşdırmaqla yanaşı, mərkəzləşdirilmiş idarəetmə və oxuculara daha geniş xidmət imkanları yaradacaq: “Hazırda kitabxanalarda elektron kataloq, elektron kitabxana, habelə veb-saytların yaradılması işləri həyata keçirilir. Bu gün təqdimatı keçirilən ALİSA sistemi bu istiqamətdə görülən işlərin bariz göstəricilərindədir. Cənab Prezidentin göstəriş və tapşırıqları əsasında hazırlanmış Dövlət Proqramı bizim üçün yol xəritəsi rolunu oynayır, hansı işləri həyata keçirməli olduğumuzu aydın nümayiş etdirir”.
Dünyadakı texnoloji yeniliklərə toxunan nazir vurğuladı ki, böyük maliyyə və vaxt hesabına ərsəyə gələn ALİSA sistemi Azərbaycan kitabxanaçılığına da yeni yanaşma gətirəcək: “Biz uzun zəhmətdən sonra bu sistemi ərsəyə gətirə bildik. Mütəxəssislər sistemin hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sisteminin təcrübələrindən faydalanıblar. Hesab edirəm ki, bu, bizim kitabxana sistemi üçün olduqca vacib və əhəmiyyətli bir işdir. Məqsədimiz Azərbaycanda kitabxana sisteminin inkişafını müasir standartlara uyğunlaşdırmaqdan ibarətdir”.
Ötən əsrin kitabxana sisteminin artıq müasir dövrlə ayaqlaşmadığını vurğulayan Əbülfəs Qarayev kitabxanaların indiki dövrdə fəaliyyətinin yalnız yeni texnologiya imkanlarından istifadə ilə mümkün olduğunu diqqətə çatdırdı: “Bu gün dünyada sürətli texnoloji yeniləşmə baş verir. Bu inkişaf nəinki illərlə, hətta aylarla, günlərlə ölçülür, proqramlarda təkmilləşmələr aparılır. Bu səbəbdən kitabxana sisteminin öz fəaliyyətini bu reallıqlara adekvat davam etdirməsi yalnız müasir informasiya texnologiyalarının tətbiqi, xidmətin müasir tələblər səviyyəsində qurulması ilə mümkündür. Əks təqdirdə kitabxanalar özləri zamanla sıradan çıxacaqlar. Bu sübuta ehtiyacı olmayan aksiomadır. Bu sahədə çalışan əməkdaşlar da öz işlərinə yanaşma tərzində yeniliklər etməlidirlər. Biz gərək işimizi elə quraq ki, inkişaf etmiş ölkələr sırasında geri qalmayaq, onlarla ayaqlaşa bilək. Bu baxımdan inanıram ki, ALİSA sistemi kitabxanalarımızın dünya kitabxana sisteminə inteqrasiyasına öz dəyərli töhfəsini verəcək”.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov yeni sistemin tətbiqini yüksək qiymətləndirdilər. Bildirildi ki, kitabxana sahəsində müasir texnologiyanın tətbiqi artıq qaçılmazdır. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulandı, görülən işlərin Azərbaycan kitabxanaçılığına böyük səmərə verəcəyi qeyd olundu.
Sonra “Ultra” şirkəti idarə heyətinin üzvü Tahir Mirkişili və şirkətin digər əməkdaşları yeni sistemin özəllikləri ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verdilər, sistemin üstünlüklərindən danışdılar.
Bildirildi ki, sistemin bütün elementləri müasir Oracle platforması üzərində hazırlanıb, istifadəçi üçün asan interfeysə malikdir. Şirkətin əməkdaşları sistemin tətbiqi zamanı kitabxanalarla sıx əməkdaşlıq etdiklərini, dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən yararlandıqlarını diqqətə çatdırdılar, xüsusi kitabxana işi üzrə mütəxəssis komanda ilə çalışdıqlarını vurğuladılar. Qeyd olundu ki, ALİSA ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistem olaraq komplektləşdirmə, kataloqlaşdırma, oxucu bazası, elektron kataloq, idarəetmə, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, müxtəlif hesabatlar, kitab sifarişi, oxucuların qeydiyyatı və digər modullardan ibarətdir. İstifadəçi üçün maksimum asanlaşdırılan sistem daim təkmilləşdiriləcək. Eyni zamanda ALİSA sisteminin tərkib hissəsi kimi xüsusi portalın yaradıldığı, burada ölkənin bütün kitabxanalarının saytlarına birbaşa keçid imkanının olduğu vurğulandı.
Çıxışlardan sonra tədbir iştirakçıları sistemlə əyani tanış oldular, sistem vasitəsilə 50 saniyəyə əldə olunan ilk oxucu bileti - plastik kart mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edildi.
Qeyd edək ki, ALİSA sistemi pilot layihə kimi artıq Bakı şəhərinin Xətai, Nərimanov və Səbail rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində tətbiq olunmağa başlanıb.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar