Bakıda beynəlxalq elmi konfrans keçirilir

Noyabrın 28-də Muzey Mərkəzində “Davamlı inkişaf mədəniyyəti sosial harmoniyanın bünövrəsi kimi: nəzəri və praktiki aspektlər” mövzusunda III Beynəlxalq Elmi Konfrans işə başladı.

Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Dövlət Qulluğu və Kadrların İdarəolunması İnstitutu, Cənubi Rusiya Ali Məktəblər Assosiasiyası və Azərbaycan Turizm İnstitutunun dəstəyi ilə gerçəkləşən tədbir ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Konfransda Azərbaycan, Belarus, Çexiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan alimlər, yazıçılar iştirak edir.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda artıq üçüncü dəfə keçirilən konfransa marağın artdığını bildirdi: “Şadam ki, bu konfransda 12 ölkədən nümayəndələr iştirak edir. Paytaxtımız müxtəlif mədəniyyətlərin dialoq mərkəzinə çevrilib. Bu, ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi deməkdir. Cənab Prezident İlham Əliyevin dəstəyi nəticəsində Bakıda belə konfranslar, forumlar, tədbirlər keçirilir”.
Nazir bildirdi ki, multikulturalizmin inkişafı hər bir ölkənin güclənməsi və inkişafına böyük təsir edə bilər. Bu sahədə Azərbaycan nümunə ola biləcək dövlətlərdəndir: “Mulitkulturalizm Azərbaycanda prioritet siyasət kimi həyata keçirilir. Cəmiyyətin tərəqqisi məhz davamlı inkişaf mədəniyyətinin sosial harmoniyasından asılıdır. Son illər Azərbaycanda bütün sahələrdə müşahidə olunan irəliləyiş məhz davamlı inkişafla bağlıdır. Ölkəmizdə müxtəlif mədəniyyətlərin inkişafına böyük dəstək var, Azərbaycan öz tolerantlığına görə dünya ölkələri sırasında öncül yerlərdən birini tutur. Mən əminəm ki, konfransda səsləndiriləcək çıxışlar dünyada davamlı inkişaf baxımından əməkdaşlığın gücləndirilməsi səylərini artırmağa yardımçı olacaq”.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva mədəniyyətlərarası dialoqun gücləndirilməsinin ümumilikdə dünya üçün əhəmiyyətindən danışdı: “Burada əsas məsələ təkcə mədəni dəyərlərin bir araya gəlməsindən ibarət deyil, həm də davamlı inkişafın gücləndirilməsidir. UNESCO ilə Azərbaycan arasında çox sıx əməkdaşlıq var. Təkcə son iki ay ərzində UNESCO-nun xətti ilə ölkəmizdə 30-a yaxın tədbir keçirilib. Bu işdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi xidmətləri var”.
Konfrans çərçivəsində “Davamlı inkişaf mədəniyyəti: ideyadan reallığa doğru” kitabının təqdim olunduğunu qeyd edən Günay Əfəndiyeva bildirdi ki, nəşrdə davamlı inkişafın mədəniyyətə və cəmiyyətə müsbət təsirləri öz əksini tapıb. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalının davam etdiyini deyən natiq Azərbaycan mədəniyyətinə məxsus tarixi abidələrin düşmən tərəfindən dağıdıldığını, amma multikultiralizm cəhətdən dünyaya örnək ola biləcək ölkəmizin paytaxtında erməni kilsəsinin qorunub saxlandığını konfrans iştirakçılarının diqqətinə çatdırdı: “Mədəni irsə qarşı vandalizm halları ilə, gəlin, birlikdə mübarizə aparaq və dünya xalqları arasında mədəni əlaqələrin gücləndirilməsinə öz töhfəmizi verək”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov inkişafın özünün elə mədəniyyət olduğunu vurğuladı: “Bu inkişaf davamlı olduqda onun sosial harmoniyaya çevrilməsi də güclənir. Son 20 ildə bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanda bu artıq bir elmi araşdırma mövzusuna çevrilib”.
UNESCO üzrə Moldova Respublikası Milli Komitəsinin baş katibi Konstantin Rusnak Azərbaycan xalqının qonaqpərvərliyindən və dünya xalqları arasında əlaqələrin gücləndirilməsində tutduğu mövqeyindən danışdı.
Sonra AMEA-nın akademiki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının direktoru Urxan Ələkbərov, Rusiya Federasiyasının UNESCO üzrə Komissiyasının məsul katibi Qriqori Orconikidze, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru Nizami Məmmədov çıxış etdilər. Çıxışlarda dövlətlərarası münasibətlərin gücləndirilməsi, xalqlar arasında mədəni yaxınlaşmanın dərinləşdirilməsinin vacibliyi vurğulandı. Bu prosesdə Bakının artıq mədəniyyətlərarası dialoqun mərkəzinə çevrildiyi bir daha vurğulandı.
Fasilədən sonra Türkiyədən fəlsəfə və sosiologiya üzrə fəlsəfə doktoru, professor Zuhala Kara, Cənubi Rusiya Assosiasiyası Biznes Təhsilinin qeyri-dövlət müəssisələrindəki mütəxəssislərinin regionlararası assosiasiyasının prezidenti, iqtisad elmləri doktoru, professor İmran Əkbərov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru, professor Vilayət İsmayılov və digər iştirakçılar müxtəlif mövzularda çıxış etdilər.
UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən rus dilində nəşr olunmuş “Sabit inkişaf mədəniyyəti: ideyadan reallığa doğru” kitabının təqdimatı oldu.
Konfrans noyabrın 29-da başa çatacaq.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar