Sessiyanın açılışından sonra ilk iki iclasda müxtəlif hesabatlar müzakirə olundu

Bakıdakı “Marriott Absheron” hotelində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işini davam etdirir.

Dekabrın 2-də günün ikinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçən iclasda mədəniyyət sektorunda UNESCO standartlarının müəyyənləşdirilməsi işlərinə dair Daxili Nəzarət Xidmətinin qiymətləndirməsi və mədəniyyət sektorunda standartların müəyyənləşdirilməsi işinin metodikasının auditi üzrə hesabat müzakirə edildi. UNESCO-nun Daxili Audit Xidmətinin direktoru Bert Keuppens hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Qeyd olundu ki, Daxili Nəzarət Xidməti Qeyri-maddi mədəni irsin müdafiəsi üzrə Konvensiyanın təsirinin qiymətləndirilməsi, həmçinin mədəniyyət sahəsi üzrə UNESCO-nun 6 konvensiyasının işçi metodlarının auditini yekunlaşdırıb. Sənəddə bu hesabatlar və tövsiyələr təqdim olunur. Qiymətləndirmə əslində mədəniyyət sektorunda aparılan işin standartlarını əhatə edən daha böyük fəaliyyətin bir hissəsidir. Bu işin birinci hissəsi konvensiyanın 2013-cü ilin qiymətləndirməsinə əsasən işçi üsullarının auditini əhatə edəcək. Yekun hesabat 2014-cü ilin yazında UNESCO-nun İcraiyyə Şurasına təqdim olunacaq.
“Qiymətləndirmədə əsas diqqət siyasətə və qanunvericiliyə yönəlib. UNESCO BMT-nin aparıcı bir qurumudur və çalışır ki, normativ işin təsirini nümayiş etdirsin. Biz daxili və xarici xidmət orqanları ilə birlikdə bu işi həyata keçirmişik. Quruma üzv dövlətlər və QHT-lər də bu işdə yaxından iştirak edib. Hesabat dövründə 125 nəfərdən çox insandan müsahibə alınıb, müxtəlif araşdırmalar aparılıb”, - deyə Bert Keuppens bildirdi.
Onun sözlərinə görə, konvensiya mühüm beynəlxalq əhəmiyyətli bir alətdir. O yerli və milli prioritetlərə cavab verir, müxtəlif icmaların, qurumların və fərdlərin tələbatlarına uyğundur. Konvensiya kifayət qədər yenidir və akademik dairələr arasında beynəlxalq dialoqun tərifi və mədəni irsin hansı məna daşıması ilə bağlı müzakirələrin mümkünlüyünü göstərir. Sənəd özündə mədəniyyət sahəsini, xüsusən də qeyri-maddi irsi ehtiva edir.
Sonra sənədlə bağlı müzakirələr keçirildi. Braziliya, Çin, Latviya, Mərakeş, İspaniya, Namibiya, Peru, Azərbaycan və digər ölkələrin nümayəndələri çıxış edərək, sənədi yüksək qiymətləndirdiklərini bildirdilər. Çıxışçılar qeyd etdilər ki, sənəd yüksək səviyyədə hazırlanıb, amma bir sıra məqamlara aydınlıq gətirilməlidir. Bildirildi ki, xüsusilə QHT-lərlə bağlı bənddə aydın olmayan məqamlar var.
Sonda çıxışçıların rəy və təklifləri nəzərə alınmaqla sənədin yenidən hazırlanması barədə qərar qəbul edildi.
* * *
Dekabrın 3-də, sessiyanın ikinci iş günü də maraqlı müzakirələrlə yadda qaldı. İş gününün əvvəlində Hökumətlərarası Komitə Bürosunun görüşü keçirildi.
Sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə komitənin iclası başlandı. İclasın birinci hissəsində iştirakçı dövlətlərin dövri hesabatları və Qeyri-Maddi Mədəni İrs Fondundan beynəlxalq yardımın istifadə olunmasına dair hesabatlar dinlənildi. Hesabatlarda iştirakçı dövlətlərin Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın yerinə yetirilməsinə dair fəaliyyətləri və bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısında əks olunan elementlərin hazırkı vəziyyətinin nəzərdən keçirilməsi kimi məsələlər yer alıb.
İclasın sədri bildirdi ki, belə hesabatlar üçüncü ildir ki, komitəyə təqdim edilir. Konvensiyaya üzv dövlətlər sənədin ratifikasiya olunmasından 6 il sonra və sonrakı hər 6 ildə belə hesabatlarını təqdim etməlidirlər. Bu il 10 ölkə öz hesabatını təqdim edib. Ölkələr Konvensiyanın direktivlərinə cavab verə bilmək üçün qəbul olunan qanunvericilik haqqında tənzimləyici və institusional tədbirlər haqqında məlumat verir və qeyd edilən siyahıda həmin elementlərin vəziyyətləri nəzərdən keçirilir.
İclasda məsələ ilə bağlı işçi sənəd bəndlərə uyğun oxunaraq nəzərdən keçirildi və Azərbaycanın da əlavəsi nəzərə alınmaqla komitə üzvlərinin səs çoxluğu ilə qəbul olundu. Sənədin müzakirəsində Belçika və Yaponiya bəndlərdə bəzi dəyişikliklər barədə fikirlərini irəli sürdülər.
Daha sonra gündəlikdə duran ikinci məsələ - UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısına salınmış nümunənin cari vəziyyəti haqqında Braziliyanın hesabatı nəzərdən keçirildi.
Braziliyanın təqdim etdiyi hesabat barədə məlumat verən iclas katibliyi onun üstün və zəif tərəfləri barədə fikirləri üzv ölkələrin nəzərinə çatdırdı. Qeyd edildi ki, Braziliya bu hesabatı 2010-cu ildən irəli sürmüş, bununla bağlı 10 illik müdafiə planı hazırlanmış və hələ də dəqiq bir nəticə əldə edilməmişdir. Hesabatla bağlı etnoqrafik araşdırmalar həyata keçirilməlidir və bu istiqamətdə müəyyən işlər görülməlidir. Braziliyanın təqdim etdiyi sənəddə əsas diqqət mədəni irsdən daha çox ətraf mühitin mühafizəsinə yönəldilmişdir. Hesabatın çatışmayan cəhətləri barədə fikirlər söylənildi. Daha sonra Braziliya nümayəndəliyinin fikirləri dinlənildi, nümayəndə heyəti təqdim edilən hesabatla bağlı real vəziyyəti üzv ölkələrin nəzərinə çatdırdı.
Sonra Qeyri-Maddi Mədəni İrs Fondundan beynəlxalq yardımın istifadə olunmasına dair iştirakçı ölkələrin hesabatı nəzərdən keçirildi. Bildirildi ki, 2008-ci ildən Konvensiyanın 28 iştirakçı dövləti beynəlxalq yardım alıb. Bu yardım 38 layihəni əhatə etməklə 35 milyon avro təşkil edib. Yardım alan dövlətlər sırasında Afrika ölkələri (əsasən Uqanda, Genuya və Mali) üstünlük təşkil edir. İşçi sənəd bəndlərə uyğun olaraq monitor vasitəsilə komitə iclasında iştirak edən nümayəndələr tərəfindən izlənilmiş şərhlər, təklif və əlavələr nəzərə alınaraq qəbul edildi.
Daha sonra Məşvərətçi Qurumun 2013-cü il üçün işinə dair hesabatı nəzərdən keçirildi. Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısına salınmalı 2013-cü il nominasiyalarının qiymətləndirilməsi, ən yaxşı müdafiə təcrübələrin qeydiyyata alınması üzrə təkliflər və 25.000 ABŞ dollarından artıq beynəlxalq yardımlar üçün müraciətlərlə bağlı yaradılan Məşvərətçi Qurum Komitə tərəfindən təyin olunan 6 QHT və 6 müstəqil ekspertdən ibarətdir.
İclas sədri bildirdi ki, Məşvərətçi Qurumun hesabatına işçi metodları üzrə 2013-cü il ərzində təcrübələrin təhlili daxildir. Həmçinin Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısına salınmış nominasiyalarla bağlı bəzi nüanslar üzv ölkələrin nəzərinə çatdırıldı.
Bildirildi ki, nominasiyalar təqdim edilərkən tarixi əhəmiyyət məsələləri ön plana çəkilib. Həmçinin qlobal müdafiəyə ehtiyacı olan nominasiyalarda strateji əhəmiyyət də vacib amillərdən biridir. Müzakirə edilən mövzu ilə bağlı Latviya, Çexiya, Yaponiya və İspaniyanın təklif və mülahizələri dinlənildikdən sonra nominasiyaların nəzərdən keçirilməsi günün ikinci yarısına təyin edildi. Təkliflər zamanı sənədlərin sadələşdirilməsi, nominasiyaları təqdim edən sənədlərin keyfiyyətinin yüksəldilməsi, uğurlu nominasiyaların beynəlxalq yardımla təmin edilməsi və s. barədə fikirlər səsləndi.
Sessiya günün ikinci yarısında nominasiyaların müzakirəsi ilə işini davam etdirdi.

Fəxriyyə Abdullayeva
Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar